Döyüşçü mətinliyi, silahdaş dəyanəti...

 Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda işğalçı Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsi xarakterinə görə müasir döyüş taktikası, yeni hərbi texnologiyaların tətbiq edilməsi, düşmənə qarşı vuruşan Silahlı Qüvvələrimizin misilsiz rəşadəti, mənəvi-psixoloji cəhətdən üstünlüyü, ön və arxa cəbhələrin vəhdəti, vahid komandanlıq prinsipinin qətiyyətlə həyata keçirilməsi, informasiya, diplomatiya müstəvilərində təşəbbüsün ələ alınması, müttəfiq və yaxın tərəfdaş ölkələrin real dəstəyinin gerçəkləşməsi ilə yadda qaldı, unudulmaz zəfərlə tarixə yazıldı.

Vətən müharibəsində bizim məramımız haqq-ədalətə söykənirdi, beynəlxalq hüquqla uzlaşırdı, düşmən tərəf isə hərbi təcavüzünü davam etdirmək, ərazilərimizi işğalda saxlamaq məqsədi güdürdü. Həmvətənlərimizi soyqırıma məruz qoyan, dinc sakinlərimizi vəhşicəsinə qətlə yetirən, məcburi köçkün vəziyyətinə salan, rayonlarımızı xarabalığa çevirən, sərvətlərimizi talayan, dini məbədlərimizi, qəbiristanlıqlarımızı dağıdan və təhqir edən yırtıcı xislətli düşmənə qarşı dərin nifrət hissi ilə döyüşlərə atılan hərbi qulluqçularımız illərdir qisas gününü gözləyən xalqımızın başını ucaltdılar, onun mənəvi ruhunu dirçəltdilər.

1992-1994-cü illərdə Vətən torpağını erməni işğalçılarından müdafiə etmiş, şərəfli döyüş yolu keçmiş fədakar ataların layiqli davamçıları olan cəsur oğullarını da bizə Vətən müharibəsi tanıtdı.

Birinci Qarabağ müharibəsi veteranı, ordu sıralarından ehtiyata buraxılan zabit Vaqif İsgəndərovun oğlu gizir Emil İsgəndərov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsi iştirakçısı olan şəhid hərbi qulluqçularından biridir. Bu vətənpərvər ailənin timsalında amansız müharibənin iki nəslin həyatında necə bir silinməz iz qoyduğunu görmək olar. Sumqayıt şəhərində yaşayan İsgəndərovlar ailəsi ilə görüşdüm, şəhidin həyat yolu barədə doğmalarının dilindən maraqlı və vacib məlumatları öyrəndim.

Emil 1990-cı il avqustun 5-də Sumqayıt şəhərində anadan olub. Valideynləri Vaqif İsgəndərov və Tənzilə İsgəndərova əslən Qubadlı rayonundandırlar. Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonu da işğal edilib. Həmin vaxt Qubadlıdan xeyli sayda məcburi köçkün Sumqayıta pənah gətirib.

V.İsgəndərov bədən tərbiyəsi müəllimi və idman məşqçisi ixtisası üzrə ali təhsil alıb.1984-1986-cı illərdə Sovet ordusu sıralarında artilleriya qoşun növündə hərbi xidmət keçib, bölmənin starşinası (başçavuşu) vəzifəsinədək yüksəlib. Sonra Sumqayıtdakı “Polad” idman klubunda məsul vəzifələrdə çalışıb. 1992-1997-ci illərdə isə Azərbaycan ordusu sıralarında xidmət edib. Artilleriyaçı zabit kimi Xocavənd, Ağdərə, Füzuli, Ağdam və Goranboy rayonları istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib, müharibənin ağrı-acılarını yaşayıb, kontuziya alıb. O, “kapitan” hərbi rütbəsində ordudan ehtiyata buraxılıb. Yenidən “Polad” idman klubunda işləyib. 2012-ci ildən isə Sumqayıtdakı Cəlil Səfərov adına 10 saylı orta məktəbdə idman müəllimidir.

Vaqif müəllim üç oğul atasıdır, Emil ailənin böyük övladı idi. Ailədə, yoldaşları arasında diqqətcil və qayğıkeş olması, təşkilatçılığı onu fərqləndirən cəhətlər kimi xatırlanır. Sumqayıtdakı 10 saylı orta məktəbdə 11 il oxuyub. Onun üçün həyat örnəyi atasının keçdiyi yol olub. İdmana maraq göstərib, Sumqayıtdakı “Alüminiumçu” idman kompleksində sərbəst güləş növü üzrə məşqlərə qatılıb, şəhər və respublika yarışlarında uğurlu nəticələr əldə edərək mükafatlandırılıb. Əməkdar məşqçi Firdovsi Ömərovun atasının da, onun da idmançı kimi yetişdirilməsində əməyinin olması maraqlı faktdır.

2008-2010-cu illərdə Emil müddətli həqiqi hərbi xidmətdə olub. Müdafiə Nazirliyinin Bakıda və Gəncədə yerləşən “N” saylı hərbi hissələrində hərbi xidmət borcunu vicdanla yerinə yetirib. Atası kimi artilleriya bölməsində xidmət keçib, “kiçik çavuş” hərbi rütbəsində tərxis edilib.

Müddətli həqiqi hərbi xidmətdən sonra bir müddət Sumqayıt Texnologiya Parkında işləyib.

2012-ci ilin avqust ayında Emil həyatının mühüm qərarlarından birini verib - hərbçi kimi atasının davamçısı olmaq yönündə addım atıb. DİN-in Daxili Qoşunlarının 16073 saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Bu hərbi hissədə xüsusi vasitələrin tətbiqi bölməsində xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, yarımqrup komandiri, həmin bölmənin manevr qrupunun komandiri, xüsusi təyinatlı dəstədə texnik vəzifələrində xidmət edib. Hərbi hissə komandanlığı tərəfindən bacarıqlı hərbi qulluqçu olduğuna görə onun gizir hazırlığı kursuna göndərilməsi qərara alınıb və bu barədə vəsatət qaldırılıb. 2014-cü ilin sentyabr ayının 15-dən 2015-ci ilin mart ayının 19-dək Daxili Qoşunların Ali Hərbi Məktəbində gizir hazırlığı kursunu keçib.

11.03.2020-ci il tarixdə isə Emil 12318 saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə texnik vəzifəsinə təyin edilib. Ümumiyyətlə, qeyd edim ki, məhz fəaliyyətindəki uğurlar və şəxsi keyfiyyətləri nəzərə alınaraq, o, xüsusi təyinatlı dəstədə xidmətə seçilib.  Bütövlükdə, icraçılığı, çalışqanlığı ilə hərbi xidməti dövründə komandanlığın etimadını doğruldub, silahdaşlarının hörmətini qazanıb. Dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

 Hərbi xidmətə aid məsələlər barədə Emil həmişə atası ilə məsləhətləşib, onun təcrübəsindən bəhrələnib.

Birinci Qarabağ müharibəsi dövründə uşaq yaşlarında olan, atasının ön cəbhədən sağ qayıtmasına digər ailə üzvləri ilə birgə ürəkdən sevinən Emilin illər sonra döyüşə yollanacağını o vaxt heç kəs düşünə bilməzdi. Bəzən hərbçi ailəsində atanın taleyinə yazılanı həyat oğula da ötürür, ancaq hər bir döyüşçü missiyasının alın yazısı ilə cızılan öz sonluğu var...

Gizir E.İsgəndərov 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı 12318 saylı hərbi hissədən öz bölməsinin tərkibində döyüş bölgəsinə göndərilib. Həmin bölmə Vətən müharibəsinin əvvəlindən ehtiyat qüvvə qismində 16077 saylı hərbi hissədə yerləşdirilərək döyüş əməliyyatlarına hazırlıq görüb. Bir müddət sonra Füzuli-Cəbrayıl rayonları istiqamətinə gəliblər. Qarşıya qoyulan tapşırığa əsasən, oktyabr ayının sonunadək Cəbrayıl rayonunda işğaldan azad edilən ərazilərin müdafiəsində dayanıblar. Həmin ayın son günündən etibarən xüsusi təyinatlılarımız Xocavənd rayonunun Hadrut qəsəbəsində cəmləşdiriliblər. Buradan Tuğ, Böyük Tağlar kəndlərinə döyüşçülərimizi daşıyan avtomobil karvanı işğalçıların artilleriya atəşinə məruz qalıb. Bu səbəbdən döyüşçülərdən ibarət qruplar piyada şəkildə hərəkəti davam etdirməklə, Şuşa şəhərinə istiqamətlənən döyüş əməliyyatına başlayıblar. Döyüşçülərimiz bir neçə gün ərzində Xocavənd rayonunun dağlıq-meşəlik ərazilərindən, Xocalı rayonunun Çanaqçı, Sığnaq kəndlərindən keçməklə Şuşaya yaxınlaşıblar. Şuşa ətrafında ağır döyüşlər gedib. Bizim qüvvələrin şəhərə irəliləməsi yolunda ciddi maneə olan düşmənin atəş nöqtələri susdurulub.

Emili yaxından tanıyan və döyüş yoluna bələd olan silahdaşlarının bir qismi ilə söhbət etdim. Onlar Vətən müharibəsində iştirak edərək, ölüm-dirim mübarizəsində çətin sınaqlarla üz-üzə qalıblar. Bəziləri düşmən güllə və mərmisindən yaralanıblar. Aralarında qazi və ya hazırda hərbi xidmətdə olanlar, dövlət mükafatlarına layiq görülənlər də var.

12318 saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Anar Rizvanov söylədi ki, Emili hələ 16073 saylı hərbi hissədən tanıyıb. Məlumat verdi ki, o, şəxsi ləyaqətini qoruyan, vətənpərvər, döyüş şəraitində iradəli və qətiyyətli, hərbi anda sadiq, öz vəzifələrinə məsuliyyətlə yanaşan hərbi qulluqçu olub. Döyüş bölgəsində komandirin rabitəsini təmin edib, şəhid olduğu anadək işğalçılara qarşı cəsurcasına vuruşub. Son döyüşü Şuşa ətrafında olan Emilin ölümü komandirini çox sarsıdıb.

25033 saylı hərbi hissədə ayrı yerləşən bölmənin xüsusi təyinatlı qrupunun komandiri baş leytenant Bilal Məmmədov bildirdi ki, Emil döyüşdə həmişə öndə gedən hərbi qulluqçulardan biri idi, öz cəsarəti ilə silahdaşlarını da ruhlandırırdı, döyüş qabiliyyəti, fiziki hazırlığı ilə seçilirdi. “4 gün boyunca düşmənin nəzarətindəki ərazidən keçməyi bacararaq Şuşa-Laçın yoluna çatdıq. Aldığımız döyüş tapşırığına görə, oradakı mövqeləri ələ keçirməli və qoruyub saxlamalı idik. Noyabrın 4-də düşmənlə üzbəüz döyüşə girdik. Çətin ərazi idi, biz aşağıdaydıq, düşmən təxminən 400 m yuxarıda yerləşmişdi. Vuruşaraq irəlilədik, o yüksəkliyə qalxdıq. Orada 3 erməni mövqeyindən ikisini məhv etdik, qalan birində olanlar isə qaçdılar. Emil də üzbəüz atışmada düşməni canlı itkiyə məruz qoydu. Həmin yüksəklikdə mövqeləndik. Beləcə, Laçın yolu ilə düşmənin Şuşadakı qüvvələrinə dəstək göstərməsinin qarşısını aldıq. Həmçinin, Şuşadan qaçan erməni hərbçilər atəş hədəfimizdə idilər. Bu vəziyyətdə düşmən yerləşdiyimiz yüksəkliyi üç tərəfdən müxtəlif növ artilleriyadan şiddətli atəşə tutdu. Emil yaxınlığına düşən minaatan mərmisinin partlayışı nəticəsində bir neçə nahiyədən ağır yaralandı, sürətlə qan itirməyə başladı, ilk yardım göstərilsə də, həyatını xilas edə bilmədik. O döyüşdə bir neçə nəfər hərbi qulluqçumuz şəhid oldu və yaralandı”.

Şəhidlərimizin canı, qazilərimizi qanı bahasına azad edilən Şuşada üçrəngli bayrağımızın dalğalanmasını görmək Emilə qismət olmayıb.

12318 saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları: baş çavuş Azər Həsənov, çavuş Rəsul İbişov, ehtiyatda olan çavuş Fəxri Əliyev də Emilin Vətən naminə fədakarlığını qürur hissi ilə vurğuladılar.

Gizir E.İsgəndərov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Emil İsgəndərov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sumqayıtda 9-cu mikrorayon və 18-ci məhəllədəki yaşayış binalarına xeyirxah insanların təşəbbüsü ilə mərhumun xatirə lövhəsi vurulub.

2021-ci ildə “Radius” mətbəəsində işıq üzü görən, İbrahim Hüseynovun tərtibçisi olduğu “Qələbə şəhidləri” kitabında Emil haqqında məlumat verilib.

Qeyd edim ki, Emilin qardaşı Əli hərbi xidmət zamanı 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının ərazisində uğurlu Günnüt əməliyyatının iştirakçısı olub. Eləcə də Vətən müharibəsində ehtiyatdan çağırılaraq, sürücü-əsgər kimi fəaliyyət göstərib. Hazırda polis əməkdaşıdır.

2016-cı ilin sentyabr ayında Emil ailə qurub,  2 azyaşlı oğlu yadigar qalıb. İbrahim və Nicat atasızlığın acısı ilə böyüyəcəklər. Ancaq Azərbaycanı qələbəyə qovuşduran mərdlərin sırasında atalarının adı ilə həmişə fəxr edəcəklər.

Allah rəhmət eləsin!
 
 
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist