Vətən uğrunda son damla qanınadək döyüşdü...
Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək 44 gün davam edən Vətən müharibəsində böyük fədakarlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi: “Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq”.
“Şəhidlərimiz” rubrikasının budəfəki qəhrəmanı milliyyətcə ləzgi olan və Vətən müharibəsində son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə yüksələn igid istehkamçımız gizir Səmədov Mayis Şadıbəy oğludur.
Gizir Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaş-Oba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən olan Şadıbəy Səmədovun (2010-cu ildə vəfat edib) və Əzizə Səmədovanın böyüyüb tərbiyə etdiyi 4 övladdan (Kəmalə, Mayis, Ceyhun və Vəsilə) biri, həmçinin, ailənin ikinci övladı idi...
Orta təhsilini doğulub boya-başa çatdığı Qadaş-Oba kənd orta məktəbində alan Mayis 1992-ci ildə həmin təhsil ocağının 9-cu sinfini bitirərək, Xaçmaz şəhərindəki 92 saylı texniki-peşə məktəbinə qəbul olunub. 1995-ci ildə təhsilini başa vuraraq, “elektrik qaynaqçısı” ixtisasına yiyələnib. Müddətli həqiqi hərbi xidmətini 1996-1999-cu illərdə Daxili Qoşunların o zaman dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş, hazırda Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki peşə üzrə çalışıb. 2004-cü ilin fevral ayından etibarən Mayis Daxili Qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub, təminat taqımında anbar rəisi vəzifəsinə təyin edilib.
Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. Bundan əlavə, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan 6 aylıq “Gizir hazırlığı kursu”nu bitirib. “Gizir” hərbi rütbəsində Qubadakı “N” saylı hərbi hissədə bir müddət yenidən anbar rəisi kimi xidmət edən M.Səmədov 2011-ci ilin sentyabr ayından xüsusi təyinatlı dəstədə atıcı-radiotelefonçu vəzifəsini yerinə yetirib. 2012-ci ilin sentyabr ayından etibarən qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirən silahdaşımız 2019-cu ilin mart ayından istehkamçı yarımqrupunda baş istehkamçı-yarımqrup komandiri vəzifəsinə irəli çəkilib. Bir komandir kimi bilik və bacarığı, qayğıkeşliyi sayəsində böyük rəislərin etimadını, həmçinin, tabeliyində olan şəxsi heyətin hörmətini qazanıb. Yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. Bununla yanaşı, cəsur silahdaşımız 2017-ci ildə yüksək döyüş hazırlığı və əzmkarlığı sayəsində qazandığı “Zoğalı beret”i də qürur hissi ilə daşıyıb.
Gizir M.Səmədov istehkamçı yarımqrupunun komandiri kimi tabeliyində olan şəxsi heyətlə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirib. Bu barədə məlumat verən Daxili Qoşunların Baş İdarəsinin Qərargahında mühəndis xidmətinin rəisi polkovnik-leytenant Baba Əliyev cəsur silahdaşımızı öz üzərində çalışan fəal yarımqrup komandiri kimi xatırladığını deyir: “Daxili Qoşunların istehkamçı yarımqruplarının şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları hər zaman yüksək səviyyədə yerinə yetirib. Hələ Vətən müharibəsindən öncə istehkamçılarımız istər respublikamızın evsahibliyi etdiyi müxtəlif idman yarışları, istərsə də ölkəmizdə keçirilən digər mühüm dövlət tədbirləri zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında xüsusilə fərqləniblər. Qoşunların Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş 5 nəfər cəsur istehkamçısı - gizir Səmədov Mayis Şadıbəy oğlu, baş çavuşlar Nadirov Elçin Nadir oğlu, Vəlizadə Anar Afət oğlu, çavuşlar Fətəliyev Emil Mayis oğlu və Orucov Afər Yafət oğlunun, eləcə də vəzifə borcunu yerinə yetirərkən yaralanmış 16 nəfər qazi istehkamçımızın hər birinin fəaliyyətini məhz bu baxımdan müsbət qiymətləndirmək olar. Vətənpərvər istehkamçılarımız hər zaman olduğu kimi, ön cəbhədə də öz vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerinə yetirərək, gənclərə nümunə olacaq əsl qəhrəmanlıq göstərdilər”.
“N” saylı hərbi hissədə “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Qarabağ” ordeni və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin əzmkarlığı və cəsurluğundan bu gün də fəxr hissi ilə danışır: “Vətən müharibəsində dəstəmizin qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularından biri də istehkamçı yarımqrupunun komandiri gizir Mayis Səmədovdur.
Onun bir komandir kimi fəaliyyəti hərbi hissə komandanlığı tərəfindən də hər zaman müsbət qiymətləndirilib. Yarımqrupda yüksək döyüş hazırlığı və intizamın qorunub saxlanılması üçün tabeliyindəkilərə qarşı tələbkar olmaqla bərabər, vətənpərvərliyi və qayğıkeşliyi ilə şəxsi heyətə nümunə olub.
Döyüşlərə qatıldığı ilk gündən müqəddəs borcunu şərəflə yerinə yetirən cəsur komandir içdiyi hərbi anda sadiq əsl hərbçi kimi Vətən uğrunda canından keçməklə, tabeliyində olan şəxsi heyətə bir daha örnək olmağı bacardı.
5 oktyabr 2020-ci il tarixdə Cəbrayıl-Füzuli rayonları istiqamətində gedən döyüş Mayisin son döyüşü oldu. 7 nəfər silahdaşı ilə birgə ön mövqedəki əsgərlərimizə lazımi təminat çatdırmaq üçün gedərkən yolda pusquda dayanan mənfur düşmənin mühasirəsinə düşən igid hərbi qulluqçumuz özünü itirmir və qəflətən baş vermiş döyüşdə onlarla erməni yaraqlısını məhv edir. Lakin çox təəssüflər olsun ki, bu qeyri-bərabər döyüşdə dəstəmizin cəsur hərbi qulluqçuları gizir Səmədov Mayis Şadıbəy oğlu və gizir Həsənov Faiq Hüseyn oğlu Müdafiə Nazirliyinin 6 nəfər xüsusi təyinatlısı ilə birgə son damla qanlarınadək vuruşaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldilər”.
Gizir M.Səmədov 2020-ci il oktyabrın 6-da Xaçmaz rayonunun Qadaş-Oba kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Səmədov Mayis Şadıbəy oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şair Məmməd Qədirin müəllifi olduğu, 2021-ci ildə Bakıda “Müəllim” nəşriyyatında işıq üzü görən “Haqqınızı halal edin” adlı kitabda yer alan və şəhid silahdaşımızın qəhrəmanlığını tərənnüm edən “Mayis Şadıbəy oğlu” başlıqlı şeirin üç bəndini sizlərə təqdim edirəm:
Qadaş-Oba kəndində boya-başa yetişdin,
Hərbə verdin könlünü, odlar içində bişdin,
Səni Vətən çağırdı, dar gününə yetişdin,
Cəngi çalındı, cəngi, Mayis Şadıbəy oğlu,
Şimalın mərd pələngi, Mayis Şadıbəy oğlu.
Yurda şərəf gətirdin, mərdliyin, qeyrətinlə,
Ölümsüzlük qazandın haqqa şəhadətinlə.
Nizamlandı dastana sığmaz rəşadətinlə,
Bu dünyanın ahəngi, Mayis Şadıbəy oğlu,
Şimalın mərd pələngi, Mayis Şadıbəy oğlu.
Sən canına can verdin canım Azərbaycanın,
Səninlə qürur duyur, Məleykən, Süleymanın,
Tarixə həkk etdiyin adın, Qadaş-Obanın,
Əbədiyyət çələngi, Mayis Şadıbəy oğlu,
Şimalın mərd pələngi, Mayis Şadıbəy oğlu.
Bundan əlavə, Ələsgər Gəncəlinin müəllifi olduğu və “Xaçmaz” qəzetinin 26 fevral 2021-ci il tarixli sayında işıq üzü görən “Vətən üçün yandı ki, Vətən yanmasın” başlıqlı məqalədə şəhid M.Səmədovun həyat və döyüş yolu geniş işıqlandırılıb.
Sonda yalnız onu deyə bilərik ki, Vətən uğrunda canlarını qurban verərək, öz qanları bahasına hər birimizə Qələbə sevincini yaşadan şəhid oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin!
mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru