SON DÖYÜŞÜ DOĞMA YURDU KƏLBƏCƏRİN ASTANASINDA OLDU...


 Bəşəriyyət tarixində müharibələr öz məramına görə fərqlənib. İşğalçı müharibələr həmişə lənətlənib. Hərbi təcavüzə, işğalçılara qarşı aparılan Vətən müharibələri isə hər bir dövrdə dövlət və xalqın şərəf məsələsi sayılıb, ədalətin bərpa olunmasına yönəlib. İstər Birinci Qarabağ müharibəsi, istərsə də Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində Azərbaycan haqlı tərəf olub, xalqımız öz torpaqlarını müdafiə edib, ordumuz ölkəmizin ərazi bütövlüyünün bərpası naminə döyüşüb, ədalətsizliyə son qoymağı əsas məqsəd kimi həyata keçirib. İşğalçı Ermənistan hərb meydanında məğlubiyyətə uğrayaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalayıb. Bu gün qalib dövlət və xalq adını daşıdığımıza görə şəhidlərimizə, habelə qazilərimizə minnətdarıq. Onların qəhrəmanlıq və fədakarlıq nümunələri daim ehtiramla xatırlanaraq iftixarla vurğulanacaq.

Çavuş Abdullayev Həsən Aydın oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 44 gün davam edən Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından biridir. O, 1990-cı ilin oktyabr ayının 15-də Kəlbəcər rayonunun Zivel kəndində doğulub. Aydın Abdullayev və Əfruz Abdullayevanın 3 övladından yaşca böyüyü idi. Gülnar adlı bacısı və İsmayıl adlı qardaşı var. Abdullayevlər ailəsi 1993-cü ilin aprel ayında Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşüb. Həmin vaxt Həsənin heç 3 yaşı tamam olmamışdı. Məcburi köçkün olaraq İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıblar. Sonrakı dövrdə ailə İsmayıllı rayonunda məcburi köçkünlər üçün salınmış Qarabağ qəsəbəsinə köçüb.

Həsənin atasının əmisi və atasının dayısı 1941-1945-ci illərdə faşistlərə qarşı vuruşublar, bugünədək onların taleyi məlum deyil. Birinci Qarabağ müharibəsi zamanı Həsənin bibisi oğlu Nadir Heydərov şəhidlik zirvəsinə ucalıb. Doğma yurddan ayrıldığı uzun illər ərzində bu ailədə həmişə Kəlbəcər haqqında söhbət açılıb, elin geriyə qayıdacağı gün üçün dualar səsləndirilib, eləcə də qurban kəsiləcəyi niyyəti də söylənilib. Kəlbəcərin dağları, meşələri, şəlalələri, bulaqları, sazlı-sözlü obaları haqqında valideynlərinin danışdıqlarına Həsən uşaq yaşlarından maraq və həsrətlə qulaq asıb.

Quşencə kəndində yerləşən şəhid Əhmədağa Babayev adına tam orta məktəbdə 11 il oxuyaraq buranın məzunu olan Həsənin attestatında çağırışaqədərki hazırlıq fənnindən yaxşı qiymət yazılıb. Hələ məktəbli olduğu illərdə hərbi xidmətə hazırlaşıb. Fiziki tərbiyədən isə əla qiymət alıb. Bir müddət idmanın karate növü ilə məşğul olub. Ailədə və məktəbdə etdiyi söhbətlər zamanı o, hərbçi peşəsinə xüsusi rəğbət bəslədiyini, məcburi köçkün olaraq hansısa rahat peşə barədə düşünmədiyini bildirib. Müəllimləri də onun vətənpərvərlik tərbiyəsinə öz layiqli töhfələrini veriblər.

2009-cu ilin aprel ayında Həsən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin Bakı ətrafındakı “N” saylı hərbi hissəsində xidmət keçib, zirehli texnikalar bölüyündə PDM-2 (piyadanın döyüş maşını) üzrə sürücü-mexanik vəzifəsi ona həvalə olunub. 2010-cu ilin oktyabr ayında hərbi xidmətdən tərxis edilib.

Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra dam örtükləri hazırlanan sexdə usta işləyən Həsən ailənin dolanışığına öz köməyini əsirgəməyib, ancaq o, bununla daxilən rahatlıq tapmayıb. Ürəyi Vətən eşqi ilə döyünən, ata-baba yurdunun nisgili ilə yaşayan Həsən həyatını hərbi xidmətə bağlamaq barədə qəti qərarını verib.

Dövlətçiliyimizin təhlükəsizliyinin sütunlarından biri və peşəkar, döyüş təcrübəli hərbi qurum olan Daxili Qoşunlarda xidmət etməyi özünə şərəf bilən Həsənin müraciəti komandanlıq tərəfindən müsbət cavablandırılıb. 2013-cü ilin iyun ayının 4-də Həsən Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində atıcı, xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda sürücü, xüsusi həmlə qrupunda qumbaraatan köməkçisi və atıcı-sanitar vəzifələrində layiqincə xidmət edərək komandanlığın etimadını doğruldub. Göstərilən bölmələrin xüsusiyyətlərindən irəli gələn bilik-ləri dərindən mənimsəyib, təyin olunduğu vəzifələrdə praktiki bacarıqlarını artırıb. Dö-yüş və mənəvi-psixoloji hazırlığında əzmkarlıq göstərib. Təhkim olunan silah və xüsusi vasitələr, avtomobildən məharətlə istifadə edib. Təlimlər və məşğələlər zamanı yüksək nəticələrə nail olub. Hərbi kollektivdə ciddi davranışı ilə seçilib, silahdaşlarının hörmətini qazanıb. Nümunəvi xidmətinə görə komandirləri tərəfindən dəfələrlə mükafatlandırılıb. Hərbi xidməti dövründə əsl döyüşçüyə xas keyfiyyətlərə yiyələnib. Xidməti tapşırıqların icrasına cəlb olunarkən qoşunların nüfuzuna heç vaxt xələl gətirməyib, öz vəzifələrini vicdanla yerinə yetirib.

Ailəsi onun hərbi xidməti ilə qürur duyub, doğmalarının mənəvi dəstəyi Həsəni daha da ruhlandırıb. Qardaşı İsmayılı da Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə həvəsləndirib. İsmayıl 2016-cı ilin noyabr ayından 2021-ci ilin yanvar ayınadək qoşunların Bakı şəhərinin Xətai rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində xidmət keçib.

2020-ci ilin sentyabr ayının 27-də ordumuzun düşmən üzərinə əks-hücumu ilə başlayan Vətən müharibəsində Həsən ön cəbhəyə ilk göndərilən hərbi qulluqçuların arasında olub, doğma yurdu Kəlbəcər istiqamətində vuruşub. Bu, Həsənin həyatının ən başlıca missiyasının gerçəkləşdiyi vacib məqam idi. Xüsusi təyinatlı Murovdağın aşırımları və zirvələrində qısa, lakin şərəfli döyüş yolu keçib. Uşaq ikən didərgin salındığı Zivel kəndinə döyüşçü olaraq qədəm basmağı, orada bayrağımızı ucaltmağı, işğal altındakı torpaqlarımızı azad görməyi arzulayırdı.

Vətən müharibəsi iştirakçısı, Daxili Qoşunların Quba rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Zaur Rəhimov bundan əvvəl Gəncədə yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri olduğu müddətdə Həsən onun tabeliyində xidmət edib. Dəstə komandirinin sözlərinə görə, hərbçiyə aid bütün müsbət xüsusiyyətlər Həsəndə cəmlənmişdi. İntizamlı, yüksək döyüş qabiliyyətli və cəsur xüsusi təyinatlı idi. Xidmət zamanı Ağstafa rayonunda və Gəncə şəhərində ictimai təhlükəsizliyin qorunması üzrə xüsusi əməliyyatlara cəlb olunub. Daxili Qoşunların xüsusi təyinatlı dəstələri arasında yarışlarda iştirak edərək qalib yerlərə sahiblənib.

Polkovnik-leytenant Z.Rəhimov məlumat verdi ki, döyüş sınağında da Həsən qətiyyət və peşəkarlıq nümayiş etdirib. Mürəkkəb relyefə malik Murovdağ silsiləsinin ərazisində mövqelənmiş təcavüzkarın postlarına hücum edərkən Həsən qorxmaz döyüşçü kimi silahdaşlarını ruhlandırıb, avtomat silahı ilə onlarla işğalçının həyatına son qoyub.

Vətən müharibəsi qazisi, ehtiyatda olan baş çavuş Elnur Cəfərov Həsənin dostu və silahdaşı kimi onun haqqında xatirələrini bölüşdü. 2013-cü ildən bir-birilərini tanıdıqlarını deyən Elnur dostunun xeyirxah, sözü və əməli bütöv, qayğıkeş insan, etibarlı silahdaş olduğunu vurğuladı. Hərbi qulluqçu olaraq həmişə özünə tələbkar yanaşıb. Söhbətlərində ailəsinin məcburi köçkünlük həyatının çətinliklərindən, Kəlbəcərsiz yaşamağın iztirabından, müharibə başlayarsa, döyüşə könüllü gedəcəyindən danışıb.

Qazi söylədi ki, Vətən müharibəsində o və Həsən ayrı-ayrı qrupların tərkibində döyüşüblər. Dostunun şəhadətə ucalması barədə 5 gün sonra xəbər tutan Elnur çox sarsılıb. Özü oktyabrın 6-da ağır yaralandığından döyüş yolunu davam etdirə bilməyib.

Gəncədəki “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin istehkamçı yarımqrupunda istehkamçı-radiotelefonçu, Vətən müharibəsi iştirakçısı çavuş Elçin Əhmədağalı Həsənin döyüş yolunun bütün məqamları barədə məlumatlı olan hərbi qulluqçudur. Söylədi ki, onu 2013-cü ilin iyun ayından tanıyıb. Hərbi hissədə eyni bölmədə xidmətə başlayıblar, sonra xüsusi təyinatlılar kursunu bitirərək, dəstəyə keçiriliblər. Elçin qeyd etdi ki, Həsən vətənpərvər, xüsusi təyinatlı məsləyinə sadiq qalan, dözümlü, iradəli, mətin hərbi qulluqçu olub. Silahdaşlarına “Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun yolunu davam etdirmək şərəfdir” – deyib. Bakıya yolu düşəndə mütləq qəhrəmanın məzarını ziyarət edib.

Hərbi qulluqçu məlumat verdi ki, Vətən müharibəsində Həsənin ilk döyüşü Murovdağ ərazisində “Canavar sağ” adlanan yüksəklikdəki mövqenin alınmasında olub. Qarşıya qoyulan döyüş tapşırığını o və silahdaşları mərdliklə yerinə yetiriblər. Baxdığım videolardan birində dağların başından duman çəkilərkən Kəlbəcər rayonuna açılan gözəl mənzərə görünür. Murovdan hə-min mənzərəni görmüş Həsən qeyri-adi sevinc hissini yaşayıb.

Sentyabrın 30-da günortadan sonra “Canavar sağ”dan Çiçəklidağ yüksəkliyinə doğru irəliləyərkən Həsənin yanına düşmənin minaatan mərmisi düşərək partlayıb, nəticədə bir neçə nahiyədən qəlpələrlə ağır yaralanaraq yerindəcə şəhid olub. Həmin anda şəhidin yanında Elçin, bir də Sabir adlı döyüşçü vardı. Oktyabrın 1-də şəhidin nəşi təxliyyə olunub.

3 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə isə çavuş H.Abdullayevin 2020-ci il sentyabrın 28-də Göygöl rayonunun Toğanalı kəndində, hərbi əməliyyat nəticəsində başın açıq yarası səbəbindən şəhid olduğu barədə qeydlər öz əksini tapıb. Bu qeydlər döyüşçülərin verdikləri məlumatlarla uzlaşmır.

Şəhid hərbi qulluqçumuz İsmayıllı rayonunun Quşencə kəndinin qəbiristanlığında dəfn olunub. Mərhumun üzərindəki bayraq və Murovdağdan götürdüyü bir neçə ədəd daş ailəsinə verilib. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla çavuş H.Abdullayev ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsində bu nəslin yeganə şəhidi Həsəndir. O, ailə qurmayıb. Qardaşı İsmayıl DİN-in Baş Mühafizə İdarəsinin Şamaxı Regional Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət edir. Abdullayevlər ailəsinin yaşadığı evdə şəhidin xatirə guşəsi yaradılıb.

“İsmayıllı şəhidləri” və “Memorial. Vətən müharibəsi şəhidləri. 957 qəhrəmanın bioqrafiyası. I cild” kitablarında, həmçinin, “Azərbaycan”, “Polis” və “İsmayıllı xəbərləri” qəzetlərində Həsənin döyüş yolu işıqlandırılıb. Döyüşçü haqqında videoçarxlar hazırlanıb. Quşencə kənd tam orta məktəbində şəhidin adına sinif var. Kənddə onun şəkli əks olunan plakat da quraşdırılıb. Atasının oğlu haqqında yazdığı şeirlərdən birində belə bir bənd var:

Murov, sənə qurban olum,
Oğlum səndə can veribdi.
Torpağını sulamağa
Damarından qan veribdi.

Aydın kişi Həsənin məzarı önündə bu sözləri söyləyib: “Vətən torpağına tökülən qanın Vətənə halal olsun, oğul!”. 

Allah rəhmət eləsin!

Yalçın  Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist