Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Daxili Qoşunların cəsur döyüşçülərindən biri də sıravi Aydın Zeynalovdur.Sıravi Aydın Nəbi oğlu Zeynalov 1973-cü ildə Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. Orta təhsilini Sadaxlı kənd orta məktəbində başa vurub. Aydın hələ uşaq yaşlarından sənətə böyük maraq göstərərdi. Bu arzusu ilə də o, 1990-cı ildə Bakıya üz tutmuşdu. Texniki peşə məktəbini bitirib, Bakı İxtisaslaşdırılmış Elektrik Quraşdırma İdarəsində elektrik mantyoru kimi işə də başlamışdı...

1992-ci ilin iyun ayında Aydın Nizami RHK tərəfindən hərbi xidmətə çağırılanda, tərəddüd etmədən doğma Vətəninin əsgəri olmağa hazır olduğunu bildirdi. Tezliklə,  A.Zeynalov Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin əsgəri kimi torpaqlarımızın müdafiəsinə yollandı.

Sıravi A.Zeynalov şərəfli bir döyüş yolu keçmişdir. Bu barədə ailəsinə və müvafiq orqanlara ünvanlanmış rəsmi sənədlərdə də qeyd olunub. Belə ki, 67987 saylı hərbi hissə komandiri (mayor M.Hacıyev) tərəfindən 13.07.1993-cü il tarixdə şəhidin qardaşı Möylə Zeynalova verilmiş arayışda, həmçinin 21.07.1993-cü il tarixdə Nizami Rayon İcra Hakimiyyətinə və Hərbi Komissarlığına  göndərilmiş rəsmi məktublarda sıravi A.Zeynalovun Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrundakı döyüşlərdə fəal iştirak etməsi öz əksini tapıb:

“... sıravi A.Zeynalov 1992-ci ilin iyul ayından respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda Ağdərə və Ağdam rayonları ərazisində döyüş bölgələrində fəal iştirak edirdi. O, 1992-ci ilin iyul ayında Ağdərə rayonunun erməni quldurlarından təmizlənməsində öz rəşadəti və qorxmazlığı ilə fərqlənmişdir. Ağdərə rayonunun Möhrataq, Kasapet kimi yaşayış məntəqələri ətrafında gedən döyüşlərdə əl pulemyotundan məharətlə istifadə edərək, öz silahdaşları arasında dərin hörmət qazanmışdır. 1993-cü ilin yanvar-fevral aylarında Sırxavənd yaşayış məntəqəsi və ona yaxın strateji əhəmiyyətli yüksəkliklərin erməni quldurlarından təmizlənməsində misilsiz cəsurluq göstərmişdir...”.

21 iyun 1993-cü il tarixdə Ağdamın Boy Əhmədli yaşayış məntəqəsi uğrunda gedən döyüşlər isə Aydının son döyüşü oldu... Bu döyüşlər zamanı ağır qəlpə yarası alan sıravi A.Zeynalov, 25 iyun 1993-cü il tarixdə Qaradağlı səhra qospitalında gözlərini əbədi yumdu...

Şəhid Aydın Zeynalov Ana Vətəni olan doğma Borçalı torpağında - Sadaxlı kəndində dəfn olunmuşdur.

Mərhum şair Yetim Mahmud şəhid A.Zeynalovun xatirəsinə şeir həsr edib. Şeirin iki bəndini sizə təqdim edirəm.