Əslən Kəlbəcər rayonundan olan Seymurun ən böyük arzusu doğma yurdunu görmək idi

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının parlaq qələbəsi ilə başa çatdı. Şəhid olmuş və yaralanmış igid oğullarımızın qanı və canı bahasına qazanılan bu qələbə hərb tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Müqəddəs amal uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn vətənpərvər oğullarımızdan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının cəsur hərbi qulluqçusu baş çavuş Həsənli Seymur Qələndər oğludur.

Baş çavuş Seymur Həsənli 1993-cü il noyabrın 9-da Yevlax rayonunun Nurallar kəndində anadan olub. Qələndər Həsənovun və Niyar Həsənovanın böyüdüb tərbiyə etdikləri iki övladdan (Arzu və Seymur) biri, həmçinin, ailənin sonbeşiyi idi.

Seymur erməni vəhşiliyinin soydaşlarımızın həyatına vurduğu ağrı-acını, taleyin amansız hökmünü hələ kiçik yaşlarından hiss etməyə və yaşamağa məcbur olmuşdu. Bunun əsas səbəbi erməni işğalı nəticəsində Həsənovlar ailəsinin, digər soydaşlarımız kimi, yaşadığı ağır məcburi köçkünlük həyatı idi. Əslən Kəlbəcər rayonunun Abdullauşağı kəndindən olan Həsənovlar ailəsi erməni qəsbkarlarının doğma yurdlarını işğal etmələri səbəbindən 1993-cü ilin aprel ayının 2-də Yevlax rayonunun Nurallar kəndinə pənah gətirməli olmuşdur. O zaman ailənin böyük övladı olan Arzunun hələ bir yaşı belə tamam olmamışdı. Seymur Nurallar kəndində doğulmuş və altı yaşınadək burada, ondan bir yaş böyük olan bacısı Arzu ilə birgə min bir əzab-əziyyətlə böyüyüb boya-başa çatmışdır. Burada sosial-məişət şəraitləri yaxşı olmadığından, övladları təhsil almaq yaşına çatanda Həsənovlar ailəsi rayonun Malbinəsi kəndinə köçməli olmuşdu. Bu baxımdan Seymur orta təhsilini Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbində almışdı.

 Məcburi köçkünlük həyatının yaratdığı bir sıra çətinliklər fonunda valideynlərinin acı həsrətlə tez-tez xatırladıqları doğma dədə-baba yurdu olan Abdullauşağı kəndini görmək isə cəsur silahdaşımızın ən böyük arzularından biri idi. Buna görə də işğal altında olan qədim yurd yerlərimiz, o cümlədən, Kəlbəcər rayonunun füsunkar təbiəti barədə ailə üzvlərinin və yaxın qohumlarının xatirələrini həmişə böyük maraqla dinləyir, hər dəfəsində “İnşallah, gedib görərik” - deyirdi. Bu kimi söhbətlər, təbii ki, uşaq yaşlarından vətənpərvər ruhda böyüyüb tərbiyə alan Seymurun həm qəlbini göynədir, həm də düşmənlərimizə olan sonsuz nifrət hissini daha da alovlandırırdı.

Ailəsinin verdiyi məlumata görə, hələ orta məktəbdə oxuyarkən olduqca tərbiyəli, pis vərdişlərdən uzaq, ev-eşiyə bağlı bir uşaq kimi bütün işlərində valideynlərinə dəstək olub. Bununla yanaşı, uşaq yaşlarından hərbçi peşəsinə böyük maraq göstərdiyindən, 2012-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan zaman böyük qürur hissi ilə hərbi xidmətə yola düşüb.

Müddətli həqiqi hərbi xidmətini 2012-ci ilin yanvar ayından 2013-cü ilin iyul ayınadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib.

Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışsa da, hərbçi peşəsinə olan böyük marağı səbəbindən yenidən hərbi xidmətə qayıtmağa qərar verib. Beləliklə, 2014-cü ilin may ayında Daxili Qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinin artilleriya divizionunda heyət rəisi 
 vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Seymur Vətənə olan borcunu ləyaqətlə yerinə yetirməyə başlayıb. 2016-cı ilin aprel ayından etibarən hərbi hissənin xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirən baş çavuş S.Həsənli xüsusi həmlə qrupunda pulemyotçu, 2020-ci ilin may ayından şəhidlik məqamına yüksəldiyi günədək isə Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Şəki şəhərində ayrı yerləşən patrul taborunun xüsusi təyinatlı qrupunda pulemyotçu vəzifəsində xidməti-vəzifə borcunu şərəflə yerinə yetirib.

“N” saylı hərbi hissənin ayrı yerləşən patrul taborunun xüsusi təyinatlı qrupunda yarımqrup komandiri, Vətən müharibəsi iştirakçısı baş çavuş Xəlil İsayev Seymuru əsl vətənpərvər döyüşçü kimi xarakterizə edərək, cəsur silahdaşı ilə hər zaman qürur duyduğunu bildirdi: “Baş çavuş S.Həsənli haqqında yalnız müsbət fikirlər söyləmək olar. Seymuru hələ 2015-ci ildə qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində birgə xidmət etdiyimiz dövrdən tanıyırdım. Tale elə gətirdi ki, 2020-ci ilin may ayından “N” saylı hərbi hissənin Şəkidə ayrı yerləşən patrul taborunun xüsusi təyinatlı qrupunda yenidən onunla birgə xidmət etməli olduq. O zaman olduğu kimi, Seymur bu dəfə də komandiri olduğum yarımqrupda pulemyotçu vəzifəsində xidmət edirdi. Vətən müharibəsi başlayanda isə elə eyni qrupun xüsusi təyinatlısı kimi döyüşlərdə iştirak etdik.

Olduqca nizam-intizamlı və vətənpərvər hərbi qulluqçu idi. Həm bir yoldaş, həm də əsl xüsusi təyinatlıya xas olan müsbət xarakterik xüsusiyyətləri ilə kollektiv arasında hörmət və nüfuz qazanmışdı. Məhz buna görə də xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmışdı.

Tərkibində Seymurun da vuruşduğu qrupumuzun cəsur xüsusi təyinatlıları Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstəriblər”.

5 noyabr 2020-ci il... Şuşa şəhəri ətrafında gedən döyüşlərdən biri Seymurun son döyüşü oldu. Qarşıya qoyulmuş döyüş tapşırıqlarını mərdliklə yerinə yetirən igid silahdaşımız bu döyüşdə də pulemyotçu kimi öz sərrast atəşi ilə ermənilərin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil etdi. Lakin düşmənin atdığı qumbaraatan mərmisinin yaxınlığında partlaması nəticəsində baş çavuş S.Həsənli ağır qəlpə yarası alır. Yoldaşları tərəfindən ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmur. Noyabrın 6-na keçən gecə cəsur döyüşçümüz gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalır.

 Subay idi. Müharibədən bir il öncə nişanlanmışdı. Hətta toy gününü noyabrın 8-nə müəyyənləşdirsə də, amansız müharibənin başlaması səbəbindən ailəsi bu xeyir işi təxirə salmalı olmuşdu. Şəhid anası Niyar xanım qeyd etdi ki, elə məhz noyabrın 8-də Seymurun şəhid olma xəbərini alsalar da, buna qətiyyən inanmayıblar. Çünki Seymur müharibədə iştirak etməsini doğmalarından gizlətmiş, oktyabrın 31-də sonuncu dəfə anası ilə telefonla danışanda belə, ondan nigaran qalmasınlar deyə, Bərdə rayonunda təlimlərdə iştirak etdiyini demişdi...

Vətən müharibəsi iştirakçısı, MAXE əsgər Babək Süleymanov ən yaxın dostu olmuş Seymurla bağlı son məqamları müharibənin ən ağrılı xatirələri kimi heç zaman unutmayacağını dedi: “Olduqca vətənpərvər, dostluqda və yoldaşlıqda çox möhkəm bir insan idi. Vətən müharibəsində iştirak etməsi ilə qürur duyurdu. Əslən Kəlbəcərdən olduğu üçün ən çox bu rayondan danışardı. Tezliklə işğal altında olan doğma yurdlarını azad etdikdən sonra ailə həyatı quracağını deyirdi. Ailə üzvlərindən daha çox bacısı oğlu Amin üçün bərk darıxırdı. Deyirdi ki, kaş müharibə tez bitərdi, gedib onu bağrıma basıb öpərdim.

Biz də qrup şəklində onun toyuna hazırlaşırdıq. Lakin amansız müharibə buna imkan vermədi. Kollektivimiz indiki kimi hər zaman çox mehriban olub. Onu da qeyd edim ki, bizimlə birgə qrupumuzda xidmət edən döyüşçü yoldaşımız çavuş Vüqar Həsənov yeni doğulan övladına şəhid silahdaşımız Seymurun adını verib. Nə deyim? Seymur qardaşımızın timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhid hərbi qulluqçumuz 2020-ci il noyabrın 11-də Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. 18 noyabr 2020-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilən ölüm haqqında şəhadətnamədə igid silahdaşımızın 9 noyabr 2020-ci ildə Şuşada, hərbi əməliyyatlar nəticəsində partlayış və qəlpələrlə zədələnmələr səbəbindən şəhid olduğu yazılıb.

 Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il tarixli və 25 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş Həsənli Seymur Qələndər oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məlumat üçün bildirək ki, Seymurun ailə üzvlərinin xatirələri əsasında “İctimai TV”nin “YouTube” internet portalı vasitəsilə yayımlanan “Şuşa döyüşlərində şəhidlik zirvəsinə yüksələn baş çavuş Seymur Həsənli” adlı süjetdə şəhid hərbi qulluqçumuzun gənc nəslə nümunə olan həyat və döyüş yolu işıqlandırılıb.
Həsənovlar ailəsinin təşəbbüsü ilə Malbinəsi kəndində şəhidin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb.

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Seymur kimi cəsur oğullarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru