Böyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların Vətənə məhəbbət, dövlətə sədaqət ruhunda tərbiyəsi istiqamətində DİN-in Daxili Qoşunları, Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsinə yekun vurulmuşdur. Layihə çərçivəsində təşkil olunan «Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır.
 
  Bu münasibətlə avqustun 15-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının ərazisində təntənəli bağlanış mərasimi keçirilmişdir. Ümumilikdə 250-dən çox yeniyetmənin istirahət etdiyi «Şahinlər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsində hər cür şərait yaradılmış, şagirdlərin gələcəkdə hərbi xidmətə layiqincə hazırlanması  məqsədi ilə hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmişdir. Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən məşğələlərin müvafiq hərbi nizamnamələrə uyğun keçirilməsi  uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan etmişdir. İstirahət müddətində hərbi-səhra məşğələləri təşkil olunaraq şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir.
 
  Həmçinin məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçirilmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, istifadədə olan silah və texnikalarla tanış olmuş, xüsusi təyinatlıların məşqlərinə qatılmışlar.
 
  Düşərgənin ərazisində Ümummilli Lider Heydər Əliyevə, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, eyni zamanda ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə və «Şahinlər» düşərgəsinin 9 illik tarixinə həsr olunmuş fotoşəkillərdən ibarət stendlər  asılmışdır. İki həftə ərzində uşaqların Qubanın mənzərəli yerlərinə, rayonun tarixi guşələrinə, o cümlədən Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunmuşdur.
 
 Bağlanış mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov,  Daxili Qoşunlar Komandanının Maddi-Texniki Təminat üzrə müavini general-mayor Fəxrəddin Səmədov  və digər qonaqlar iştirak etmişlər. Yeniyetmələr qonaqlar qarşısında istirahət dövründə öyrəndikləri müxtəlif hərbi təlimləri nümayiş etdirmişlər.
 
  İdman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların təlim-tərbiyəsində fərqlənmiş dəstə rəhbərlərinə və hərbçilərə qiymətli hədiyyələr təqdim edilmişdir. Mərasimdə Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi orkestri və tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış etmişlər.