Azərbaycan tarixinin şanlı səhifələrindən biri də, Vətənin igid oğullarının  respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu və qəhrəmancasına şəhidlik zirvəsinə yüksələrək gələcək nəsillərə örnək olan əsl həyat hekayələridir. Onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətənpərvərlik borcudur.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da yarandığı gündən hüquq-mühafizə orqanları ilə birgə respublikamızın daxili sabitliyinin mətin keşikçisi olmaqla yanaşı, həm də respublikamızın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda da fəal iştirak edərək, zəngin döyüş yolu keçmişdir. Bu döyüşlər zamanı qoşunların hərbi qulluqçularından 510 nəfər şəhid olmuş, 268 nəfər itkin düşmüş, 1166 nəfər isə yaralanmışdır.   

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Daxili Qoşunların hərbi qulluqçusu olmuş şəhid sıravi Elşad Cəlil oğlu Bayramovdur.

 Sıravi E.Bayramov 1971-ci il aprel ayının 29-da Quba rayonunun Alpan kəndində anadan olmuşdur. O, 1988-ci ildə kənd orta məktəbini bitirmişdir. Hərbi xidmətə çağırılan müddətə qədər Sabir adına sovxozda fəhlə işləyən Elşad, alın təri və zəhmətilə qazandığı məvaciblə ailəsinə də köməklik göstərirdi. 1989-1991-ci illərdə E.Bayramov Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.

XX əsrin sonlarında yenidən fəallaşan qaniçən erməni faşistlərinin torpaqlarımıza məlum təcavüzünü, günahsız soydaşlarımızın vəhşicəsinə qətlə yetirilmələrini və doğma el-obalarını tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmələrini görən Elşad, yerə-göyə sığmır, intiqam alovu ilə alışıb-yanırdı. Düşməni məhv etmək, müqəddəs torpaqlarımızı azad etmək başlıca əqidəsi və amalı idi igid döyüşçünün. Bu amal uğrunda könüllü olaraq ordu sıralarına yazılan E.Bayramov, 1992-ci ilin iyulundan artıq qoşunların o zamanlar “Ağdam polku” adlandırılan “N” saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu idi.

Şərəfli döyüş yolu keçən Elşad, torpaqlarımızın müdafiəsində fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur. O, 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çıldıran  kəndi uğrunda gedən ağır döyüşdə  şəhid olmuşdur.

Vətənin qeyrətli oğlu Elşadın həyat və fəaliyyətindən bəhs edən yazılara rayonun görkəmli ziyalılarından olan Ş.Seyidməmmədovun müəllifi olduğu “Quba şəhidləri” kitabında, eləcə də şəhidin dünyaya göz açdığı Alpan kəndi haqqında geniş məlumatları özündə cəmləşdirən www.alpan.az saytının “Alpan şəhidləri” bölümündə rast gəlmək olar.

Daxili Qoşunların cəsur döyüşçüsü haqqında saytda qeyd olunan təsiredici məqamlardan biri isə Elşadın şəhid olduğu anın, həmçinin vəfatından qabaq etmiş olduğu vəsiyyətin təsvir olunmasıdır.

Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: “Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın  17-də səhər saat 5 radələrində gördük ki, Çıldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir. Elşad onlardan parolu soruşdu, cavab gəlmədi və onlar istiqamətlərini dəyişdilər. Elşad onların erməni kəşfiyyatı olduğunu bilib yerini dəyişdi. Elə bu an qumbara partladı və atəş səsləri gəldi. Mən ona tərəf qaçanda artıq gec idi. O, əli ilə qarnını tutmuşdu. Al qana qərq olmuşdu. Qeyri-ixtiyari qışqırdım: - Sənə nə olub? -Ölürəm...- dedi və gözlərini əbədi yumdu”.

Elşad evli idi. Dünyaya gələcək körpəsini görmədən əbədi yumdu gözlərini. Amma o vəsiyyət edibmiş ki, dünyaya gələcək körpəsi oğlan olsa, adını Elşad qoysunlar. Onun vəsiyyətinə əməl olundu.

Sıravi E.Bayramov, respublikamızın ərazi bütövlüyü uğrunda on igid oğlunu qurban verən Alpan kəndinin ilk şəhididir. Hal-hazırda Alpan kənd orta məktəbi Elşad Bayramovun adını daşıyır. Onun qəbri kəndin “Su Baba” qəbiristanlığındadır.

Bu gün də Silahlı Qüvvələrimizdə, o cümlədən Daxili Qoşunların sıralarında xidmət edən Elşad kimi vətənpərvər, cəsur oğullarımız çoxdur. Yüksək nizam-intizamı və döyüş hazırlıqları ilə nümunəvi xidmətlərini əzmlə davam etdirən belə hərbi qulluqçularımız, hər an Vətənin müdafiəsinə, torpaqlarımızı işğaldan azad etməyə, ən əsası isə şəhidlərimizin intiqamını mənfur düşmənlərimizdən almağa hazırdırlar.