Daxili Qoşunların torpaqlarımızın müdafiəsi uğrunda canını qurban verən şəhid  hərbi qulluqçularından biri də sıravi Habil Heydar oğlu Hüseynovdur.

Sıravi Habil Hüseynov 1972-ci il iyunun 1-də İmişli rayonunun Qızılkənd kəndində anadan olub. Vətənpərvər ruhda böyüyüb tərbiyə alan Habil, el-obasını - müqəddəs torpaqlarımızı həmişə canından çox sevərdi. Vətən, yurd sevgisi onun qəlbində ömrünün son anlarına kimi nəyinki azaldı, əksinə daha da yüksəldi. Elə bu yüksəliş də igid döyüşçünü həyatının daha uca zirvəsinə - şəhidlik zirvəsinə ucaltdı.

Sıravi H.Hüseynov 19 avqust 1992-ci ildə İmişli RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Habil Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin əsgəri kimi Ağdam və Ağdərə rayonlarının müdafiəsi uğrunda aparılan döyüşlərdə yaxından iştirak edib. Bu hərbi hissənin cəsur cəngavərləri Vətənimizin hər bir qarış torpağı uğrunda əzmlə vuruşur, erməni faşistlərinə qan uddururdular. Habil də məhz belə oğullardan biri idi. Xarakterində formalaşan möhkəm iradə, dözümlülük və qorxu bilməzlik kimi müsbət amillər təcavüzkar düşmənə qarşı aparılan qanlı döyüşlərdə dəfələrlə özünü biruzə vermişdi.

Beləcə, Vətənin qəhrəman oğlu döyüş meydanlarında daşnakları məyus edir, mənfur planlarını gözlərində qoyurdu...

Lakin Habil nə bilərdi ki, yağı gülləsi bir andaca onun arzularını ürəyində qoyacaqdı...  
14 yanvar 1993-cü il. Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlər Habilin son döyüşü oldu. Vətənini, el-obasını hər şeydən əziz tutan və hər an uğrunda canını qurban verməyə hazır olan sıravi H.Hüseynov bu döyüşlər zamanı qəhrəmancasına şəhid oldu...

İmişli rayonu haqqında məlumatları özündə əks etdirən www.imishli.az saytının “İmişli şəhidləri” bölməsində igid döyüşçünün həyat və döyüş yolu barədə qısa məlumat verilmişdir. Bundan əlavə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının “İMİŞLİ/Şəhidlərimiz” bölməsinin Habillə bağlı hissəsində (http://seferberlik.gov.az/rgminfoall/2827.html - burada şəhidin adı  Qabil kimi yazılıb – A.Ə.) onun Ağdərə rayonunun Orta Güneypəyə kəndinin müdafiəsi zamanı şəhid olduğu göstərilib.  

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibinə verilmişdir. Bu baxımdan Orta Güneypəyə də daxil olmaqla,  Ağdərənin 8 kəndi Ağdam rayonunun inzibati tərkibinə daxil edilmişdir.
Şəhid H.Hüseynovun adının əbədiləşdirilməsi məqsədilə, təhsil aldığı Qızılkənd orta məktəbinə onun adı verilmişdir. Məzarı İmişli şəhərindəki Şəhidlər Xiyabanındadır.