Vətən müharibəsində fədakarlığı və igidliyi xatirələrdə əbədi yaşayacaq...
Müharibə hər bir xalq üçün ən ağır sınaqdır. Tarix boyu müharibələrdən keçən xalqın döyüş ruhu onun yenilməz güc mənbəyinə çevrilir. Azərbaycan xalqının da taleyinə müharibə acıları yazılıb.
Qarabağ müharibəsi bir neçə nəslin həyatında silinməz iz qoyub. Ataların döyüş yolunun oğulları tərəfindən davam etdirilməsi, uşaq ikən məcburi köçkün düşənlərin böyüyüb döyüşçü missiyasını yerinə yetirməsi, “qisas qiyamətə qalmaz” – deyən igidlərin qalib zirvəsinə ucalması kimi nümunələr bu müharibənin gerçəkliyidir.
Hərbi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəhid olan 66 nəfər hərbi qulluqçusundan biri də baş leytenant Mustafayev Təhmasib Sərməst oğludur.
O, 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. Sərməst Mustafayev və Kifayət Haxverdiyevanın qurduğu ailənin ikinci övladı olan Təhmasibə doğma yurdunun qoynunda böyümək qismət olmayıb.
1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Mustafayevlər ailəsi də öz kəndindən didərgin düşüb. Həmin vaxt Təhmasibin 4 yaşı var idi, baş verənləri tam dərk etmirdi, ancaq el-obanın o günlərdə yaşadığı təlatüm, böyüklərin göz yaşı və fəryadı onun uşaq yaddaşına həkk olunub.
2007-ci ildə Təhmasib Kürdəmir rayonunun Topalhəsənli kəndindəki Vahid Əhmədov adına tam orta məktəbi bitirib.
Məktəbdə müsbət fərdi keyfiyyətləri ilə müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb. Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinə daha çox maraq göstərib. Yeniyetməlik illərindən Təhmasibdə vətənpərvərlik əqidəsi formalaşıb. Birinci Qarabağ müharibəsi barədə məlumatları xüsusi diqqətlə öyrənib, şəhidlik mövzusuna həssaslıqla yanaşıb, hərbi forma və onu daşıyanlara həmişə rəğbətini ifadə edib.
2008-ci ilin aprel ayında Təhmasib müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların sıralarına qəbul olunub, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət keçib. 2009-cu ilin oktyabr ayında hərbi xidmət borcunu vicdanla yerinə yetirərək ehtiyata buraxılıb.
Həyatını rəğbət bəslədiyi hərbçi peşəsinə bağlamaq barədə qəti qərar verən Təhmasib 2010-cu ilin aprel ayının 14-dən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Daxili Qoşunların sıralarına qayıdıb. Lənkəran rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin tərkibində AQS-17 qumbaraatanı heyətinin komandiri vəzifəsinə təyin edilib. Xüsusi təyinatlı kimi qarşıya qoyulan tapşırıqların icrasında əzmkarlıq və çalışqanlıq göstərib.
19.12.2011 - 06.04.2012-ci il tarixlərdə Təhmasib Türkiyə Cümhuriyyətinə ezam edilərək, Jandarm Baş Komandanlığının tabeliyindəki Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jandarm gizir komando təməl kursunu keçib. Burada yiyələndiyi hərbi biliklər və qazandığı praktiki təcrübə onun peşəkar hazırlığının inkişaf etdirilməsi baxımından vacib rol oynayıb. Hərbi qulluqçumuz qardaş ölkədə, həmçinin, sualtı dalğıc proqramı üzrə təlimi bacarıqla başa çatdırıb.
2012-2014-cü illərdə Təhmasib Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təhsil alıb.
2014-cü ilin iyul ayından başlayaraq artıq zabit rütbəsində hərbi karyerasında irəliləyib. Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin patrul taborunda taqım komandiri vəzifəsinə irəli çəkilib. 2015-ci ilin aprel ayında həmin hərbi hissədə komendant bölüyündə taqım komandiri vəzifəsinə keçirilib. 2016-cı ilin dekabrında isə ona hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsi etibar olunub.
Təyin olunduğu bütün bu məsul vəzifələrdə Təhmasib komandanlığın etimadını doğrultmağa çalışıb. Xidməti fəaliyyətindəki uğurlu nəticələrə görə dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin iyun ayının 29-da 10 təqvim ili qüsursuz xidmət etdiyinə görə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.
Hərbi hissədə keçirilən mərasimlərdə bayraqdar olmaq Təhmasibə tapşırılıb, sıranın önündə əlində döyüş bayrağı qürurla addımlayıb.
Zabitimiz özünü və tabeliyindəki şəxsi heyəti ötən illər ərzində Vətənin müdafiəsi və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlayıb. O, silahdaşlarına ən böyük arzusunun məcburi köçkün adını öz üzərindən götürmək olduğunu söyləyib.
Baş leytenant T.Mustafayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı kimi iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazisindən keçməklə Şuşayadək davam edən döyüş yolunda erməni işğalçılarına qarşı cəsurluqla vuruşub. İşğalına son qoyulan Cəbrayıl rayonunun doğma torpağına uzunillik həsrətdən sonra qədəm basmaq, havası ilə nəfəs almaq, bulaqlarından su içmək Təhmasibin şəhidlik ərəfəsində taleyinə yazılıb. Ailəsinə göndərilən mobil telefon çəkilişi videolarında onun Cəbrayılda olduğu anlarda ruh yüksəkliyini, nikbin ovqatla danışdığını müşahidə etmək olar.
Cəbrayıl rayonu ərazisində olduğu günlərin birində baş leytenant T.Mustafayev öz həyatını riskə ataraq, gecə vaxtı bu istiqamətdə hərəkət edən hərbi avtomobillərimizin minalanmış sahəyə daxil olmasının qarşısını alaraq, təhlükəsiz yerə istiqamətləndirib.
Şuşa ətrafındakı döyüşlərdə baş leytenant T.Mustafayevin rəhbərlik etdiyi qrup xüsusilə fərqlənib. Belə ki, Şuşa-Laçın yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postları döyüşçülərimiz tərəfindən alınıb, işğalçıların bir neçə texnikası, onlarla canlı qüvvəsi məhv edilib. Bu uğurlu döyüş nəticəsində qeyd olunan yol nəzarətə götürülüb. Bununla yanaşı, Təhmasibin özü və tabeliyindəki hərbi qulluqçular tərəfindən Şuşa ətrafında erməni hərbçilərinin bir sıra atəş nöqtələri də susdurulub.
Mərd zabitimizlə birgə döyüşlərdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Sabir İmanov və çavuş Ramiq Novruzov birdirdilər ki, müharibədə komandirin şəxsi nümunəsi mühüm amildir.
Təhmasib zabit və komandir olaraq öz qorxmazlığı, dəyanəti, mənəvi-psixoloji dəstəyi ilə tabeliyindəkilərə qələbə əzmi aşılayıb. Ən təhlükəli anlarda öz iradəsi ilə silahdaşlarını döyüşə ruhlandırıb.
Silahdaşlarının verdikləri məlumata görə, 2020-ci il noyabrın 4-də Şuşa-Laçın yolu üzərindəki yüksəkliyin müdafiəsində dayanan zaman baş leytenant T.Mustafayev yaralı döyüşçülərimizin olduqları postlara özünü yetirib, onlara ilk yardım göstərilməsini təşkil edib. Ancaq düşmənin mövqelərimizi minaatanlardan şiddətli atəşə tutması nəticəsində o, mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub. Şəhidin cəsədi noyabrın 9-da döyüş zonasından çıxarılıb. 14.11.2020-ci il tarixdə ailəsinə verilən ölüm haqqında şəhadətnamədə zabitin şəhid olduğu gün 09.11.2020-ci il göstərilib.
Şəhid hərbi qulluqçumuz 11.11.2020-ci il tarixdə Biləsuvar rayonunda yerləşən, cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbənin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş leytenant T.Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin, Azərbaycan Respublikası müdafiə nazirinin 28.12.2020-ci il tarixli əmri ilə baş leytenant T.Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb.
Təhmasib evli idi, Faidə adlı körpə qız övladı onun yadigarıdır. Doğmaları və bütün onu tanıyanlar xalqımızın fədakar oğlu kimi Təhmasib haqqında qürurla danışırlar. “APA” TV-nin şəhid barədə hazırladığı süjetdə anası deyib ki, Təhmasib Vətəni, torpağı, bayrağı çox sevən oğul idi. Ananın “mən o cür övlad yetişdirib Vətənə xidmət üçün göndərmişəm” sözləri vətənpərvərlik məfhumunun mənəvi dəyərlərin zirvəsində dayandığının isbatıdır.
Qeyd edim ki, Təhmasibin xalası oğlu gizir Vüsal Rüstəmov da Vətən müharibəsində iştirak edərək şəhid olub.
Tezliklə Cəbrayıl və işğaldan azad edilən digər rayonlarımız bərpa olunacaq, soydaşlarımız öz yurdlarına qayıdacaqlar. Bu qayıdış üçün canlarını qurban vermiş şəhidlərimizin xatirəsi daim ehtiramla anılacaq. Vətən torpağında şərəfli iz qoymaq, elin yaddaşında unudulmamaq əbədi yaşamaq deməkdir.
Məqaləni şəhidlik və əbədiyyəti bütöv bir məfhum olaraq bədii çalarlarla dolğun ifadə etmiş döyüşçü-şair, veteran mərhum Elxan Xəzərin “Ölməzlik” şeirindən iki bəndlə yekunlaşdırıram:
Məzarı səngərdir, başdaşı qalxan,
Deməyin, məhv oldu, öldü şəhidlər.
Tanrının verdiyi halalca ömrü
Bizimlə yarıya böldü şəhidlər.
O, qola güc verdi, başqası dilə,
Odlu silahını götürdü ələ.
Düşmənin izini öz qanı ilə
Torpağın üstündən sildi şəhidlər.
Allah rəhmət eləsin!
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist