Sıravi Sərvər Famil oğlu Abdinov 1974-cü il mart ayının 30-da Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1981-ci ildə Alıbəyli kənd orta məktəbinin birinci sinfinə qədəm qoyan Sərvərin sevincinin həddi-hüdudu yox idi... O da, həmyaşıdları kimi “Ana”, “Vətən” kəlmələrini yazmağı və oxumağı öyrənəndə, bəlkə də heç ağlına gəlməzdi ki, nə vaxtsa Ana Vətəni olan və dünyaya göz açdığı Zəngilan bədnam qonşularımızın hücumuna məruz qalacaq...
Sərvər də digər Vətənin qeyrətli oğulları kimi əlinə silah alıb, doğma elinin müdafiəsinə qalxacaq və... Lakin bütün bunlar xeyli illər sonra, ömrünün 19-cu baharında baş verəcəkdi...

Hələlik isə gələcək arzularla yaşayan balaca Sərvər, yavaş-yavaş böyüyür və dərslərinə xüsusi fikir verirdi. Arzusu yaxşı kommersant olaraq xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq idi...

O, ticarətin özəlliklərini daha dərindən öyrənmək istəyirdi. Bu məqsədlə 1991-ci ildə orta məktəbin onuncu sinfini bitirdikdən sonra sənədlərini Bakıdakı Ticarət Kommersiya məktəbinə verir və qəbul olur. Lakin məktəbi bitirmək qismət olmur Sərvərə...

Bədnam qonşularımızın torpaqlarımıza qarşı getdikcə genişlənən ərazi iddiaları və təcavüz siyasəti Ermənistanla sərhəddə yerləşən Zəngilan üçün də təhlükə yaradırdı. Belə bir mövcud vəziyyət Vətənini canından çox sevən Sərvəri də narahat edirdi.

Dekabrın 10-da Zəngilanda yaranmış ağır vəziyyəti görən S.Abdinov “gələcək arzularının təməl daşı” hesab etdiyi ali məktəbin 2-ci kursundan çıxıb doğma elinə qayıdır. Vətən uğrunda şəhid olmağı “gələcək arzularından” üstün tutur. O, rayon hərbi komissarlığına müraciət edir. Tezliklə onu respublika hərbi komissarlığının çağırış məntəqəsinə göndərirlər. Oradan isə Sərvər Daxili Qoşunlarının Əli Bayramlı (indiki Şirvan) şəhərində yerləşən hissəsinə üç aylıq kursa göndərilir. Təlim müddəti başa çatdıqdan sonra sıravi S.Abdinov, Zəngilana göndəriş alır.
    Sıravi S.Abdinov düşmənə qarşı qətiyyətlə vuruşaraq, canını və qanını doğma Vətənindən əsirgəmir. Zəngilan rayonunun Şayıflı, Canbar, Şərikan, Nəcəflər və digər kəndlərinin müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlarda yaxından iştirak edir.

30 mart 1993-cü il. Sıravi S. Abdinovun son döyüş günü... Həm də məhz bu tarixdə Sərvərin 19 yaşı tamam olacaqdı... O, doğum günündə - 19 il əvvəl dünyaya göz açdığı doğma Zəngilan rayonu uğrunda gedən qanlı döyüşlər zamanı qəhrəmancasına şəhid oldu...

İgid döyüşçünün həyat və döyüş yolundan bəhs edən yazılara rayonun görkəmli ziyalılarından olan Akif Kərimlinin müəllifi olduğu və 1994-cü ildə Bakıda nəşr olunan “Zəngilan şəhidləri” adlı kitabında da rast gəlmək olar. Müəllif qələmə aldığı “Yarımçıq ömür” başlıqlı məqaləsində Sərvərin döyüş yolu barədə maraqlı məlumatlar verir:
“... 90 nəfərdən ibarət döyüşçü qrupu 30 mart 1993-cü ildə, səhər saat 5-də erməni hücumunun qarşısını almaq üçün “Ayı daşı” postu istiqamətində əks hücuma keçirlər. Toplardan, tanklardan, pulemyot və avtomatlardan açılan atəşlər yağış kimi, dolu kimi yağır, dağlar əks-səda verir, sanki yer-göy od tutub yanır, erməni quldurlarına yaxşıca divan tutulurdu. Düşmənin xeyli hərbi sursatı, texnikası məhv edildi, yaraqlıların çoxu Sərvərin gülləsi ilə susduruldu.

Sərvər düşmən postuna lap birinci girmək istəyirdi ki, düşmənin sərrast snayperi onu çox dəqiq, hən də alnından nişan aldı...”. 

Cəsur hərbi qulluqçumuzun şərəfli ömür yolundan bəhs edən daha bir yazıya isə rayonun xanım ziyalılarından olan Rəşidə Zəngilanlının 1995-ci ildə Bakıda nəşr olunan “Zəngilanlı şəhidlər” kitabında rast gəlmək olar. Müəllif “Görən sağalarmı bu dərdim mənim” başlıqlı məqaləsini Sərvərin qısa ömür və qəhrəmanlıqlarla zəngin olan döyüş yoluna həsr edib.  

 Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli fərmanı ilə Daxili Qoşunlarının hərbi qulluqçusu, sıravi Sərvər Abdinov göstərdiyi şücaət və igidliyə görə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif edilib.
Daxili Qoşunların sıralarında xidmət edən hər bir hərbi qulluqçu, şəhidlərimizin qisasının alınacağına inanır və bu gün çox da uzaqda deyil. Artıq Azərbaycanın regionun ən qüdrətli ordusuna malik Silahlı Qüvvələri və müdrik Ali Baş Komandanı var.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri, o cümlədən Daxili Qoşunlar müqəddəs torpaqlarımızı işğaldan azad etməyə və düşmənə layiq olduğu cavabı verməyə hər zaman hazırdır.