Baş leytenant R.Səfərəliyev 1966-cı ildə respublikamızın füsunkar təbiətə malik dilbər guşələrindən biri olan Qusar rayonunun Xuray kəndində anadan olub. Orta təhsilini Qusar şəhər 3 saylı orta məktəbində alan Ruberin hələ uşaq yaşlarından ən böyük arzusu hərbiçi olmaq idi. Buna görə də orta məktəbi qurtardıqdan sonra, sənədlərini indiki Heydər Əliyev adına Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə verib. 1987-ci ildə bu ali hərbi təhsil ocağını bitirən R.Səfərəliyev, “leytenant” rütbəsilə iki il Ukraynanın Lvov şəhərində xidmət edib. Gənc zabitin sonrakı xidmət yeri isə Sovet qoşunlarının o zaman Özbəkistan Respublikasının Əndican şəhərində yerləşən hərbi hissəsi olub.

XX əsrin sonlarında erməni daşnaklarının müqəddəs torpaqlarımıza başlayan məlum təcavüzündən sonra respublikamıza dönən R.Səfərəliyev, Daxili Qoşunların sıralarında baş leytenant rütbəsində, bölük komandiri kimi bir müddət daxili sabitliyin keşiyində dayanıb. Bir qədər sonra isə, Vətən torpaqlarının düşməndən müdəfiəsinə yollanıb. Ruberin öz işini yüksək səviyyədə bilən peşəkar zabit kimi müsbət keyfiyyətləri, onunla bir cəbhədə çiyin-çiyinə xidmət edən silahdaşlarının xatirələrində bu gün də yaşayır.    

Vaxtı ilə igid döyüşçü ilə bir taborda vuruşaraq ağır yaralanmış və o dövrdə baş leytenant kimi digər bölüyün komandiri olmuş polkovnik-leytenant Adil Bədirxanovun (Qusar rayonunun Sudur kəndindəndir - A.Ə.) zabit yoldaşı haqqında ürək ağrısı ilə söylədiyi fikirlərindən də görmək olar: “Hər dəfə baş leytenant Ruber Səfərəliyevlə bağlı xatirələr yada düşəndə, adamın qəlbi sanki yenidən göynəyir... Ruber olduqca vətənpərvər və tabeliyində olan şəxsi heyətə nümunə olmağı bacaran döyüşçü idi. Hər an bölüyünün başında olardı və ilk olaraq döyüşlərə də elə özü atılardı. Sıravi hərbi qulluqçuların qayğısına qalmaq və onların hərbi biliklərinin artırılmasına xüsusi fikir vermək, komandir kimi Ruberdə olan ən müsbət keyfiyyətlərdən biri idi.

O, həmişə deyərdi ki, biz komandirlər əsgərlərimizi taktiki və mənəvi-psixoloji cəhətdən elə hazırlamalıyıq ki, döyüş zamanı düşmən üzərində qələbə çalmaq əzmini itirməsinlər”.

Baş leytenant R.Səfərəliyevin qısa, lakin qəhrəmanlıqlarla zəngin döyüş yolu barədə məlumatlara polkovnik-leytenant Təranə Məmmədovanın 1999-cü ildə Bakıda nəşr olunan “Oğullar verir ki can, yaşasın Azərbaycan” adlı kitabında, həmçinin görkəmli yazıçı-jurnalist Həsən Xasiyevin 1997-ci ildə  “Azərbaycan” nəşriyyatında işıq üzü görən “Qusar şəhidləri” adlı kitabında rast gəlmək olar.

Baş leytenant R.Səfərəliyevin əsil peşəkar hərbiçi keyfiyyətləri, tabeliyində vuruşan şəxsi heyətin komandirinə olan inam hissini artırmaqla yanaşı, onların döyüş ruhunun yüksəklməsinə də öz müsbət təsirini göstərirdi.
Yuxarıda qeyd olunan birinci ədəbiyyatda o zaman sıravi hərbi qulluqçu kimi onunla birgə hərbi əməliyyatlarda yaxından iştirak etmiş Bəxtiyar Əliyevin Ruberin qəhrəmanlığı barədə xatirələrindən bəhs edən “Döyüş itkisiz olmadı” başlıqlı məqaləsində də bunu görmək olar: “... Döyüş gedən kəndlərə tərəf üz tutan maşın karvanımızın önündə R.Səfərəliyevin əyləşdiyi maşın gedirdi. Onun tez-tez təkrar etdiyi “Qorxmayın uşaqlar, sizin kimi igid oğulları olan xalq heç vaxt düşmən qarşısında baş əyməz” sözləri bizə ürək-dirək verirdi.

... Baş leytenant R.Səfərəliyev Əsgəran rayonundakı Naxçıvanik (indiki Naxçıvanlı kəndi - A.Ə.), Aranzəminli kəndlərinin müdafiəsində və kəndlər arasındakı yolun düşmənlərdən təmizlənməsində öz hərbi səriştəsindən bacarıqla istifadə etdi. Nəticədə döyüşçülərimiz məqsədlərinə təlafatsız nail oldular”.  

16 iyun 1992-ci il. Naxçıvanlı yaxınlığındakı Pirtəpə yüksəkliyinin azad edilməsi uğrundakı döyüşlər isə, Ruberin son döyüşü oldu...

Baş leytenant Bəxtiyar Əliyev qeyd olunan məqaləsində şəhid qəhrəmanımızla birgə iştirak etdiyi bu son döyüşü böyük ürək ağrısı ilə xatırlayır: “Naxçıvanlı kəndinə hücum edən ermənilər güclü müqavimətlə rastlaşmışdılar. Gecə kəndin ətrafında yerləşən Pirtəpə adlanan dağa hücum etmək planlaşdırılmışdı. Mühüm strateji əhəmiyyət kəsb edən bu yüksəkliyi azad edə bilsəydik, mövqelərimizi bir qədər möhkəmləndirmiş olacaqdıq. Çətinliklədə olsa, gecə dördün yarısı zirvəyə çatmışdıq. Birdən baş leytenant R.Səfərəliyevin “İrəli, türk oğulları!” əmrini eşitdik. Təxminən bir saatlıq qızğın atışmadan sonra itki vermədən xeyli irəlilədik. Artıq səhər açılsa da atışma davam edirdi. “Quldurların axırı çatıb” – bu sözləri Ruber tez-tez təkrar edirdi. Onunla mənim aramda 7-8 metr məsafə olardı. O, “qurtardı daha” – deyib irəli atıldı. Elə bu vaxt sinəsi namərd gülləsinə tuş gəldi. Cəld iki əsgərlə ona tərəf sürünməyə başladım. Biz ona çatanda dilindən “Azərbaycan uğrunda, Vətən uğrunda, uşaqlar irəliyə” sözlərini eşitdik. Amma artıq gec idi, o, özü irəliyə doğru gedə bilmədi...”.
 
Baş leytenant R.Səfərəliyev bu döyüşdə qəhrəmancasına şəhid oldu. Vətənin igid oğlu R.Səfərəliyev doğma Xuray kənd qəbiristanlığında dəfn edilib.

Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2007-ci il tarixli müvafiq sərəncamı ilə baş leytenant R.Səfərəliyev “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir.
Xuray kənd orta məktəbi hazırda Daxili Qoşunların cəsur döyüşçüsü, şəhid R.Səfərəliyevin adını daşıyır.