Şəhidlərimizin intiqamını almaq onun amalı idi...
Xalqımızın şanlı qələbəsilə nəticələnən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış və qəhrəmanlığı ilə qürur duyduğumuz igid silahdaşlarımızdan biri də baş çavuş Hüseynov Məhəmməd Alik oğludur.
Əslən Cəbrayıl rayonunun Harovlu kəndindən olan baş çavuş Məhəmməd Hüseynov 1993-cü il oktyabrın 28-də Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Həmin gün Hüseynovlar ailəsinin sevincinin həddi-hüdudu yox idi. Üç qız uşağından (Nuranə, Asimə və Zərqələm) sonra ailənin yenidən biri qız, digəri oğlan olmaqla, Sona və Məhəmməd adlarını verdikləri əkiz övladı dünyaya göz açmışdı. Cəsur silahdaşımızın atası Alik Hüseynovun və anası Tahirə İmrəliyevanın böyüdüb tərbiyə etdikləri beş övladdan biri olan Məhəmməd, həmçinin, dörd bacının yeganə qardaşı, vüqarıydı. Bəli, 44 gün davam edən Vətən müharibəsi başladığı günədək bu, belə idi. Lakin indi Məhəmməd təkcə Hüseynovlar ailəsinin yox, bütün el-obasının, bütövlükdə isə otuz ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı azad etmiş qalib xalqımızın böyük iftixar hissi duyduğu igid oğullarımızdan biridir.
M.Hüseynov orta təhsilini Bahar qəsəbəsindəki Sosialist Əməyi Qəhrəmanı, ana babası Sərdar İmrəliyevin adını daşıyan tam orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2011-ci ilin oktyabr ayından 2013-cü ilin aprel ayınadək Daxili Qoşunların Bakının Xətai rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra qoşunların Biləcəri qəsəbəsindəki “N” saylı hərbi hissəsinin “Şahin” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilib. Xüsusi təyinatlı dəstənin əməliyyat qrupunda atıcı-qumbaraatan vəzifəsində xidmət edib. Vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan hərbi qulluqçumuz yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə hər zaman fərqlənib, komandir heyətinin etimadını doğruldub. Məhz buna görə də hərbi hissənin və dəstənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.
2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək baş çavuş M.Hüseynov qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında “Gizir komando təməl kursu”nu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. Bundan əlavə, Məhəmməd əsl xüsusi təyinatlıya xas qətiyyəti və əzmkarlığı ilə qazandığı zoğalı bereti də böyük qürur hissi ilə daşıyıb.
İkinci Qarabağ müharibəsi zamanı Vətənimizin hər bir qeyrətli övladı kimi döyüşlərə qatılan baş çavuş M.Hüseynov Kəlbəcər və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda fədakarcasına vuruşub. “N” saylı hərbi hissənin “Şahin” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində qrup komandiri, Vətən müharibəsi iştirakçısı kapitan Ceyhun Əsgərov (Füzuli rayonu ərazisində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi cəsur silahdaşımızın nümunəvi xidmətini bu gün də fəxrlə qeyd edir: “44 gün davam edən Vətən müharibəsində qrupumuzun xüsusi təyinatlıları şücaət göstərərək işğalçı ordunun xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməklə, düşmənə sarsıdıcı zərbələr endirmişlər. Döyüş meydanında dəstəmizin adına uyğun, əzmlə düşmən üzərinə şığıyan igid şahinlərimizdən biri də baş çavuş M.Hüseynov olub.
Məhəmmədin özünəməxsus müsbət xarakterik xüsusiyyətləri var idi. Olduqca mərd, eyni zamanda, mehriban, dostluğa və yoldaşlığa xüsusi önəm verən bir insan olduğu üçün döyüşçü yoldaşlarının dərin hörmət və etibarını qazanmışdı. Müharibənin ilk günündən Kəlbəcər istiqamətindən başlayaraq döyüşlərə qatılan və qorxu hissinin nə olduğunu bilməyən cəsur silahdaşımız son anadək tərəddüd etmədən ancaq irəliyə, düşmənin üzərinə gedib”.
7 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Məhəmmədin son döyüşü oldu. Bu barədə məlumat verən “Şahin” xüsusi təyinatlı dəstəsində atıcı, Vətən müharibəsi iştirakçısı baş çavuş Pərvin Abbaslı (Cəbrayıl rayonu ərazisində gedən döyüşdə yaralanıb) Məhəmmədlə eyni qrupun tərkibində hərbi əməliyyatlarda iştirak etdiyini bildirərək, onun göstərdiyi qəhrəmanlıq nümunələrini hər zaman böyük qürur hissi ilə xatırlayacağını vurğuladı: “İlk döyüşümüz 2020-ci il sentyabrın 27-dən etibarən Kəlbəcər istiqamətində, Murovdağ silsiləsində yerləşən bir neçə strateji əhəmiyyətli yüksəkliyin azad edilməsilə başladı. Dəstəmiz ayrı-ayrı qruplara bölünmüşdü. Bizim qrup kapitan Ceyhun Əsgərovun rəhbərliyi altında düşmənin “Canavar” postu deyilən və strateji əhəmiyyətli mövqeyi istiqamətində hərəkətə başladı. Qarşımıza bu postu almaq tapşırığı qoyulmuşdu. Onu da qeyd edim ki, müvafiq döyüş tapşırığına uyğun olaraq qrupumuz Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birgə bu hərbi əməliyyatlarda iştirak edirdi. Tərkibində baş çavuş M.Hüseynovun da olduğu qrupumuzun cəsur xüsusi təyinatlıları: gizirlər Cabir Əliyev, Bəhruz İsgəndərov, baş çavuş Surət Babayev, çavuşlar Nurlan Məlikov, Samir Davidov və Orxan Babayev (Daxili Qoşunların Gəncə şəhərindəki “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı) gözlərini belə qırpmadan irəliləyərək, düşməni məhv edib postu aldılar. Qorxuya düşən və vuruşmağa cürəti çatmayan ermənilər xeyli sayda silah-sursatı postda atıb qaçmışdılar. Yüksəkliyi ələ keçirəndən sonra beş gün onun mühafizəsində dayandıq. Bundan sonra tutduğumuz mövqeləri digər qruplara təhvil verib, oktyabr ayının 2-dən Cəbrayıl istiqamətində döyüşlərə qatıldıq. Onu da qeyd edim ki, Məhəmməd atıcı-qumbaraatan, mən isə onun köməkçisi kimi bu döyüşlərdə iştirak edirdim. Bu rayon uğrunda döyüşə başladığımız ilk günlərdən bir neçə yüksəkliyi və yaşayış məntəqəsini düşməndən azad etməyə müvəffəq olduq. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən və döyüş meydanında vuruşmağa cəsarəti çatmayan düşmən olduğumuz mövqeləri uzaq məsafədən aramsız artilleriya atəşinə məruz qoyurdu. Oktyabrın 7-də rayondakı “Dostluq bulağı” deyilən ərazinin ətrafında baş vermiş döyüşlər zamanı yaxınlıqlarında düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində aldıqları çoxsaylı qəlpə yarasından baş çavuş M.Hüseynov və bizim qrupla birgə vuruşan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin cəsur xüsusi təyinatlıları: kapitan Musibov Veysəl Yadulla oğlu, baş leytenant Bədəlov Valeh Vahid oğlu qəhrəmancasına şəhid oldular. Bununla yanaşı, qrupumuzdan iki nəfər - Müdafiə Nazirliyinin xüsusi təyinatlısı kapitan Vasif Dilavərzadə və dəstəmizin hərbi qulluqçusu çavuş Surət Babayev ağır yaralandılar”.
Baş çavuş M.Hüseynov 2020-ci il oktyabrın 20-də Beyləqan rayonunun Bahar qəsəbə qəbiristanlığında dəfn olunub. Jalə xanımla ailə həyatı qurmuş şəhid hərbi qulluqçumuzun Hüseyn adlı oğul yadigarı qalıb. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 22 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Hüseynov Məhəmməd Alik oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
“ATV” televiziya kanalında və “YouTube” internet portalı vasitəsilə yayımlanan müxtəlif saytlar tərəfindən hazırlanmış süjetlərdə cəsur silahdaşımızın gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib. Bundan əlavə, “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynovun tərtibçisi olduğu, “Radius” mətbəəsində işıq üzü görən “Qələbə şəhidləri”, Ramin Hikmətin müəllifi olduğu “Beyləqan şəhidləri”, İsmayıl İmanzadənin və Tariyel Abbaslının birgə müəllifi olduqları “Zəfər yolunda” adlı kitablarda, həmçinin, “Xudafərin” qəzetinin 20 mart 2021-ci il tarixli sayında Şakir Əlifoğlunun müəllifi olduğu “Qazi şəhid kimi əmisinin yanına qayıtdı” başlıqlı məqalədə şəhid hərbi qulluqçumuzun həyat və döyüş yolu işıqlandırılıb.
“Məhəmmədi hələ körpəlikdən vətənpərvər, dövlətimizə sadiq vətəndaş kimi böyüdüb tərbiyə etmişəm” - deyən Alik dayı Birinci Qarabağ müharibəsi veteranıdır. Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. O, bir ata kimi övladının timsalında Vətənimizin şəhidlik zirvəsinə yüksəlmiş bütün qeyrətli oğulları ilə qürur duyduğunu deyir.
Onu da qeyd edək ki, Məhəmmədin əmisi Hüseynov Hüseyn Məmməd oğlu 1996-cı il mayın 5-də Füzuli rayonunun Qazaxlar kəndi istiqamətində xidməti-vəzifə borcunu yerinə yetirərkən düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhid olub. Məhəmməd öz övladına şəhid əmisinin adını verib. Cəsur silahdaşımızın bacısı Nuranə xanımın bildirdiyinə görə, əmisi də daxil olmaqla, bütün şəhidlərimizin intiqamını mənfur düşməndən almaq hələ uşaq yaşlarından qardaşının ən böyük arzusu və amalı olub: “Bir bacı kimi qardaşımdan nə qədər danışsam, buna ömrüm yetməz. Hər zaman onun adını duyduğum yerdə qürurla, fəxrlə, başı dik gəzəcəyəm ki, mən elə bir qəhrəmanın bacısıyam. Mənim üçün acı olsa da, “şəhid qardaşım, şəhadətin mübarək!” deyirəm. Biz dörd bacı Vətən müharibəsində bir qardaş itirsək də, Məhəmməd kimi minlərlə qeyrətli qardaş qazanmışıq”.
Sonda onu qeyd edə bilərik ki, Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məhəmməd kimi oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru