Vətənimizin igid oğullarından biri də Daxili Qoşunların sıravi hərbi qulluqçusu, şəhid Əzizağa Mirzəağa oğlu Əsədov idi. Sıravi Əzizağa Əsədov 1973-cü il dekabrın 23-də Qazıməmməd şəhərində (indiki Hacıqabul) dünyaya göz açıb. Hacıqabul şəhərindəki 1 saylı orta məktəbdə təhsil alıb. Əzizağanın təhsil aldığı yeniyetməlik çağı respublikamızın ən ağır, təlatümlü dövrlərinə təsadüf edir.

Əzəli Azərbaycan torpaqları hesabına “Ermənistan Resbublikası” yaradan daşnaklar, soydaşlarımızı dədə-baba yurdlarından qovur, qətliamlar törədir, illərlə topladıqları, əzab-əziyyətlə qurub yaratdıqları ev-eşiklərini, maddi vəsaitlərini mənimsəyirdilər. Bütün bunlar azmış kimi, indi də xaricdəki havadarlarının köməyi ilə Qarabağda və digər sərhədyanı bölgələrdə yaşayan soydaşlarımızı güllə-baran edir, evlərini və təsərrüfatlarını yandırır, girov götürür, terror hadisələri törədirdilər.

Bütün bu kimi “qara” xəbərləri yuxarı sinif şagirdi olan Əzizağa artıq hər gün eşidirdi.  “Ermənilərin vəhşiliyinə görəsən haçan son qoyulacaq?”- kimi sualı öz-özünə tez-tez verərdi. Bu sualın cavabını isə özü də cavablandırardı: “düşmənə layiq olduğu cavabı verməklə!.. təcavüzkar ermənilərin burnunu ovmaqla!”.
Bu fikirlərlə Əzizağa düşməndən qisas alacağı günü səbirsizliklə gözləyirdi...
Orta təhsilini başa vuran Əzizağa indi abıturiyent kimi ali məktəbə yox, çağırışçı kimi hərbi xidmətə getməyə hazırlaşırdı. 1992-ci ildə 18 yaşı tamam olan kimi, Əzizağa Əli-Bayramlı (indiki Şirvan) RHK tərəfindən hərbi xidmətə çağırılır. Beləliklədə o, Daxili Qoşunların sıravi hərbi qulluqçusu kimi Vətən qarşısında olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır.

Nizam-intizamı və bacarığı ilə qısa müddətdə kollektivin hörmətini qazanan Əzizağa, hərbi biliklərə xüsusi maraq göstərərdi. O bilirdi ki, təcavüzkar düşmənə qarşı döyüşlərdə bu biliklər əsgərlərimizə hava və su kimi lazımdır. Ona görə də, təlimlərdə fəal iştirak edirdi.

Bir qədər sonra Əzizağa düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdən birinə ezam olunur. O, fikirlərində heç də yanılmamışdı. Qazandığı hərbi biliklər indi onun işinə yarayırdı. Sərrast atəşi ilə neçə-neçə düşmən əsgərini cəhənnəmə vasil etmişdi. Necə deyərlər, ona rahatlıq verməyən sualların cavabını döyüş meydanlarında praktiki olaraq məharətlə yerinə yetirirdi.

Vətənin qeyrətli oğlunun həyat və döyüş yolundan bəhs edən qısa yazıya Hacıqabul Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin www.haciqabul-mks.az internet saytının “Hacıqabul şəhidləri” bölümündə də rast gəlmək olar. Sayıtda Əzizağanın 1992-ci ildə ordu sıralarına getdiyi və ilk döyüş yolunun Laçın rayonunun müdafiəsindən başladığı qeyd olunub. Həmçinin şəhidin 19 yaşının səngərdə tamam olduğu və onun gizlin dəstəsinin əsasən Təzəkənd postunda keşik çəkdiyi göstərilib.   

28.01.1993-cü il. Əzizağanın ömrünə son gün kimi yazıldı. Həmin günki döyüşdə Əzizağa ağır yaralanaraq, gözlərini əbədi yumdu...
Bəxtinə yazılan ömür payının 19-cu ilində, 20-ci qışında igid döyüşçü hər kəsə nəsib olmayan yüksəlişə - şəhidlik zirvəsinə ucaldı.
Sıravi Ə.Əsədov Hacıqabul şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.