QƏLƏBƏ İNAMI İLƏ DÖYÜŞDÜ VƏ ŞUŞADA ÖLÜMSÜZLƏR MƏQAMINA UCALDI...

27 sentyabr-9 noyabr 2020-ci il tarixlərini əhatə edən Vətən müharibəsindən sonra artıq qalib ölkədə yaşayırıq. Qarabağımızın tacı olan Şuşada və işğaldan azad edilən digər rayonlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır. Şəhidlərimizin ruhu sevinir, məcburi köçkünlərimizin üzü gülür. Bu tarixi zəfəri xalqımıza Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimiz bəxş etdi.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti də qələbəmizə öz layiqli töhfəsini verib. Daxili Qoşunların 66 nəfər hərbi qulluqçusu bu ölüm-qalım savaşında cəsurluqla vuruşaraq əbədiyyətə qovuşub. Onlardan biri kapitan Babayev Şamil Baloğlan oğludur.

2010-cu ilin iyul ayından etibarən Ş.Babayev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində qumbaraatan vəzifəsinə təyin edilib. Xidmətdə çalışqanlığı və komandanlığın etimadını doğrultması nəzərə alınaraq, o, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) hərbi təhsil almağa göndərilib. 2012-2014-cü illərdə burada təhsil aldığı dövrdə kursant kimi öz hazırlığı ilə fərqlənib.

2018-ci ilin fevral-iyun aylarında Şamil Türkiyə Cümhuriyyətinin Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jan-darm zabit komando təməl kursu keçib. Bu kursda yiyələndiyi biliklər və qazandığı praktiki təcrübə onun xüsusi təyinatlı kimi peşəkarlıq səviyyəsinin yüksəldilməsində vacib rol oynayıb.
Kursdan sonra “N” saylı hərbi hissədə əvvəlki vəzifəsində xidmət edən Şamil tabeliyindəki şəxsi heyətin də döyüş və mənəvi-psixoloji hazırlığının müasir tələblər səviyyəsində artırılması yönündə öz səylərini əsirgəməyib. Komandir kimi daim onlara xüsusi təyinatlı üçün xas olan keyfiyyətlərin aşılanmasına üstünlük verib. Bununla yanaşı, onunla xidmət edənlər nəcib insani keyfiyyətlərini, şəxsi heyətə qayğıkeşliyini də vurğulayırlar. Heç vaxt silahdaşlarının hansısa probleminə, çətinliyinə laqeyd qalmayıb.
Vətən müharibəsi başlayanadək Şamil “kapitan” hərbi rütbəsinədək yüksəlib. 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı və müxtəlif həvəsləndirmə növləri ilə mükafatlandırılıb. Peşəkar və öz məsləyinə sadiq olan zabit kimi fəaliyyəti onun hərbi karyerasında yüksəlişi üçün tutarlı bünövrə yaratmışdı. Ancaq onu həyatda müqəddəs bir zirvə gözləyirdi...
Dağlıq Qarabağda erməni separatizminin baş qaldırdığı ildə anadan olmuş Şamil Birinci Qarabağ müharibəsi dövründə kiçik yaşlarında idi. Sonradan həmin müharibə haqqında dayısının və böyük qardaşının söhbətlərini dinləmişdi. Həmkəndliləri və qohumları arasında o vaxt şəhid olmuşlar barədə də məlumatı vardı. O, özünü şəhid və qazilərimizin yolunun davamçısı kimi görürdü. Şamil və onun kimi neçə-neçə qeyrətli gəncin Vətən sevgisindən irəli gələn əsas həyat amalı itirdiyimiz torpaqları qan töküb, can verib geri almaq, illərlə acısını çəkdiyimiz bu qəbuledilməz gerçəkliyi dəyişmək idi.

Şuşa əməliyyatının bizim zəfərimizlə başa çatması üçün bir zabit kimi onun və komandiri olduğu döyüşçülərin də göstərdiyi rəşadət barədə hələ çox danışılacaq və yazılacaq. Bu əməliyyatın bir sıra unikal taktiki xüsusiyyətləri hərbi dərsliklərə yazılacaq. Yüksəklikdə və mürəkkəb relyefə malik ərazidə yerləşən Şuşanın texnikasız, dağ-meşə cığırları ilə yaxınlaşaraq, sıldırım qayalar üzərindən qalxaraq, qətiyyətli həmlə edilməklə işğaldan azad olunması qəhrəmanlıq nümunəsidir.
Kapitan Ş.Babayev 2020-ci il noyabrın 7-də Şuşa şəhərində olduğu mövqenin düşmən tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bədəninin bir neçə nahiyəsindən ağır yaralanıb. Zabitə tibbi yardım göstərilsə də, şəhər və ətrafı atəş altında olduğundan, 7-8 noyabrda qospitala təxliyyəsi mümkün olmayıb. Şəhərdə yerləşdirildiyi sığınacaqlar da düşmənin şiddətli atəşinə məruz qalıb. Şamilin aldığı ağır yaralardan vəziyyəti kəskin pisləşib və o, noyabrın 8-də silahdaşlarının yanında dünyasını dəyişib.
16.11.2020-ci ildə Naxçıvan MR Ədliyyə Nazirliyinin Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədə isə kapitan Ş.Babayevin öldüyü tarix 10.11.2020-ci il qeyd edilib.
Kapitan Ş.Babayev Camaldın kəndinin qəbiristanlığında dəfn olunub. Məzarı üzərinə həkk edilən ölüm tarixi də 10.11.2020-ci ildir.

Şuşada ağır yaralandıqdan sonra Şamil ölümqabağı kəlmeyi-şəhadətini də söyləyib. Döyüşçülər onun həyatının xilas edilə bilməməsinin üzüntüsünü qəlblərində həmişə yaşayacaqlar.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla kapitan Ş.Babayev ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid haqqında “Komando” adlanan videofilm çəkilib. Şamil evli idi, 6 yaşlı bir oğul yadigarı qalıb, adı Yusifdir. Yusif üçrəngli bayrağımızı sevir, hərbi formaya rəğbətlə yanaşır. Atasının əşyaları və şəkillərinə kədərlə baxır. Bu əşyalar və şəkillər həyatı boyu onun qəlbində bir nisgil oyadacaq və atasının yoxluğunu xatırladacaq. İnanırıq ki, o, böyüyüb Şamilin adına layiq övlad olacaq, Vətən torpağını da onun kimi göz bəbəyi kimi qoruyacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yalçın Abbasov
DİN-in Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist