Azərbaycan tarixinin şanlı səhifələrindən biri də, Vətənin igid oğullarının  respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yolu və qəhrəmancasına şəhid olaraq gələcək nəsillərə örnək olan əsl həyat hekayəsidir. Onları tanımaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətənpərvərlik borcudur.
Ulu əcdadlarımızın miras qoyub getdiyi Vətən torpaqlarının hər bir qarışı bizim üçün əziz və müqəddəsdir. Bu torpaqlar ona görə müqəddəsdir ki, tarixin müxtəlif dönəmlərində yadelli işğalçılara qarşı döyüşən cəsur oğul və qızlarımızın qanı bahasına qorunub. Xalqımız minlərlə şəhid verib Vətən yolunda.  

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Daxili Qoşunların hərbi qulluqçusu olmuş şəhid sıravi Allahverdi Vahid oğlu Dadaşovdur.   

Sıravi Allahverdi Dadaşov 1973-cü ildə Qazıməmməd (Hacıqabul) şəhərində dünyaya göz açıb. Orta təhsilini böyüyüb boya-başa çatdığı Hacıqabul şəhərindəki 5 saylı orta məktəbdə alıb. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra, Daxili Qoşunların sıralarında əsgər kimi hərbi xidmətə başlayıb. “Əsgər” adını həmişə yüksək tutan Allahverdini xidməti dövründə yalnız bir məsələ düşündürürdü – Vətəninə layiqli övlad olmaq... O, bu amal uğrunda qanından və hətta canından belə keçməyə hazır idi... və keçdidə...  

Sıravi Allahverdi Dadaşov Ağdərənin Canyataq, Gülyataq, İmarət Qərvənd, Qozluçay kəndlərinin müdafiəsi zamanı və Çaldıran yüksəkliyində gedən döyüşlərdə cəsarətlə vuruşub. Döyüşlərdə son dərəcə cəsur və qorxmaz olan Allahverdi, torpaqlarımıza soxulan neçə-neçə düşməni cəhənnəmə vasil edib.     

1993-cü ilin fevralın 16-da Mehmanə kəndində gedən döyüş Vətənini canından əziz bilən Allahverdinin son döyüşü oldu... Bu döyüşdə dörd güllə yarası alan cəsur əsgərimiz, bir qədər sonra Ağdamdakı hərbi hospitalda gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi...

Belə bir deyim var: “Şəhidlər ölməz, Vətən bölünməz”. “Şəhidlər ölmürlər, haqqa qovuşurlar”. Şəhidlərimizin, o cümlədən sıravi Allahverdi Dadaşovun əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Şəhid A.Dadaşovun adının əbədiləşdirilməsi məqsədi ilə təhsil aldığı Hacıqabul şəhər 5 saylı orta məktəbə onun adı verilmişdir.