
1993-cü ilin noyabr ayının 2-də Azərbaycan Xalqının Ümummilli Lideri cənab Heydər Əliyevin radio və televiziya ilə xalqa tariximüraciəti bütünlükdə Silahlı Qüvvələrin yenidən qurulması və formalaşması yolunda gərəkli bir proqrama çevrildi. Böyük öndərin söz və əməl vəhdəti Daxili Qoşunlarda böyük canlanma və ruh yüksəkliyi yaratdı. Məhz bu zaman Daxili Qoşunların şəxsi heyəti tərəfindən Füzuli istiqamətində aparılan döyüşlər nəticəsində 1994-cü ilin yanvar ayında Horadiz sərhədyanı yaşayış məntəqəsi və 12-dən artıq kəndi işğaldan azad olunmuşdur. Məhz o zaman çoxsaylı ixtisaslı həkimlər könüllü olaraq hərbi hospitala xidmətə qəbul olunmuşdur.
1994-cü ildə edilmiş atəşkəsdən sonra Daxili Qoşunların həyatında 2-ci mərhələ-formalaşma və inkişaf, quruculuq dövrü başladı.
Respublikanın o dövründə Daxili Qoşunların üzərinə böyük məsuliyyət düşürdü. Respublikada daxili sabitliyin, ictimai təhlükəsizliyin, bir sözlə, hər bir vətəndaşın əmin-amanlığını qorumaq qoşunların əsas vəzifələrindən idi. Hərbi hospitalının şəxsi heyəti də bu kimi tədbirlərdən kənarda qalmırdı, demək olar ki, keçirilən bütün əməliyyatlarda qoşunların digər birləşmələri ilə bərabər xidmətə cəlb olunurdu, həkim briqadaları öz vəzifə borclarının öhdəsindən layiqincə gəlirdi.
Bütün bu fəaliyyət, xidmət - dövlətçiliyimizin qorunmasına, qanunun aliliyi prinsipinə və bütövlükdə kriminogen durumun yaxşılaşmasına xidmət etmişdir. Uğurlu əməliyyatlar zamanı dövlət və dövlətçiliyimiz naminə göstərdikləri peşəkarlıq və cəsarətə görə DİN rəhbərliyi və Daxili Qoşunlar Komandanlığı həmişə hərbi qulluqçulara layiqincə qiymət vermiş, onların xidmətlərini yüksək qiymətləndirmişlər. Belə ki, hərbi hissəmizin hərbi qulluqçularından 180 nəfəri “Qüsursuz xidmətlərə görə” müxtəlif dərəcəli medallarla, 158 nəfəri “Yubiley” medalı ilə, 157 nəfəri isə Daxili Qoşunların “20 illik” yubiley döş nişanı ilə təltif edilmişdir.
Son illər Daxili Qoşunların tarixinə quruculuq illəri kimi daxil olmuşdur. Avropa standartlarına uyğun yaşayış binaları, yeməkxanalar, hamam və camaşırxana kompleksləri, digər sosial-məişət obyektləri inşa edilibdir.

- qəbul şöbəsi, terapiya şöbəsi, uro-nefrologiya şöbəsi, cərrahiyyə şöbəsi, dəri-zöhrəvi şöbəsi, ruhi-əsəb xəstəlikləri şöbəsi, funksional-diaqnostika şöbəsi, anesteziologiya və reanimasiya şöbəsi, əməliyyat bloku, əczaxana, infeksiya şöbəsi və reabilitasiya şöbəsi.
Bundan başqa, hospitalda 1993-cü ilin yanvar ayının 11-dən əczaxana da fəaliyyət göstərir ki, burada tələb olunan bütün dərman preparatları mövcuddur.
Bir sözlə, Daxili Qoşunların Hərbi hospitalına müraciət edən bütün hərbi qulluqçular, eləcə də onların ailə üzvləri ilkin klinik müayinə edilir, zərurət olduqda müvafiq şöbələrə yerləşdirilir, təxirəsalınmaz tibbi yardımlar göstərilir. Eyni zamanda xəstələrə ambulator və poliklinik xidmətlər də göstərilir.
Zəngin təcrübəyə malik Hərbi Hospitalın 22 ili tamam oldu
Daxili Qoşunların Hərbi Hospitalının yaranması torpaqlarımızın azadlığı uğrunda erməni təcavüzkarlarına qarşı ağır döyüş əməliyyatlarının aparıldığı bir dövrə təsadüf edir. Nazirlər Kabinetinin 10 yanvar 1993-cü il tarixli müvafiq qərarına əsasən, “Dərin Özüllər” zavoduna məxsus bina hospital üçün nəzərdə tutularaq Daxili Qoşunların balansına verilir. Beləliklə, Qoşunların hospitalı kiçik bir həkim kontingenti ilə fəaliyyətə başlayır.
Bu gün artıq həmin kiçik həkim kontingenti hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlığının keşiyində duran böyük bir tibbi personala çevrilmişdir.
Yeni ilin əvvəli Daxili Qoşunların həyatında daha bir əlamətdar hadisə ilə yadda qaldı. Yanvar ayının 10-da Daxili Qoşunların Hərbi Hospitalı 22 yaşını təntənəli surətdə qeyd etdi.
Mərasimdə Hərbi Hospitalın veteran həkimləri və digər dəvət olunmuş qonaqlar iştirak edirdi. Tədbirin rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Sonra Azərbaycanın Dövlət Himni ifa olundu. Ardınca Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun təbrikini çatdırmaq üçün söz polkovnik-leytenant Rasim Qüdrətova verildi. Təbrikdə Hərbi Hospitalın yarandığı ilk günlərdə ön cəbhədə yüzlərlə yaralı döyüşçülərimizi ölümün pəncəsindən xilas edən tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilmişdir: "...Bu gün də Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi durmuş Hərbi Hospitalın tibb işçiləri vəzifələrinin öhdəsindən məharətlə gələrək, hərbi qulluqçularımızın qısa bir müddətdə keyfiyyətlə müalicə olunmasını təmin edirlər...". Cənab Komandan şəxsi heyətin bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəyinə, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artıracaqlarına əminliyini ifadə etmişdir.
Sonra polkovnik-leytenant Şəmsəddin Heydərov çıxış etdi. O, 1992-1993-cü illərdə - qızğın döyüş əməliyyatlarının getdiyi bir vaxtda yaralıların tez bir zamanda sağlamlıqlarının bərpa olunduğunu və yenidən döyüş meydanlarına qaytarıldığını tibb işçilərinin əzmkarlığı və fədakarlığı kimi dəyərləndirdi. Əlavə etdi ki, o zaman - zəruri tibbi avadanlıqların çatışmadığı bir dövrdə həkim briqadası üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirmişdir. Polkovnik-leytenant Ş.Heydərov bu gün hospitalın ən müasir tibbi aparatlarla, diaqnostika vasitələri ilə təchiz olunduğunu Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Qoşunlara olan xüsusi diqqət və qayğısının nəticəsi kimi tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Polkovnik-leytenant Adil Həsənov və mayor Ceyhun Abuzərov da həmkarları qarşısında çıxış edərək müharibənin fəsadlarından, dövrün çətinliyindən bəhs etdilər. Müharibədə həyatlarının ən şərəfli və məsuliyyətli anlarını yaşadıqlarını qeyd edən çıxışçılar bir daha vurğuladılar ki, Qarabağ savaşında yaralanmış hərbi qulluqçuların sağalması üçün əllərindən gələni əsirgəməmişlər. “Qocaman həkimlər" təkcə iki gün ərzində 534 hərbi qulluqçunu həyata qaytardıqlarını dilə gətirərək, onların çoxunun bu gün də sıralarımızda xidmətlərini davam etdirdiklərini bildirdilər.
İştirakçılar arasında olan veteran Faiq Əliyev də öz xatirələrini bölüşmək üçün tribuna önünə keçdi. Çıxışı zamanı hörmətli akademik Vəli Əliyevin “Tarixi unutmağa heç kəsin ixtiyarı yoxdur” fikrini xatırladaraq, Hərbi Hospitalın keçdiyi şərəfli döyüş yolunu əks etdirən bir stend hazırlanmasını tövsiyə etdi. Bildirdi ki, bu stend gənc həkimlərimiz üçün bir örnək rolunu oynaya bilər.
Tədbirin rəsmi hissəsi polkovnik Elçin Əliyev tərəfindən xidmətdə fərqlənmiş hərbi qulluqçulara mükafatların təqdim edilməsi ilə başa çatdı.
Hərbi Hospitalın 22-ci ildönümü Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrin solistlərinin konsert proqramı ilə davam etdirildi.
Minnətdarlıq
“Əsgər” qəzetinin ünvanına Daxili Qoşunların hərbi hospitalında müayinə və müalicə olunan hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən çoxlu sayda minnətdarlıq məktubları daxil olur.
Bu dəfə isə sol böyrəyin kəskin ağrıları diaqnozu ilə mən özüm hospitala daxil oldum. Müayinə zamanı sol böyrəyimdə kiçik ölçülü daşın olduğu aşkarlandı. Hospitalda polkovnik-leytenant Rüfət Hacıyevin, o cümlədən tibb personalının (kiçik gizir Bahar Həmidova, gizir Aliyə Əliyeva, çavuş Sveta Quluyeva, gizir Səadət Ağayeva, baş çavuş Aidə Əliyeva, baş çavuş Elmira Qasımzadə) böyük zəhməti hesabına qısa müddət ərzində sağalaraq yenidən xidmət yerinə qayıtmağıma nail oldum. Müalicəmin uğurla həyata keçirilməsində əllərindən gələni əsirgəməyən başda hospitalın rəhbərliyi olmaqla bütün Urologiya şöbəsinin tibbi kollektivinə dərin minnətdarlığımı bildirirəm.
“Əsgər” qəzeti.