Cəbrayıldan Şuşayadək fədakarcasına döyüş yolu keçdi...
Şəhidlərimiz və qazilərimiz Vətən torpağı naminə mərdlik yolunu seçərək döyüşlərdə can verdilər, qan tökdülər. Onların qəhrəmanlıq nümunələri xalqımızın adını ucaltdı, dövlətimizin qalibiyyətinə yol açdı, düşmənə gücümüzü göstərdi, milli ruhumuza yeni nəfəs verdi.
44 günlük Vətən müharibəsində Azərbaycanın igid oğullarının hünər salnaməsinə yeni adlar yazıldı. Tarixləşən bu adlar nəsillər dəyişsə də, heç vaxt unudulmayacaqlar.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularından biri də baş çavuş Babayev Orxan Sədail oğludur. O, 1994-cü il dekabrın 24-də Astara rayonunun Kijəbə qəsəbəsi ərazi dairəsinə daxil olan Lovayın kəndində doğulub. Sədail Babayev və Mayisə Babayevanın böyüdərək yetişdirdikləri dörd oğuldan biri, ailənin üçüncü övladı idi. Orxan mənəvi dəyərlərimizə bağlı və zəhmətkeş olan valideynlərindən, eləcə də müəllimlərindən layiqli tərbiyə alıb. Qardaşları İlkin, Elvin və Qismət müxtəlif sahələrdə çalışırlar. Kiçik qardaşı Qismət polis əməkdaşıdır.
Qeyd edim ki, Orxanın babası Abdulla Qənbərov II Dünya müharibəsində faşistlərə qarşı döyüşərək yaralanıb. Müharibədən sağ qayıdıb, ömrünün sonunadək ayağında mərmi qəlpələri qalıb. Əfqanıstan və Birinci Qarabağ müharibələrində də Orxanın bəzi qohumları iştirak ediblər, hazırda veterandırlar.
Lovayın kəndində Aslan Hidayətov adına tam orta məktəb mövcuddur. Şəhid hərbi qulluqçumuz bu məktəbin məzunudur. Attestatında “əla” qiymət yazılan fənlərdən biri də çağırışaqədərki hazırlıqdır. Orta məktəb illərində bu fənnə və idmana maraq göstərib.
Ailəsinin bildirdiyinə görə, Orxan xasiyyətcə sakit, təvazökar, təmkinli, böyük-kiçik yerini bilən və dost-tanış arasında hörmət qazanan gənc olub. Orta məktəbdən sonra ailəsinə ev təsərrüfatı işlərində köməyini əsirgəməyib.
2013-cü ilin yanvar ayında Orxan müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda və Gəncə şəhərində yerləşən hərbi hissələrində hərbi xidmət keçərək dövlətimiz qarşısında öz borcunu vicdanla yerinə yetirib. Müddətli həqiqi hərbi xidməti dövründə kiçik komandirlər kursunu bitirib, “çavuş” hərbi rütbəsinədək yüksəlib. Özünün müraciəti əsasında 2014-cü ilin iyul ayının 11-dən etibarən Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə keçirilib. Hacıqabul rayonundakı “N” saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində xüsusi vasitələrin tətbiqi bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunda baş atıcı vəzifəsinə təyin edilib. Sonra bu hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan və atıcı-qumbaraatan vəzifələrində xidmətini davam etdirərək, öz nizam-intizamı, icraçılığı, fəaliyyətində əzmkarlığı, döyüş hazırlığında yaxşı nəticələri ilə komandanlığın etimadını doğruldub. Dəfələrlə mükafatlandırılıb. Hərbi kollektivdə yoldaşları ona hörmətlə yanaşıblar. Xüsusi təyinatlıların sıralarında olmaqdan qürur duyub.
2020-ci ilin sentyabr ayının 27-də ordumuzun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Orxan və silahdaşları üçün şərəfli döyüş sınağına çevrilib. Xüsusi təyinatlı olaraq onlar öz peşəkarlıqları ilə düşmənlə müharibəyə hazır idilər.
Hacıqabulda fəaliyyət göstərən “N” saylı hərbi hissədə “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Anar Rizvanov məlumat verdi ki, dəstənin şəxsi heyəti müharibə başladıqda həyəcan siqnalı ilə qaldırılaraq öncə qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinə ezam olunub. Burada bir müddət ehtiyat qüvvə qismində qalaraq döyüşlərə hazırlıq görüblər. Oktyabrın 16-da onları Cəbrayıl rayonuna göndəriblər. İşğaldan azad edilən Cəbrayıl şəhəri və ətraf kəndlərin müdafiəsində, bu istiqamətdə hərbi obyektlərin düşmənin diversiya-kəşfiyyat qruplarının təxribatlarından mühafizəsində dayanıblar. Komandirin sözlərinə görə, Orxan ön cəbhədə olduğu ilk gündən yüksək döyüş və mənəvi-psixoloji hazırlığı ilə fərqlənib. Heç bir çətin və təhlükəli tapşırıq onu qorxutmayıb. Polkovnik-leytenant A.Rizvanov bildirdi ki, oktyabrın 29-da Füzuli rayonu istiqamətindəki mövqelərdə cəmləşdiriliblər. Oktyabrın 31-də isə buradan Xocavənd rayonunun Hadrut qəsəbəsinə gəliblər. Hadrutdan qruplarla Xocavənd və Xocalı rayonlarının ərazilərindən keçməklə Şuşa istiqamətində hərəkət ediblər. Bu zaman düşmənin müxtəlif çaplı silahlardan atəşinə məruz qalıblar. Noyabrın 2-də Şuşa şəhərinin ətrafına çatıblar. Bir neçə gün ərzində şəhərin ətrafında şiddətli döyüşlər gedib. Həmin döyüşlər zamanı Orxan istifadə etdiyi silahlarla təcavüzkarın texnika və canlı qüvvəsinə ciddi atəş zərbələri endirib. Düşmən Şuşa ətrafındakı mühüm mövqelərini itirdikdən sonra noyabrın 4-dən şəhər uğrunda həlledici döyüşlər başlayıb.
Bərdədəki “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri, Vətən müharibəsi iştirakçısı kapitan Ramin Rəhimov diqqətə çatdırdı ki, Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edərkən Orxan onun tabeliyində olub. Savadlı, funksional vəzifələrinə məsuliyyətlə yanaşan, verilən tapşırıqları vaxtında icra edən hərbi qulluqçu olduğunu vurğuladı. Şəhid olmasaydı, 2020-ci ildə zoğalı beret daşıma hüququ qazanmaq uğrunda yarışa qatılacaqdı.
Zabitin sözlərinə görə, Vətən müharibəsində iştirak edən hər bir hərbi qulluqçunun əsas amalı nəyin bahasına olursa-olsun, torpaqlarımızın işğalına son qoymaq idi. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti ilə birgə hərbi qulluqçularımız bu məqsəd naminə müharibənin bütün əzab-əziyyətlərinə dözüblər, fədakarlıq göstəriblər. Komandir rəhbərlik etdiyi qrupun tərkibində vuruşmuş Orxana güvəndiyini, onun güllə və mərmi atəşi altında qətiyyətini gördüyünü dedi. Kapitan R.Rəhimov məlumat verdi ki, Orxanın son döyüşü Şuşanın təxminən 400-500 metr yaxınlığındakı mövqedə olub. Həmin yer qala divarları istiqamətindədir.
Hacıqabuldakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı-istehkamçı çavuş İlkin Rəhmanlı döyüşçü yoldaşı olmuş Orxan barədə maraqlı xatirələrini danışdı. Onunla eyni qrupda xidmət etdiklərini, etibarlı yoldaş, hər cəhətdən nümunəvi hərbçi olduğunu söylədi. Bildirdi ki, Orxan dünyagörüşünə görə inanclı insan idi. İlkinin dediyinə görə, Cəbrayıl rayonundan Şuşayadək davam edən döyüş yolunda Orxan silahdaşlarına bacardığı köməyi edib, cəsarətlə düşmənin üzərinə irəliləyib. Şəhid və yaralıları gördükdə çox sarsılıb, ancaq intiqam hissi daha da alovlanıb. O, üzərində həm qumbaraatan, həm də avtomat daşıyıb. Laçın dəhlizi istiqamətində döyüş zamanı avtomatdan sərrast atəşlə bir neçə nəfər erməni hərbçisini məhv edib. Şuşaya yaxınlaşmaları hamı kimi Orxanı da sevindirib, döyüş əhval-ruhiyyəsini daha da artırıb. Növbəti döyüş tapşırığı verilib. Belə ki, Xankəndidən Şuşaya gələn yolu bağlamaq, bu istiqamətdə işğalçıların hücumlarının qarşısını almaq üçün saatlarla vuruşublar. Burada Orxan və silahdaşları təcavüzkarı xeyli itkiyə məruz qoyublar. Pənahəli xanın qalasına doğru hündür əraziyə qalxaraq öz mövqelərini möhkəmləndiriblər.
Noyabrın 7-də günorta vaxtı erməni hərbi bölmələri müxtəlif növ artilleriya və zirehli texnikalardan Şuşa ətrafındakı mövqelərimizi davamlı atəşə tutublar. Minaatan mərmisinin partlayışı nəticəsində qəlpələr Orxanı ağır yaralayıb. Həmin anda qrup komandiri döyüşçüyə ilk özünü yetirib, ancaq o, nəfəs almırdı, şəhid olmuşdu. Şəhidin nəşi noyabrın 9-da döyüş zonasından çıxarılıb.
Vətən müharibəsi qazisi, ehtiyatda olan çavuş Fəxri Əliyev də çətin sınaqların sarsıntısını yaşayıb. Şuşa uğrunda döyüşdə yaralanıb, əlillik dərəcəsi var. Qazi müharibədə ən ağır anların döyüşçü yoldaşlarının ölümü olduğunu dedi. Fəxrinin Orxanla bağlı danışdığı xatirələrində bir epizod çox təsirlidir: “Bir bulaq vardı, oradan su içdik, Orxanla söhbətimiz oldu. Mənə dedi ki, əl-üzünü yu, təmiz olsun. Onsuz da yenə üst-başımızı toz-torpağın batıracağını söylədim. Cavab verdi ki, yox, şəhid olacağıq! O, döyüş bölgəsinə gəldiyi gündən özünə şəhidliyi arzulayırdı. Orxana bildirdim ki, qismətimizdirsə şəhid olacağıq, ancaq öncə döyüş tapşırığımızı yerinə yetirməyi düşünməliyik”.
Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilən 11.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə Orxanın 09.11.2020-ci il tarixdə Şuşada hərbi əməliyyat nəticəsində baş-beynin diffuz travması, qəlpələrlə zədələnmələr səbəbindən şəhid olduğu barədə qeydlər öz əksini tapıb. Şəhid hərbi qulluqçumuz Astara rayonunun Ojəkəran kəndinin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş O.Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Lovayın kəndində Babayevlər ailəsinin öz təşəbbüsü ilə şəhidin xatirəsinə abidə-bulaq kompleksi yaradılıb. Evdə xatirə guşəsi düzəldilib.
Kəmalə Abiyevanın müəllifi olduğu, Astara rayonunda doğulmuş Vətən müharibəsi şəhidlərindən bəhs edən “41” adlı esselər toplusunda Orxan haqqında məqalə verilib. “Xəzər” televiziya kanalı şəhid haqqında süjet hazırlayıb. Vətən müharibəsində Lovayın kəndinin yeganə şəhidi Orxandır. Birinci Qarabağ müharibəsində də kəndin bir nəfər şəhidi olub.
Ailəsinin verdiyi məlumata görə, Orxanın xalası oğlu Zəlimxan Rzayev Vətən müharibəsinin iştirakçısıdır. 2020-ci ilin oktyabr ayının 31-də Orxan sonuncu dəfə zəng edərək qardaşı ilə danışıb. Doğmaları soruşub, valideynlərdən muğayat olmağı xahiş edib. Valideynləri onun ön cəbhədə döyüşdüyünü bilməyiblər. Orxanın şəhid olduğu xəbəri ailəsinə noyabrın 10-da çatdırılıb, noyabrın 11-də isə cənazəsi gətirilib.
Bu gün Şuşada üçrəngli bayrağımız dalğalanır, azan, muğam səsi eşidilir, qədim şəhərimiz dirçəlir, şuşalılar daha məcburi köçkün deyillər. Bunu gerçəyə çevirən Orxan kimi qeyrətli oğulları xalqımız daim ehtiramla xatırlayacaqdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist