Murovdağ döyüşlərində şəhadətə ucalan igid snayper...
44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızı erməni işğalından azad edən igid oğullarımızın şərəfli döyüş yolunu öyrənmək və cəmiyyətdə geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur. Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmiş cəsur xüsusi təyinatlılarımızdan biri də çavuş Cəbrayıllı İbrahim Raqub oğludur.
Çavuş İbrahim Cəbrayıllı 1999-cu il fevralın 3-də Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Raqub Cəbrayılovun və Mahiyyə Həsənovanın böyüdüb tərbiyə etdiyi üç övladından (İbrahim, Gülnar və Sürəyya) biri, həmçinin, ailənin ilk nübarı və iki bacının tək qardaşı idi. İbrahim orta təhsilini Məhəmməd Füzuli adına Məlikumudlu kənd tam orta məktəbində alıb. Hələ uşaq yaşlarından idmana, xüsusilə də futbola böyük maraq göstərib. Həvəskar oyunçu kimi dəfələrlə rayon birinciliyi üzrə və ayrı-ayrı kənd klubları arasında keçirilən futbol yarışlarında fəal iştirak edib. Bununla yanaşı, təsərrüfat işlərində valideynlərinə hər zaman dəstək olan İbrahim həm də böyüyüb boya-başa çatdığı kəndin sakinləri arasında olduqca zirək, tərbiyəli, yalanı qətiyyən sevməyən, böyük-kiçiyin yerini bilən və hər kəsə hörmətlə yanaşan gənc kimi tanınıb.
Ümumiyyətlə, respublikamızın qədim yaşayış məntəqələrindən biri olan Məlikumudlunun zəhmətkeş sakinləri hər zaman Vətənə və torpağa bağlılıqları ilə sayılıb-seçilən olublar. Kəndin respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş 4 nəfər sakinindən 3 nəfəri Birinci Qarabağ müharibəsi zamanı əbədiyyətə qovuşub. İbrahim isə kəndin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış yeganə sakinidir. Həmçinin, onu da qeyd edək ki, cəsur silahdaşımızın atası Raqub və əmisi Məcid Cəbrayılov Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Füzuli rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər.
İbrahim müddətli həqiqi hərbi xidmətini 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda və Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissələrində keçib. Bu dövrdə qoşunların hacıqabul rayonundakı “N” saylı hərbi hissəsində kiçik komandirlər kursunu bitirərək, “çavuş” hərbi rütbəsinədək yüksəlib. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, baş atıcı vəzifəsində Vətənə olan şərəfli borcunu yerinə yetirməyə davam edib. 2019-cu ilin oktyabr ayından etibarən isə həmin hərbi hissənin “Pələng” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsinin xüsusi həmlə qrupunda snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və hərbi intizamı ilə böyük rəislərin etimadını doğruldub, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsindəki xüsusi təyinatlı dəstənin komandiri olmuş, Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Zaur Rəhimov (hazırda Quba rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri) vaxtilə tabeliyində xidmət etmiş İbrahimin cəsurluğundan qürur hissi ilə danışdı: “Çavuş İbrahim Cəbrayıllı əsl vətənpərvər, cəsur döyüşçü idi. Bütün müsbət insani keyfiyyətlər sanki onda cəmləşmişdi. Xüsusi təyinatlıya xas olan mərdlik, qorxmazlıq, cəsarətlilik və digər amillər elə məhz onun əsas xarakterik xüsusiyyətləri idi. Dəstəmizdə yaşda hər kəsdən kiçik olsa da, nizam-intizamı, təlim-tərbiyəsi, xoş rəftarı ilə kollektiv arasında böyük hörmət və nüfuz qazanmışdı. Xidmətdə bircə dəfə də olsun məzəmmət edilməmişdi. Ona təhkim olunmuş silahın bütün taktiki-texniki xüsusiyyətlərini mükəmməl mənimsəmişdi. Sərrast atıcı, əsl snayper idi. İbrahim mənim, eləcə də onu tanıyan bütün silahdaşlarının xatirələrində məhz bu cür qalıb. Döyüş meydanında cəsur snayper kimi düşmənə gözdağı verməklə, hərbi andına sadiq əsl vətənpərvər xüsusi təyinatlı olduğunu bir daha təsdiq etdi”.
Bəli, Vətən müharibəsinin ilk günündən hərbi əməliyyatlarda fəal iştirak edən çavuş İ.Cəbrayıllının döyüş yolu qısa olsa da, Murovdağ silsiləsinin Kəlbəcər istiqamətində bir sıra strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasında və düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində böyük şücaət göstərib. Lakin döyüşçü yoldaşlarının da qeyd etdikləri kimi, 2020-ci il sentyabrın 29-da cəbhənin bu istiqamətində düşmənin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində sol qolundan və hər iki ayağından ağır yaralanaraq gözlərini əbədi yumub, şəhidlik zirvəsinə yüksəlib.
“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri, Vətən müharibəsi iştirakçısı baş çavuş Yasin Qasımov məlumat verdi ki, müharibənin ilk günündən İbrahimlə birgə döyüş əməliyyatlarında iştirak edib. Onların qrupu Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələri ilə birgə Murovdağ silsiləsi istiqamətindən Kəlbəcər rayonunun Susuzluq kəndi ətrafında bir sıra döyüş tapşırıqlarını yerinə yetirib. Bildirdiyinə görə, dəstənin digər qrupları Murovdağ silsiləsində yerləşən və düşmənin nəzarətində olan “Sağ Canavar” və “Sol Canavar” adlanan iki strateji postu, eləcə də digər hakim yüksəklikləri azad ediblər. Bundan sonra onların qrupu Ömər yüksəkliyinin üzərindən əvvəlcədən asılmış kanatlar vasitəsilə dırmaşaraq, Susuzluq kəndinə doğru hərəkət edib. Qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirən qrupun şəxsi heyətinə sentyabrın 28-i axşam saatlarında geri çəkilmək əmri verilib: “Biz müdafiə olunaraq geri çəkilirdik. Səhəri günü Ömər yüksəkliyinin yaxınlığında düşmən bizi aşkar edərək, şiddətli artilleriya atəşinə tutdu. Bu zaman dəstəmizin cəsur döyüşçülərindən baş çavuş Ruslan Qurbanov və əsgər Elnur Bağırov şəhid oldular, çavuş İ.Cəbrayıllı isə ağır yaralandı. İbrahimin yaralandığı yer tam açıq ərazi olduğu üçün yardım göstərməyə gedən yoldaşlar da atəşə məruz qalırdılar. Lakin buna baxmayaraq, İbrahimi oradan çıxararaq, ona ilk tibbi yardım göstərilsə də, aldığı yaralar çox ağır olduğundan, sentyabrın 29-u günortadan sonra cəsur silahdaşımız şəhadətə yüksəldi”.
“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı, Vətən müharibəsi iştirakçısı çavuş Samir Qarayev qeyd etdi ki, ayrı-ayrı qrupların tərkibində olsalar da, müharibənin ilk günündən İbrahim şəhid olana kimi bir yerdə olublar: “İbrahim çox yaxşı snayper idi, elə öz silahı ilə döyüşə qatılmışdı. Onunla birgə iştirak etdiyim ilk və son döyüş tapşırığımız Murovdağ silsiləsinin Kəlbəcər istiqamətindəki hərbi əməliyyatlar oldu.
Yaxşı yadımdadır, qrupumuz Susuzluq kəndi ətrafındakı mövqelərdə olarkən, Füzuli istiqamətində döyüşlərə qatılacağımızla bağlı yeni tapşırıq aldıq. Biz mövqeləndiyimiz yerlərdən dərhal qalxaraq, Ömər yüksəkliyinə tərəf irəlilədik. Yüküm ağır olduğundan, yorğunluğumu almaq üçün bir anlıq qaya parçası üzərində əyləşməli oldum. Bu vaxt çavuş İ.Cəbrayıllı yanımda əyləşib: “Qardaşım, çox yorulduq. Amma az qalıb. Bir azdan çatarıq yəqin ki...” - dedi. Bir qədər sonra əlini çiynimə qoyub: “Qalx, qardaşım” – deyərək, yerindən sıçrayıb ayaq üstdə qarşımda dayanaraq əlini uzatdı ki, mən də qalxım və birlikdə gedək. Mən də onun əlindən tutub qalxdım və yol boyu sakit səslə söhbət edərək irəliləməyə başladıq. Gəlib ortasından çay axan böyük bir yarğanın arasından keçməli olduq. Bərk susadığımızdan, qrup şəklində burada bir-iki dəqiqə dincəlməli olduq. Su qablarımızı doldurduğumuz zaman İbrahim üzünü mənə tutub: “Qardaş, su içək, enerji yığaq, bu snayper ilə gör neçə erməni məhv edəcəm” - dedi və biz qalxıb yenidən yolumuza davam etdik.
Artıq hava aydınlaşırdı. Səhər sübh çağı idi, biz yorğun olsaq da dayanmırdıq, yolumuza davam edirdik. İbrahimin yanımda deyil, sağ tərəfdə irəlilədiyini gördüm və yanıma çağırdım. İbrahimdən başqa bir neçə döyüşçü də o istiqamətdə irəliləyirdi. Birdən ani anda dumanın çəkilməsi ilə düşmən bizi gördü və artilleriya atəşinə tutdu. İlk atışı aldadıcı edən mənfur düşmənin sonrakı atışları döyüşçülərimizin üzərinə oldu və bir neçə silahdaşımız yaralandı. Demək olar ki, hər birimiz üzərimizə bərkitdiyimiz silahı və digər əmlakları yerə qoyaraq yaralılara köməyə qaçdıq.
Biz yaralıları düşmənin görə bilməyəcəyi böyük bir qaya parçasının yanına gətirdik və təxliyyə maşınlarına təhvil verdikdən sonra digər yaralı və şəhidlərimizi çıxarmaq üçün geriyə qayıtdıq. Həmin an mən üzü yuxarı qalxdığım istiqamətdə döyüşçü yoldaşım çavuş Ümman Baxşəliyev və çavuş Pərvin Şahməmmədovun xərəkdə daşıdıqları yaralıya tərəf getdim. Bu iki yoldaşımdan başqa xüsusi təyinatlı qüvvələrin bir neçə hərbi qulluqçusu da xərəyin sağ və sol tərəfindən tutmuşdu. Xərəyin yanına getmişdim ki, gözlərimə inana bilmədim. Xərəkdəki İbrahim idi. O vaxta kimi onun yaralanmasından belə xəbərim yox idi. İbrahimin yaraları çox ağır idi. İlk tibbi yardım göstərilsə də, bilək və ayaq nahiyələrindən ağır yaralandığına görə çoxlu qan itirməsi onu tamam halsız etmişdi. Mən onlara çatanda xərəyi yavaş-yavaş yerə qoydular. İbrahim asta səslə iki dəfə su istədi. Biz onu elə görməyə alışmamışdıq deyə ağlayırdıq. O zaman İbrahim “ağlamayın, yaxşı olacaq” - deyərək, bir də su istədi. Mən ona dodaqlarını islatsın deyə azacıq su verdim. Sonra İbrahim siqaret istədi. Düzdür, o, siqaret çəkən deyildi. Onu heç zaman siqaret çəkən görməmişdim. Bu zaman xərəyin yanında olan döyüşçülərdən biri siqaret yandıraraq ona verdi. İbrahim dərindən bir tüstü alıb, buraxdı havaya. Sonra dərindən nəfəs aldı və “gedirəm” dedi. İlk olaraq anlamadıq. Bu zaman çavuş Cavad İbadov da bizə çatdı. “Qardaşım, səbirli ol, çıxarırıq səni” – deyə bildirdi. O isə: “Yox, mən gedirəm, mən gördüyümü siz görmürsünüz” – söylədi. Dərindən nəfəs aldı. Başı tərəfdə diz üstə çöküb, əlimi saçlarına toxundurub: “Qardaşım, bir az döz, gedirik” - dedim. İbrahim qısa gülərək “səninlə zarafat etmək çox gözəl idi, qaqa. Amma belə olmalı deyildi” - dedi. Gözləri yaşardı və “bacılarım...” - deyərək gözlərini əbədiyyətə yumdu...”.
Çavuş İ.Cəbrayıllı 2020-ci il oktyabrın 1-də Zərdab rayonunun Məlikumudlu kənd qəbiristanlığında dəfn olunub. Subay idi. Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 1 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə hərbi qulluqçumuzun 2020-ci il sentyabrın 30-da hərbi əməliyyatlar nəticəsində budun açıq yarasından həlak olduğu yazılıb.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla çavuş Cəbrayıllı İbrahim Raqub oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məlumat üçün bildirək ki, “Azad Azərbaycan” televiziya kanalında (ATV) yayımlanan “Bizimləsən” verilişində şəhid hərbi qulluqçumuzun ailə üzvlərinin xatirələri əsasında çavuş İbrahim Cəbrayıllının gənc nəslə nümunə olan həyat və döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.
Bundan əlavə, 2022-ci ildə “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunan “Memorial. Vətən müharibəsi şəhidləri. 957 qəhrəmanın bioqrafiyası. I cild (A-G)” adlı kitabda cəsur silahdaşımız haqqında məlumat dərc olunub. Məlikumudlu kənd sakini, Vətən müharibəsi iştirakçısı Səxavət Məmmədli tərəfindən şəhidimizin xatirəsinə kənddə abidə-bulaq inşa olunub. Ailə üzvlərinin yaşadığı evdə isə xatirə guşəsi düzəldilib.
Məzunu olduğu orta məktəbin 11-ci sinfinə şəhid döyüşçünün adı verilib. Məktəbdə şəhidin xatirəsinə fotostend və guşə hazırlanıb. Sonda onu qeyd edək ki, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan İbrahim kimi igid oğullarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru