Borçalı elinin mərd oğullarından biri də Daxili Qoşunların şəhid döyüşçüsü sıravi Elşad Məcid oğlu Budaqovdur.
Sıravi E.Budaqov da 1973-cü ildə Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1990-cı ildə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün  Bakıya gəlib və Kooperativ Texnikumuna daxil olub. Elşad oxuduğu müddətdə texnikumun yataqxanasına müvəqqəti pasport qeydiyyatına düşüb. 24 iyun 1992-ci il tarixdə isə pasport qeydiyyatının bitməsinə 6 gün qalmış Nərimanov RHK tərəfindən müddətli hərbi qulluqçu kimi Vətənin müdafiəsinə göndərilib.

Elşad istəsəydi, “Gürcüstan vətəndaşı” olduğunu bəhanə gətirib, hərbi xidmətdən boyun qaçıra da bilərdi. Lakin o, Vətəni olan Azərbaycanı canından əziz bildiyi üçün bunu etmədi. Sıravi E.Budaqov Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin cəsur döyüşçüsü kimi müqəddəs torpaqlarımızın keşiyində dayandı...

Elşada məxsus olan sənədləri gözdən keçirir, hərbi xidmətdə olarkən ailəsinə yazmış olduğu məktublarını oxuyuram. Anasına ünvanladığı bu məktublardan onun həqiqətən mərd, cəsur bir döyüşçü olmasını hiss etmək olar. Elşad 1992-ci ilin iyulun 7-də anasına ünvanladığı ilk məktubunda yazır:

“...Allaha min şükür ki, arzuladığınız bir gün də gəlib çatdı. Axır məndə kişilər cərgəsinə qarışıb, hərbi xidmətə gəldim. Mən buna çox sevinirəm. Çünki mən nə topal deyiləm, nə kor deyiləm, nə də şil, əsgərliyə o adam getməz ki, kar-kor-lal olsun. Allaha şükür, mama bunların heç biri məndə yoxdur...”.

E.Budaqov məktublarında əsasən anasına ürək-dirək verməyə çalışır, yastıbaşları (o, erməni daşnaklarını belə adlandırırdı.-A.Ə.) darmadağın etdikdən sonra, qələbə ilə doğma evlərinə qayıdacağını inanmla bildirirdi. Sentyabrın 18-də Elşad anasına ünvanladığı məktubunda bu barədə yazır:

“...Bilirəm ki, mənim üçün darıxırsınız. Şükür Allaha sağ-salamat varam. Müharibə qurtaran kimi evimizə gələcəm. Vətəni qorumaq hamımızın borcudur. Burada mənim kimi minlərlə gənc var. İndi biz Ağdərənin Çıldıran kəndi uğrunda vuruşuruq. Yastıbaş ermənilərə elə bir divan tutacağıq ki, heç vaxt yadlarından çıxmasın”.
Lakin çox təəssüflər olsun ki, bu Elşadın ailəsinə yazdığı sonuncu məktubu oldu...

Şahin Eyvazlının “Səhər” qəzetinin 04.02.1993-cü il tarixli sayında dərc edilmiş “Vətəni çiynində yaşadanlar” və Mahmud Vəlinin “Müxalifət” qəzetinin 31.12.1992-ci il tarixli sayında işıq üzü görən “Qisas qiyamətə qalmaz” başlıqlı məqalələrində şəhid E.Budaqovun həyat və döyüş yolu barədə maraqlı məlumatlar verilmişdir.
25 sentyabr 1992-ci il. Daxili Qoşunların igid əsgəri E.Budaqov Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına şəhid oldu...

Vətənin igid oğlu E.Budaqovun məzarı dünyaya göz açdığı doğma Borçalıda, Kəpənəkçi kəndindədir.