Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Daxili Qoşunların hərbi qulluqçusu olmuş şəhid sıravi Samiq Məhəmməd oğlu Qəhrəmanovdur.

Sıravi Samiq Qəhrəmanov 1973-cü il avqustun 31-də qədim tarixə malik olan  Gəncə şəhərində anadan olub. Orta təhsilini boya-başa çatdığı ulu Nizami yurdunda  yerləşən 7 saylı orta məktəbdə alıb.

Məktəbi əla qiymətlərlə başa vuran Samiq, Gəncə maşınqayırma texnikumuna daxil olur. O, təhsil almaqla yanaşı, şəhərdə fəaliyyət göstərən 2 saylı Uşaq-gənclər idman məktəbində güləşlə məşğul olurdu. Onu da qeyd edək ki, Samiq idmanın bu növünü daha çox sevirdi... O, güləş üzrə keçirilən ölkə çempionatında qalib gələrək mükafat almış və idman ustası adını qazanmağa müvəffəq olmuşdur. Kim bilir, bəlkədə Samiqin arzusu daha böyük idi... Avropa, dünya, olimpiya çempionu olmaq... və Azərbaycanın bayrağını ən yüksək zirvələrə qaldırmaq...  
Samiq həm də hərbi komissarlığın nəzdində olan sürücülük məktəbini də bitirmişdi.

1991-ci ildə ordu sıralarına çağırılan sıravi S.Qəhrəmanov, bir qədər sonra Zəngilan rayonunun müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlarda yaxından iştirak edir. Neçə dəfə ağır döyüşlərdən uğurla çıxan Samiq mərdliklə vuruşur, torpaqlarımıza təcavüz edən erməni faşistlərinin başına od yağdırırdı.

1992-ci il avqust ayının 21-də Zəngilan rayonunun Qazançılar kəndi uğrunda gedən qanlı döyüş Samiqin son döyüşü oldu. Bu döyüş zamanı Samiq ermənilərin bir postunu susdurmalı idi. O, yoldaşları ilə  birlikdə qısa bir vaxtda düşmənin iki səngərini aldı. Lakin, üçüncü səngəri götürən zaman isə Samiq ağır yaralanır... Elə bu yaradan da sıravi Samiq Məhəmməd oğlu Qəhrəmanov gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi.
Sıravi S.Qəhrəmanov haqqında ətraflı bilgilər əldə etmək məqsədi ilə internetdə axtarış vermək qərarına gəldim. Budur şəhid hərbi qulluqçumuz haqqında “Azərbaycan” qəzetinin rəsmi internet saytı olan www.azerbaijan-news.az saytında 08.12.2011-ci il tarixdə yazılmış “Şəhidlərə dərin ehtiramla” başlıqlı məqaləyə rast gəlirəm. Məqalənin müəllifi şəhidin anası, Gəncə şəhər sakini Raziyyə Qəhrəmanovadır.

Məqalədə R.Qəhrəmanova şəhid döyüşçünün həyatı və qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs edir:
“Hərbi hissənin komandiri, mayor Vidadi Şükürov (Daxili Qoşunların ilk döyüşə girən hərbi qulluqçularından olub - A.Ə.) oğlumun mərdliklə vuruşaraq yoldaşlarında da yüksək döyüş ruhu yaratdığını mənə ünvanladığı məktubda xüsusi olaraq vurğulamışdı. O, yazırdı ki, qısa bir müddətdə Samiq sübut etdi ki, həqiqətən Azərbaycan xalqının qorxmaz oğludur. Onun bilik və bacarığıdiqqətdən kənarda qalmamış, sıravi olmasına baxmayaraq bölmə komandiri vəzifəsinə təyin edilmişdir”.

Ərazilərimizin suverenliyi uğrunda döyüşən bütün oğullarımızın qəhrəmanlıqlarını, şücaətini bugünki nəslə nümunə olduğunu bildirən şəhid anası “şəhidlərimiz bizim milli qürurumuzdur” deyir.

Ağbirçək ana yazdığı məqalədə həmçinin son zamanlar Şəhidlər Xiyabanında aparılan yenidənqurma və abadlıq işlərini dövlətimizin şəhid övladlarımıza hörmət və dərin ehtiramı kimi qiymətləndirir:
“...Şəhidlər xiyabanına getmişdim. Gördüklərim məni heyran etdi. Çünki əvvəllər heç belə deyildi. Dağınıq, sistemsiz cərgələrin arasında gəzmək olmurdu. Qəbirlər də hərəsi bir cür, zövqsüz, səliqəsiz...
Son vaxtlar şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şəhidlər xiyabanı başdan-başa yenidən qurulur. Bütün məzarlar sıra ilə eyni ölçüdə, eyni formada bərpa olunur. Qara mərmər üzərində hər şəhidin adı, soyadı, olum və ölüm tarixləri ilə yanaşı, şəkli də həkk edilib. Başda da 19 metr hündürlüyündə abidə-kompleksi ucaldılır. Burada 366 şəhid, 44 naməlum əsgər və 5 Milli Qəhrəman uyuyur. Burada mənim balam Samiq Qəhrəmanov da var”.
...İndi səliqə-sahmanlı xiyabana baxanda təskinlik tapıram. Bu hörmət, bu ehtiram hər bir şəhidə, o cümlədən elə mənim oğlum Samiqə də ən böyük abidədir”.

Nə qədər təsirli olsa da, ananın sözündə həqiqət var. Xalqımız və dövlətimiz Vətən, torpaq uğrunda şəhid olmuş övladlarını unutmur, öz dərin ehtiramını həmişə göstərir.

Şəhid S.Qəhrəmanovun həyat və döyüş yolundan bəhs edən yazılara həmçinin Zəngilanın görkəmli ziyalılarından olan Akif Kərimlinin müəllifi olduğu və 1994-cü ildə Bakıda nəşr olunan “Zəngilan şəhidləri” adlı kitabında da rast gəlmək olar. Müəllif qəhrəman döyüşçüyə həsr etdiyi “And içmişdi ki...” başlıqlı məqaləsində şəhid atası Məhəmməd kişinin ona ünvanladığı cavab məktubundan bir parçanı təqdim edir:
“... Oğlum Samiq torpağımız uğrunda şəhid olub. Allahdan bir arzum var ki, Azərbaycanın mərd əsgərləri düşmənləri diz çökdürsün, ailəmlə birlikdə oğlumun qoruduğu Zəngilan torpağına ziyarətə gəlim. Oğlum and içmişdi ki, son damla qanına kimi vuruşacaq. Nə demişdisə, heylə də elədi”.

 Samiq kimi mərd oğullarımız Silahlı Qüvvələrimizin tərkibində bu gün də Vətənimizə şərəflə xidmət edirlər. İnanırıq ki, qüdrətli ordumuz tezliklə düşmən tapdağı altında olan yurdlarımızı, o cümlədən də doğma Zəngilanımızı azad edəcək, soydaşlarımız öz dədə-baba yurdlarına qovuşacaqlar.