Son nəfəsinədək cəsur döyüşçü kimi vuruşdu...

 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsilə başa çatdı. Şəhid olmuş və yaralanmış igid oğullarımızın qanı və canı bahasına torpaqlarımızı işğaldan azad etdik. Qazandığımız bu qələbə hərb tariximizin şanlı səhifəsi olaraq əbədi qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.

Vətən uğrunda canını fəda edən qəhrəman oğullarımızdan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının cəsur hərbi qulluqçusu baş çavuş Sadıqov Ruslan Amiraslan oğludur.

Baş çavuş Ruslan Sadıqov 1987-ci il dekabrın 31-də Şəki rayonunun Təpəcənnət kəndində anadan olub. Amiraslan Sadıqovun və Qaragöz Abdullayevanın böyüdüb tərbiyə etdikləri iki övladdan (Ruslan və İlahə) biri, həmçinin, ailənin ilk nübarı idi...

Ruslan doğulduğu Təpəcənnət kənd orta məktəbində birinci sinfi oxuyub. Ailəsinin sonradan Cəfərabad kəndinə köçməsi səbəbilə təhsilini doqquzuncu sinfədək buradakı tam orta məktəbdə, qalan hissəsini isə Şəki şəhərindəki 5 saylı tam orta məktəbdə davam etdirib. Hələ orta məktəbin beşinci və altıncı siniflərində oxuyarkən idmanın karate növü ilə məşğul olan Ruslan yarışlarda qazandığı uğurlarına görə müx-təlif dərəcəli medallarla təltif edilib. Onun ən böyük arzusu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi adını qazanmaq olsa da, qəbul oluna bilməyib. İmtahanın nəticələrinə uyğun digər ali təhsil məktəblərində oxumaq şansı olsa da, Ruslan bunların heç birini qəbul etməyərək, hərbi xidmətə getməyə qərar verib.

Müddətli həqiqi hərbi xidmətini 2006-cı ilin yanvar ayından 2007-ci ilin iyul ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışsa da, hərbçi peşəsinə olan böyük marağı səbəbindən hərbi xidmətə qayıtmağa qərar verib. Beləliklə, 2008-ci ilin yanvar ayında Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Burada müxtəlif vəzifələrdə vətənpərvər hərbi qulluqçu kimi layiqli xidmətilə özünü doğruldub. 2020-ci ilin yanvar ayından etibarən qoşunların Hacıqabul rayonundakı “N” saylı hərbi hissəsinin “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunda snayper yarımqrupunun komandiri kimi xidmətini davam etdirən silahdaşımız, hər zaman tabeliyindəki şəxsi heyətə nümunə olmaqla, Vətən qarşısındakı şərəfli borcunu layiqincə yerinə yetirib.

“N” saylı hərbi hissədə “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi, Vətən müharibəsi iştirakçısı mayor Elman İslamovun qeyd etdiyi kimi, Ruslan burada qısa müddətdə xidmət etməsinə baxmayaraq, tələbkar yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində böyük rəislərin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağı bacarıb. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənən cəsur hərbi qulluqçumuz “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley, həmçinin, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib, hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

 Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Vaşaq” şərti adını daşıyan xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, Vətən müharibəsi iştirakçısı mayor Elgün Mirzəliyev bildirdi ki, onun rəhbəri olduğu qrupun tərkibində hərbi əməliyyatlarda fəal iştirak edən baş çavuş R.Sadıqov Şuşa istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib: “Dəstəmiz əvvəlcə Cəbrayıl, Füzuli rayonlarında mövqelərimizin müdafiəsində dayanıb, burada düşmənin diversiya-kəşfiyyat qruplarının qarşısının alınması üzrə döyüş tapşırıqlarını yerinə yetirib.

Oktyabrın 31-də dəstəmizin şəxsi heyəti Hadruta gəlib. Burada ayrı-ayrı qrupların tərkibinə bölünərək, avtomobillərlə Şuşa istiqamətində hərəkətə başladıq. Bir qədər irəlilədikdən sonra kolonumuz düşmən artilleriyasının atəşinə məruz qaldığından, biz ayrı-ayrı qrupların tərkibində piyada Şuşa istiqamətində hərəkəti davam etdirməli olduq. Ruslan mənim komandiri olduğum qrupun tərkibində idi. Onun bir çox müsbət xarakterik xüsusiyyətini nəzərə alaraq deyə bilərəm ki, olduqca mərd, qorxu hissi olmayan, əsl vətənpərvər xüsusi təyinatlı kimi döyüşlərə qatılmışdı. Öz sərrast atəşi ilə düşmənin neçə-neçə hərbi qulluqçusunu məhv etmişdi Ruslan”.

4 noyabr 2020-ci il... Laçın-Şuşa istiqamətində gedən döyüşlərdən biri Ruslanın son döyüşü oldu. Bu döyüşdə tərkibində Ruslanın da vuruşduğu xüsusi təyinatlılardan ibarət qrupun şəxsi heyəti digər qrupların cəsur döyüşçülərilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, Laçın-Şuşa yolu üzərindəki yüksəklikdə yerləşən mühüm mövqelərini ələ keçirir. Beləliklə, Şuşaya gedən yol tam olaraq nəzarətə götürülür. Lakin bir müddət sonra düşmənin döyüşçülərimizin yerləşdikləri yüksəkliyi üç tərəfdən müxtəlif növ artilleriyadan və iriçaplı silahlardan şiddətli atəşə tutması nəticəsində baş çavuş R.Sadıqov gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalır.

Bu döyüşdə, həmçinin, Ruslanla birgə “Yarasa” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin 6 nəfər hərbi qulluqçusu – baş leytenant Təhmasib Mustafayev, gizir Emil İsgəndərov, baş çavuşlar Şahlar Məmmədov, Elvin Abbasov, əsgərlər* Tural Bayramlı və Fərid Vəliyev şəhid olub, 13 nəfər xüsusi təyinatlımız isə yaralanıb.

Baş çavuş R.Sadıqov 2020-ci il noyabrın 10-da Şəki rayonunun Cəfərabad kəndinin qəbiristanlığında dəfn olunub. 11 noyabr 2020-ci il tarixdə Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilən ölüm haqqında şəhadətnamədə cəsur silahdaşımızın 10.11.2020-ci ildə döyüş meydanında, hərbi əməliyyat nəticəsində odlu silah növləri ilə törədilmiş zədələnmələr səbəbindən şəhid olduğu yazılıb.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları, həmçinin, Azərbaycan Respublikası müdafiə nazirinin 28.12.2020-ci il tarixli əmri ilə baş çavuş Sadıqov Ruslan Amiraslan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Məlumat üçün bildirək ki, Ruslanın ailə üzvlərinin və yaxın qohumlarının xatirələri əsasında “News Press” saytının “YouTube” internet portalı vasitəsilə yayımlanan “Xüsusi təyinatlı qrupun snayperi baş çavuş Ruslan Sadıqov” adlı süjetdə şəhid hərbi qulluqçumuzun gənc nəslə nümunə olan həyat və döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.

Bundan əlavə, Rəfiqə Sadıqovanın müəllifi olduğu, Şəki şəhidlərindən bəhs edən “Əbədi yaşayanlar” adlı kitabda, həmçinin, “Ülfət” qəzetinin 13 mart 2021-ci il tarixli sayında çap olunmuş “Şəhidlik zirvəsinin fatehləri” və “Region mediası” qəzetinin 22 yanvar 2021-ci il tarixli sayında dərc edilmiş “Şəhid Sadıqov Ruslan Amiraslan oğlu” başlıqlı məqalələrdə igid hərbi qulluqçumuzun şərəfli həyat və döyüş yolu geniş işıqlandırılıb.

2011-ci il avqustun 28-də Fidan xanımla ailə həyatı qurmuş şəhid hərbi qulluqçumu-zun Nuray, Aylin və Ehsan adlı üç övladı yadigar qalıb.

“Oğul düşmən çəpəridir. Biz övladımızı Vətən uğrunda qurban vermişik və onunla fəxr edir, qürur duyuruq” – deyən şəhid valideynlərinin yeganə arzusu isə igid silahdaşımızın xatirəsinin əbədiləşdirilməsi üçün bir zamanlar təhsil aldığı Cəfərabad kənd tam orta məktəbinə Ruslanın adının verilməsidir.

Sonda onu qeyd etmək istəyirəm ki, Vətən uğrunda canını fəda edən Ruslan kimi cəsur oğullarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru