Sıravi Güləhməd Əhməd oğlu Kərimov 1973-cü il iyul ayının 16-da respublikamızın dilbər guşələrindən biri olan Ağsu rayonunun Kələğayılı kəndində dünyaya göz açıb. Əhməd kişinin və Qızlarxanım ananın halal zəhmət və alın təri ilə böyütdüyü dörd övladdan (iki qardaş, iki bacı idilər) biri və eyni zamanda ailənin sonbeşiyi idi Güləhməd.       

1980-cı ildə Güləhməd doğma Kəlağayılı kənd ibtidai orta məktəbin 1-ci sinifinə gedib. 4-cü sinfədək burada oxuduqdan sonra Nəmirli kəndində yerləşən səkkizillik orta məktəbdə təhsilini davam etdirib.  

Hələ uşaq yaşlarından sənətə maraq göstərən Güləhmədin ən böyük arzusu isə “qaynaqçı” peşəsinə yiyələnmək olub. Buna görə də o, 1988-ci ildə 8-ci sinfi başa vurduqdan sonra təhsilini dayandırmağa və həmişə arzusunda olduğu sevimli peşəsinin sirlərini öyrənməyə qərar verib. Beləliklə, G.Kərimov Ağsu rayonunda fəaliyyət göstərən və o zamanlar əhali arasında “Kolxostroy” kimi tanınan tikinti idarəsində qaynaqçı kimi işləməyə başlayıb. Hərbi xidmətə çağırılanadək alın təri ilə qazandığı məvaciblə ailəsinə dayaq olan Güləhməd, eyni zamanda həyətyanı təsərrüfat işlərində çalışmaqla da valideynlərinə göməklik göstərərdi...     

Güləhmədin həmkəndliləri, dostları və yaxınları indi də onu deyib-gülən, işgüzar bir insan kimi xatırlayır, Vətənimizin şəhid övladı ilə fəxr edirlər.

Onunla vaxtı ilə bir məktəbdə təhsil almış həmkəndlisi və yaxın dostu olmuş  Rövşən Nəsibov cəsur döyüşçümüz haqqında danışmağın çətin olduğunu deyir:
“...Güləhməd haqqında danışmaq mənim üçün olduqca həm ağırdır, eyni zamanda şərəflidir. Axı mən onunla təkcə sinif yoldaşı deyil, həm də yaxın dost olmuşam. Bir yerdə böyümüşük. Təbiətən deyib-gülən, zarafatçıl və mehri­ban bir insan idi. O, bir gün dərsə gəlməyəndə, həmin gün hamımız bərk darıxardıq. Güləhmədin yoxluğuna hələ də inana bilmirəm...”.

Məktəb illərində riyaziyyat fənnindən dərs demiş Əlipaşa müəllim isə Güləhməd kimi qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını deyir:
“... Tərbiyəli, mərd və çalışqan şagird idi. Mehriban, təbəssümlü baxışları indi də gözlərimin qarşısındadır. Deyərdim ki, Güləhməd həm müəllimlərin, həm də sinif yoldaşlarının sevimlisi idi. Yaxşı əl qabiliyyəti vardı. Ona görə də sənətə böyük maraq göstərərdi. Güləhməd çox yaxşı sənətkar ola bilərdi. Heyif ki, namərd gülləsi tez ayırdı onu bizdən...

Vətən uğrunda canını qurban verən şəhid övladlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Bu baxımdan da Güləhmədin şərəfli həyat yolu gələcəyimiz olan yeniyetmə və gənclərimiz üçün əsl örnəkdir”.  
Şəhid döyüşçünün qardaşı Nahid Kərimov isə qardaşının yoxluğunu indi də ürək ağrısı ilə qeyd edir:
“... Aradan xeyli müddət keçsə də Güləhmədlə bağlı xatirələr tez-tez yadıma düşür və kövrəlirəm. Heç bilsəydin, o necə oğul idi...

Gənc əsgər olanda bir həftəlik məzuniyyətə gəlmişdi. Ona dedim ki, bəlkə arxa cəbhədə xidmət edəsən. Bu sözüm onun acığına gəldi. Dedi ki, nə danışırsan, qardaş?! Mən mülkidə “stroybatda” çalışmışam, deyirsən indi hərbi xidmətimi də arxa cəbhədə edim? Yox bu mənlik deyil. Mən Vətənə olan borcumu kişi kimi, ön cəbhədə yerinə yetirmək istəyirəm...  

Heç vaxt çətinlikdən qorxmazdı. Ən ağır işlərin öhdəsindən belə məharətlə gələrdi. Kiçik qardaşım olsa da, Güləhməd mənim həm arxam, həm də dayağım idi. Xasiyyətcə deyib-gülən insan idi. Cəbhəyə gedəndə də zarafatından qalmırdı. Hamımızla görüşdü, sonda da anamızı öpüb-qucaqlayaraq; “Məndən nigaran qalma ana, qayıdacağam”- deyərək, bizdən ayrıldı...”.  

G.Kərimov 1991-ci il dekabrın 16-da Ağsu RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən 99713 saylı hərbi hissəsinin sıravi döyüşçüsü kimi yerinə yetirməyə başlayıb. Güləhməd bir müddət burada təlim keçdikdən sonra Zəngilan rayonuna ezam olunub.
Beləliklə, silahdaşımız Zəngilanın erməni daşnaklarının hücumlarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir. Elə Güləhmədin son döyüşü də Zəngilanın Qazançı kəndinin müdafiəsi zamanı oldu...
26 may 1992-ci il. Bu, Güləhmədin müqəddəs torpaqlarımızın azadlığı uğrunda atıldığı son döyüş günü və şəhidlik zirvəsinə yüksəldiyi tarixdir.

...Qazançı kəndi uğrunda qanlı döyüşlər gedirdi. Bu kəndi ələ keçirməyə can atan düşmən hər dəfə döyüşçülərimizin müqavimətinə rast gələrək geri çəkilməyə məcbur olurdu. Sıravi G.Kərimovun xidmət etdiyi bölüyün qarşısına da məhz Qazançı kəndini müdafiə etmək tapşırığı qoyulmuşdu. Qəhrəmancasına vuruşaraq, neçə-neçə erməni cəlladını məhv edən Güləhməd bu döyüşdə düşmən gülləsinə tuş gəldi...
Vətən uğrunda şəhid olan sıravi G.Kərimov 1993-cü il mayın 27-də doğma Kələğayılı kənd qəbiristanlığında dəfn edilib.

Məlumat üçün qeyd edək ki, onun haqqında qısa məlumatlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az), eləcə də Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin internet saytında (http://agsumks.tk) rast gəlmək olar.   

Ağsu rayon Xalq Deputatları Sovetinin 2 avqust 1992-ci il tarixli 98 saylı qərarı ilə Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda, dinc əhalinin təhlükəsizliyinin qorunma­sında, həmçinin torpaqlarımızın erməni quldurlarından təmizlənməsi zamanı döyüşlərdə göstərdiyi şücaətə görə şəhid G.Kərimovun adı əbədiləşdirilərək Gursulu kənd natamam orta məktəbinə verilmişdir. Məktəbdə Vətənin şəhid övladının portreti asılmış və şərəfli həyat yolunu əks etdirən guşə yaradılmışdır.