Baş leytenant Yaşar Vahid oğlu Bədəlov 1966-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi doğma kənd məktəbində başa vuran Yaşar, 1983-cü ildə Leninqrad (indiki Sankt-Peterburq – A.Ə.) Ali Hərbi Ümunqoşun Komandirlər Məktəbinə daxil olub. 1987-ci ildə Y.Bədəlov bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vurub.

Torpaqlarımızın erməni faşistləri tərəfindən işğala məruz qaldığı bir dövrdə, o, könüllü olaraq Azərbaycana qayıtmış və yuxarı komandanlıqdan ön cəbhəyə göndərilməsini xahiş etmişdi. Yaşarın döyüş yolu qısa olsa da, lakin qəhrəmanlıqlarla zəngin olmuşdur.

“Yurddaş” qəzetinin 4 noyabr 1992-ci il tarixli sayında yer alan “Ölməli oğul deyildi...” başlıqlı məqalədə şəhid qəhrəmanımızın yaşadığı şərəfli həyat və döyüş yolu, həmçinin vaxtı ilə ona dərs demiş müəlliminin və döyüşçü dostlarının xatirələri dərc edilib. Məqalədə şəhid hərbi qulluqçumuz haqqında ürək ağrısı ilə söylənilən fikirlər, onun əsl vətənpərvər döyüşçü olduğunu bir daha təsdiq edir.

İlham Sultanoğlunun “Əsgər” qəzetinin 15 oktyabr 1993-cü il tarixli sayında Yaşarın şəhid olmasının birinci ildönümünə həsr etdiyi “Bir ölümün acığına” başlıqlı məqaləsində də igid döyüşçünün şərəfli ömür yolu barədə maraqlı məlumatlar öz əksini tapıb. (Məqalə polkovnik-leytenant Təranə Məmmədovanın 1999-cü ildə Bakıda nəşr olunan “Oğullar verir ki can, yaşasın Azərbaycan” adlı kitabında dərc edilib. – A.Ə.).

30 sentyabr 1992-ci il. Bu tarix baş leytenant Y.Bədəlovun qısa və şərəfli ömrünə qızıl hərflərlə yazıldı. Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlər zamanı ağır yaralanan cəsur döyüşçümüz gözlərini əbədi yumdu...
Yaşarın döyüşçü dostu Bahadır İmamverdiyev bu acı tarixi belə xatırlayır:

“... Mən də Yaşarla bir döyüşdə yaralanmışdım. Bizim ikimizi də bir maşına mindirdilər. Mən qışqırdıqca o mənə deyirdi: mərd ol döz, bir azdan qospitala çatarıq. Ancaq mən ağrılara tab gətirə bilmirdim. Qanımın yolboyu kəsilmədiyini görəndə Yaşar özünü unudub mənim yaralı qıçımı yuxarıdan bağladı. Məni ikinci dəfə həyata qaytardı, özü isə...”.    

Baş leytenant Y.Bədəlov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcu və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Vətənin qəhrəman oğlu Y.Bədəlov Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.