Zaman-zaman Vətənimizin qeyrətli oğulları silaha sarılaraq, yurdumuza göz dikən mənfur düşmənlərə qarşı igidliklə vuruşmuşlar. Müqəddəs torpaqlarımızın müdafiəsinə qalxmış ulu ərənlərimiz, doğma Vətən uğrunda öz həyatlarını qurban verməkdən belə çəkinməmişlər.
Daxili Qoşunların şəhid hərbi qulluqçusu Əsəd Səmədov da əcdadlarımızın qəhrəmanlıq ənənələrini öz canı və qanı bahasına yaşadan qeyrətli Vətən oğullarından biri idi...

Sıravi Əsəd Davud oğlu Səmədov 1972-ci il yanvarın 25-də Şəkinin Baqqal kəndində dünyaya göz açıb. Birinci Biləcik kənd orta məktəbində təhsil alıb. Həmyaşıdları kimi, Əsəd də keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.  
XX əsrin sonlarından başlayaraq, Azərbaycan xalqı yenidən tarixin qanlı-qadalı və keşməkeşli sınağı ilə üz-üzə qalmalı oldu. Xalq yenidən “Böyük Ermənistan” yaratmaq kimi məkirli niyyətlərini gerçəkləşdirməyə can atan mənfur erməni təcavüzünün və vəhşiliyinin şahidi oldu. Qoca, cavan, qadın, uşaq belə bilmədən əliyalın, silahsız azərbaycanlılara qarşı daşnakların törətdikləri vəhşiliklər isə artıq hər bir azərbaycanlı vətəndaşın qaniçən düşmənlərə olan nifrət hissini daha da alovlandırırdı.
Belə özbaşınalıqlara seyrçi mövqedə dayana bilməyən Vətənin minlərlə qeyrətli oğlu könüllü olaraq cəbhəyə getməyə can atırdı. Silaha sarılaraq müqəddəs Vətən torpaqlarını qorumaq, nəyin bahasına olursa olsun, azğınlaşmış düşmənə layiq olduğu cavabı vermək bu oğulların başlıca məqsədi idi. Daxili Qoşunların sıravi hərbi qulluqçusu Əsəd Səmədov da məhz belə qəhrəmanların cərgəsində dayanmışdı...
1992-ci ilin sentyabr ayında Əsəd heç bir çağırış gözləmədən Vətən torpaqlarını müdafiə etmək üçün könüllü olaraq Şəki RHK-ya müraciət edir.

Beləliklə, Ə.Səmədov Daxili Qoşunların Gəncə şəhərində yerləşən 17072 saylı hərbi hissəsində sıravi döyüşçü olaraq xidmətə başlayır.

21998-ci ildə Bakıda “Hüquq ədəbiyyatı” nəşriyyatında çap olunan “Şəki qartalları” adlı kitabda yer alan “Başını uca tut”başlıqlı məqalədə şəhid Ə.Səmədovun yaşadığı şərəfli həyat və döyüş yolu barədə dolğun məlumatlar verilib.

Kitabda Əsədin könüllü olaraq cəbhəyə yollandığı və Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən qanlı döyüşlər zamanı şəhid olması barədə qeydlər öz əksini tapıb.

4 oktyabr 1992-ci il. Ağdərənin hərbi-strateji əhəmiyyət kəsb edən əsas  məntəqələrindən biri də Çıldıran kəndi idi. Hələ 1992-ci ilin yayında daşnaklar tərəfindən işğal edilmiş bu strateji məntəqənin azad edilməsi, Əsədin xidmət etdiyi hissənin qarşısında qoyulmuş mühüm tapşırıqlardan biri idi. Burada mövqelərini möhkəmləndirməyə müvəffəq olmuş qaniçən düşmən, nisbətən aşağıda yerləşən digər yaşayış məntəqələrimizi müntəzəm olaraq müxtəlif çaplı silahlardan atəşə tuturdu.  

...Oktyabrın 4-ü səhər tezdən Çıldıran kəndinin azad edilməsi uğrunda qanlı döyüşlər başladı. Cəsur döyüşçülərimizin qəhrəmanlığı sayəsində düşmən tutduğu mövqelərindən qovuldu. Həmişə olduğu kimi, bu döyüşlər zamanı da Əsəd öz qəhrəmanlığı və şücaəti ilə seçildi. Yoldaşları onun həmin döyüşdəki qorxmazlığını göz yaşları içində xatırlayırdılar. Çünki düşmən gülləsi bu döyüşdə Ə.Səmədovdan yan keçməmişdi. Həmin gün Vətənin Əsəd adlı igid oğlu əbədi ölümsüzlüyə - Şəhidlik zirvəsinə yüksəlmişdi.