XX əsrin sonlarında Vətənimizin on minlərlə igid oğlu silaha sarılaraq yenidən fəallaşan daşnak qüvvələrinə qarşı vuruşmuşlar. Onlardan bir çoxu bu yolda şəhidlik zirvəsinə ucalmışdır. Müqəddəs Vətən torpaqları uğrunda canını qurban verən qəhrəman oğullarımızdan biri də Daxili Qoşunların çavuş hərbi qulluqçusu şəhid Faiq Hacıyevdir.     

Çavuş Faiq Qədir oğlu Hacıyev 1973-cü il fevralın 15-də Göyçay rayonunun İnçə kəndində anadan olub. 1981-1988-ci illərdə doğma İnçə kənd məktəbində səkkizillik təhsilini başa vurduqdan sonra sənədlərini Qaraməryəm kəndindəki 179 saylı texniki-peşə məktəbinə verib. Bu təhsil ocağını meyvə-tərəvəz ustası ixtisası üzrə başa vuran Faiq az sonra kolxozda işləməyə başlayır. Əlinin qabarı və alın tərilə qazandığı məvaciblə ailəsinə kömək edən gənc Faiq Vətənimizin ağır keçən məşəqqətli günlərinə biganə qalmayaraq, cəbhəyə getməyə və torpaqlarımızın mübariz keşikçisi olmağa qərar verir. 


Beləliklə, 1992-ci ilin aprelin 13-də Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılan F.Hacıyev Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların sıralarında şərəflə yerinə yetirməyə başlayır. Qoşunların 67987 saylı hərbi hissəsində xidmət edən Faiq tez bir zamanda komandirlərinin və əsgər yoldaşlarının hörmət və etibarını qazanmağı bacarır.
Faiqin döyüşçü dostları onun əsl hərbçiyə xas olan müsbət keyfiyyətlərini bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. Vaxtı ilə şəhid silahdaşımızla bir səngərdə vuruşan və o dövrdə sıravi hərbi qulluqçu kimi xidmət edən baş leytenant Bəxtiyar Əliyev (hazırda “N” saylı hərbi hissənin zabiti - A.Ə.) cəsur döyüşçü ilə bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi:  

“Faiqi çox yaxşı tanıyırdım. Hərbi xidmətə də onunla eyni ildə və eyni ayda çağırılmışam. Faiq xidmətə gəldiyi ilk gündən bizimlə keçirilən məşğələ və təlimlər zamanı öz bacarığı və fəallığı ilə seçilirdi. O, heç bir çətinlikdən qorxmurdu. Daim döyüşmək və düşmən üzərində qələbə çalmaq arzusu ilə yaşayırdı.
1992-ci ilin iyun ayının 12-də alayımız döyüş bölgəsinə, Ağdam rayonuna yola düşdü. Yaxşı yadımdadır, Faiq yol boyu ancaq qarşıda bizi gözləyən çətinliklərdən və taleyimizə yazılmış ağır sınaqlara hazır olmağımızla bağlı ruhlandırıcı söhbətlər aparırdı. Atalar yaxşı deyib, “dost dar gündə tanınar”. Qorxmazlığına, yoldaşlarına qarşı mehriban və səmimi davranışına görə hər kəsin hörmətini qazanmışdı. Döyüşlər zamanı Faiq özünü elə göstərərdi ki, sanki bir neçə ildir ön mövqedə xidmət edir”.

Baş leytenant B.Əliyev onunla birgə iştirak etdiyi döyüşlərdə Faiqin göstərdiyi igidlik və şücaəti isə heç zaman unutmayacağını deyir:  
“Bizi Ağdama gətirdilər. İlk döyüşümüz Naxçıvanik (indiki Naxçıvanlı – A.Ə.) kəndi uğrunda oldu. Çavuş F.Hacıyev Naxçıvanlı, Aranzəmin və Pircamal uğrunda gedən döyüşlərdə şücaətlə vuruşdu. O, eyni zamanda döyüşlər zamanı yüngül yaralanan əsgərlərimizə də köməklik göstərir, onların yenidən sıralarımıza qayıtması üçün əlindən gələni əsirgəmirdi. Yaxşı xatirimdədir, döyüşlərin birində çavuş F.Hacıyev erməni quldurlarının atdığı mərmi nəticəsində yaralandı. Lakin sağalandan sonra yenə döyüş bölgəsinə - sıralarımıza qayıtdı. Bir müddət sonra mən onunla Yeddi Xırman adlanan dağda görüşdüm. Artıq biz yenidən mayor Məhəmməd Hacıyevin rəhbərlik etdiyi taborda xidmətimizi davam etdirirdik.

Taborun şəxsi heyətinin bir hissəsi Ağdərə istiqamətində gedən döyüşlərə kömək məqsədilə Cinli adlanan kəndə toplandı. Tabor komandirimiz bizə hücum əməliyyatı ilə bağlı tapşırıqlarını verirdi. Bu zaman çavuş F.Hacıyev komandirdən ona PK silahının (Kalaşnikov pulemyotu - A.Ə.) verilməsini xahiş etdi. Səbəb kimi isə PK-nın gülləsinin çox olmasını və bu baxımdan düşmənin daha çox canlı qüvvəsini məhv etmək arzusunda olduğunu göstərdi.

Beləliklə, avqust ayının 19-da Canyataq və Gülyataq kəndləri istiqamətində yola düşdük. Faiq həmişə olduğu kimi, yol boyu əsgərlərə ürək-dirək verir, bu döyüşdə mütləq qələbə çalacağımızı qeyd edirdi. Gecə yarı Faiqin də tərkibində olduğu kəşfiyyat qrupu düşmən qüvvələrinin yerləşməsi barədə topladığı məlumatı çatdırdı. Həmin günün səhəri - avqustun 20-i sübh tezdən hücum başlandı. İki gün davam edən döyüşlər nəticəsində hər üç kənd - Canyataq, Gülyataq, Mehmanə və bir neçə yüksəklik Daxili Qoşunların birləşmələri tərəfindən azad edildi. Komandanlıq Ağdərə istiqamətində əldə olunmuş bu uğurlu nailiyyətlərə görə bizi təbrik etdi və onlarla əsgərə mükafat qaydasında 10 günlük məzuniyyət verdi. Məzuniyyətə buraxılan hərbi qulluqçular arasında Faiq də vardı. Mənə verilmiş məzuniyyətin 9-cu günü yoldaşlarımın yanına qayıdanda, onun da vaxtından tez qayıtdığını gördüm. Söhbət zamanı Faiq düşmən üzərində tam qələbə çaldıqdan sonra uzun müddətə məzuniyyətə gedəcəyini bildirərək gülümsədi...”.

Sentyabr 1992-ci il. Fərrux dağı uğrunda qızğın döyüşlər gedirdi. Belə döyüşlərin birində cəsur döyüşçümüz ikinci dəfə yaralanır. Bu dəfə yarası çox ağır idi.

Baş leytenant B.Əliyev onun yaralandığı anı ürək ağrısı ilə qeyd edir:
“Məzuniyyətdən qayıtdıqdan bir neçə gün sonra Fərrux dağı uğrunda gedən şiddətli döyüşlərin birində Faiqin bir neçə yerdən güllə yarası aldığını eşitdim. Sonra iki əsgər yoldaşımız tərəfindən yaralı vəziyyətdə dağdan aşağı endirilərkən onunla rastlaşdım. Mən onu aldığı güllə yaralarının ağrılarına necə dözməsinin və özü-özünə ağrıkəsici iynə vurduğunun şahidi oldum. Qorxunun nə olduğunu bilməyən Faiqin ən ağır vəziyyətdə belə necə böyük iradəyə sahib olduğunu bir daha gördüm.

Onun sağlamlığı barədə imkan olduqca ailəsilə əlaqə saxlayıb maraqlanırdıq. Bir müddətdən sonra onun Göyçay rayonunda əbədiyyətə qovuşduğunu eşitdik...

Faiq kimi igid oğlanların sıralarımızdan getməsi əsgər yoldaşlarına təbii ki, ağır təsir bağışlamaya bilməzdi. Onun qəhrəmanlığı yoldaşları üçün nümunə oldu. Bizə isə yalnız Faiqin qürur və ruh verici sözləri yadigar qaldı...”.  
Bir il müalicə alsa da onun səhhətində irəliləyiş baş vermir. Həkimlərin cəhdinə baxmayaraq, çavuş F.Hacıyevin həyatını xilas etmək mümkün olmur. Faiq 1993-cü il sentyabrın 8-də gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi...

Sıravi F.Hacıyevin həyat və döyüş yolu barədə məlumatlara görkəmli ziyalımız Əkbər Əlioğlunun 1995-ci ildə Bakıda nəşr olunmuş və Göyçay şəhidlərindən bəhs edən “Ruhların səsi” adlı kitabında da rast gəlmək olar.   
Müəllif qeyd olunan kitabında Fərrux dağı ətrafında aparılan döyüşlər zamanı Faiqin dörd güllə yarası aldığını və 1992-ci ilin sentyabrın 19-da Ağdam qospitalına göndərildiyini qeyd edir. Daha sonra müəllif vəziyyəti olduqca ağır olan Faiqin sağalması üçün buradan Bakıya, bir müddət sonra isə Göyçay rayon xəstəxanasına gətirildiyini bildirir:

“... Lakin amansız ölüm burada da həkimlərin səyini puça çıxarır.
Faiq İnçə kəndində dəfn olunmuşdur. Məzarın üstündə ana, bacı və bir də nişanlı qız ağlayır...”.   
Çavuş F.Hacıyevin ömür yolu qısa olsa da, döyüş yolu qəhrəmanlıq nümunələrilə  zəngin olmuşdur. O, yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhf etməklə mənfur niyyətlərini gözlərində qoymuşdur. Faiq kimi şəhid olmuş qəhrəmanlarımızın arzusunda olduğu qələbə günü heç də uzaqda deyil.