“Evə qələbə sevinci ilə qayıdacam…” 

 Qarabağ uğrunda qəhrəmancasına şəhid olmuş igid oğullarımız haqqında danışmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir. İndi haqqında söz açacağım qəhrəman əsgər yoldaşım olmuş və Ağdam rayonunun ərazisində yerləşən Fərrux dağı uğrunda şəhid olmuş Muradxanov Rövşən Muradxan oğludur. O, 1992-ci ilin may ayında Xaçmaz rayonunun hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.

Hazırda 67987 saylı hərbi hissədə xidmət edən baş leytenant Bəxtiyar Əliyev Rövşənlə bağlı döyüş xatirələrini bölüşdü: “Rövşən xidmətə məndən bir neçə həftə gec gəlməsinə baxmayaraq, tez bir zamanda hərbi xidmətin qanunauyğunluqlarına yiyələnmək üçün səylə çalışırdı. Çünki  bilirdi ki, gec-tez torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi üçün bizə də növbə çatacaq.

Xidmətə gəlməmişdən əvvəl texnikaya həvəsi olduğundan sürücülük məktəbini bitirmişdir. O, komandirləri tərəfindən verilmiş hər bir tapşırığın öhdəsindən layiqincə gəlir və verilən tapşırıqların yerinə yetirilməsinə həvəslə yanaşırdı. Beləcə, 12 iyun 1992-ci ildə Montində yerləşən alayımız Ağdam istiqamətində gedən döyüşlərə cəlb olundu. Rövşən də bizimlə bərabər Naxçıvanik, Aranzəmin, Pircamal uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edirdi. Müəyyən bir vaxtdan sonra biz onunla fərqli mövqelərə yollandıq. Hər hansı bir döyüş tapşırığının alınması zamanı Cinli adlanan kənddə toplaşırdıq və onunla yalnız həmin kənddə görüşürdük.

Evə məktub yazarkən burada hər şeyin yaxşı olduğunu, ondan ötrü narahat olmamalarını və tez bir zamanda erməni quldurlarını torpaqlarımızdan qovub çıxaracağımızı qeyd edirdi. İstəmirdi ki, onun yanına ailə üzvlərindən gələn olsun. Deyirdi ki, tezliklə qələbə sevinci ilə evə qayıdacaq. O buna hədsiz dərəcədə inanırdı...

...Artıq biz onunla tez-tez görüşürdük. Çünki hər gün Fərrux dağı uğrunda gedən döyüşlərdə qarşılaşırdıq. Sentyabr ayının 22-dən etibarən döyüşlər daha da şiddətlənməyə başlamışdı. Döyüşlər zamanı şəhid olmuş və yaralanmış əsgər yoldaşlarımızı gördükcə Rövşənin erməni cəlladlarına qarşı nifrəti birə-beş artırdı. Şəhidlərimizin qanının yerdə qalmayacağını böyük inamla qeyd edirdi.

Sentyabrın 25-də gecəyarı şəxsi heyət təyin olunmuş yerə getmək üçün yola düşdü.

26 sentyabr 1992-ci il. Tabor komandirimiz mayor Məhəmməd Hacıyev tərəfindən yerləşdiyimiz mövqe üzrə döyüş əmri verildi. Sübh tezdən ermənilərin yerləşdiyi mövqelərə hücum başlandı. Hücum zamanı bir neçə erməni qulduru məhv edildi. Bu zaman Rövşən də bizim sıralarımızda idi. O, yaralı erməni əsgərinə nifrət hissilə “sizin ayağınız bir də bu torpağa dəyməyəcək!”, deyərək onu məhv etdi. Biz bir neçə saat postlarda mövqe tutduqdan sonra düşmən qüvvələri böyük sayda şəxsi heyət və texnika ilə hücuma keçdilər. İki saat çəkən qızğın döyüşdən sonra mövqelərimizi dəyişməyə məcbur olduq. Fərrux dağının tam mərkəzində tabor yenidən toparlandı. Bu zaman iki əsgərimizin yaralı vəziyyətdə yuxarı mövqedə qaldıqlarını söylədilər. Onlardan biri də Rövşən idi. Tabor komandiri mayor Məhəmməd Hacıyev yaralılarımızın düşmən əlinə keçməməsi üçün onların gətirilməsini əmr etdi. Daşnakların gözləmədiyi anda onların üzərinə hücuma keçdik. Hücum zamanı istədiyimizə nail olsaq da, onları sağ görə bilmədik. Şərəfsiz erməni cəlladları Rövşəni amansızcasına və faciəvi şəkildə qətlə yetirmişdilər. İnsan qanına susamış qəsbkarlar Rövşəni yaralı şəkildə ağaca bağlayaraq ağır işgəncələr verərək qətlə yetirmişlər. Bu vəhşiliyi görən əsgər yoldaşlarımız çox kədərli bir an yaşadılar. Beləliklə, əsgər yoldaşlarımız tərəfindən hər iki şəhidimizin cəsədi dağdan aşağı endirildi.

Həmin günün axşamı mən özüm də yaralandığım üçün aşağıda yerləşən mövqeyə gətirildim. Burada heç zaman yaddaşımdan çıxmayan bir hadisənin şahidi oldum. Rövşənin atası Muradxan kişi oğlu ilə görüşmək üçün ön xəttə gəlmişdi. Təəssüf ki, görüşünə gəldiyi oğlunun tabutunu aparmalı oldu. Doğrudan da çox sarsıdıcı bir mənzərə idi. İnanıram ki, Rövşənlə bərabər bütün şəhidlərimizin qanları yerdə qalmayacaq!”.

Allah rəhmət eləsin!

Xaçmaz rayon Ləcət kənd orta məktəbi şəhid Rövşən Muradxanovun adını daşıyır.

Əsgər qazeti № 13, 15 iyul 2014-cü il.