DİN-in Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətini uğurla yerinə yetirməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər dəfə qoşunlarımızın hərbi hissələrində olarkən döyüş hazırlığı ilə yanaşı, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olması, onların yaşayış tərzi ilə maraqlanması zabit, gizirlərimizdə sözün əsl mənasında döyüş ruhunu yüksəldir. Cənab Ali Baş Komandanın xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımız daima bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı daima doğrultmağa çalışacaqlar.


Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının
13-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak etmişdir


2005 ci ilin mart ayının 12-də qoşunların Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində təşkil olunmuş mərasimdə Prezident İlham Əliyev nitq söyləmişdir:

 İldönümü münasibətilə şəxsi heyəti təbrik edən döblət başçısı qeyd etmişdir ki, Daxili Qoşunlarda xidmət edən şəxsi heyət Azərbaycanın ərazi bütövlüyü uğrunda cəsarətlə vuruşmuşdu, şəhidlər vermişdi və torpaqlarımızın qorunması uğrunda böyük işlər görmüşdür. Azərbaycanın gələcəyi, Azərbaycanın müqəddəratı məhz o illərdə müəyyən olunurdu. Azərbaycan hansı yolla inkişaf edə bilər, Azərbaycanda sabitlik yaranacaq, yoxsa yaranmayacaq - bütün bu məsələlər hər bir vətəndaşı narahat edirdi, düşündürürdü. Azərbaycan xalqı yalnız və yalnız öz müdrikliyi, uzaqgörənliyi sayəsində ümummilli liderinə üz tutub onu Azərbaycana dəvət etdikdən və xalqımızın lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət tamamilə dəyişdi. Anarxiyaya, xaosa son qoyuldu, yaşanan böhranın acı nəticələri yavaş-yavaş aradan qaldırılmağa başladı. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Atəşkəs rejimi yarandı və bu Azərbaycana imkan verdi ki, öz potensialını hərtərəfli inkişaf etdirsin. Atəşkəs rejimi bu gün də mövcuddur.

Əldə edilmiş nailiyyətlərin qorunmasını önə çəkən Prezident İlham Əliyev gələcəkdə bu istiqamətdə daha böyük işlərin görülməsinin vacibliyini vurğulayıb:
"Bunun üçün ölkədə ictimai-siyasi vəziyyət sabit olmalıdır. Sabitlik olmayan yerdə heç vaxt inkişaf ola bilməz. Hər bir inkişafın başlıca şərti sabitlikdir. Bu sabitlik Azərbaycanda var, bu sabitlik möhkəmdir. Sabitliyi pozmaq istəyən qüvvələr də əminəm ki, yaxşı başa düşürlər ki, buna cəhd edənlər layiqli cavabını alacaqlar. Biz imkan verə bilmərik ki, Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşsin, sabitlik pozulsun və vətəndaşlarımızın hüquqları pozulsun. Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

Son illər ərzində Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir. Azərbaycanda ictimai-siyasi vəziyyətin qorunması və möhkəmləndirilməsi bizim hamımız üçün başlıca şərt olmalıdır. Yalnız bu şəraitdə ölkə uğurla inkişaf edə bilər. Biz hamımız bilirik ki, Azərbaycanın çox gözəl, parlaq gələcəyi olacaqdır".

Sonra cənab Ali Baş Komandan Daxili Qoşunların təchizat məsələləri ilə bağlı əsas məqamlara toxunaraq bu sahənin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir:
"Bu istiqamətdə də böyük addımlar atılıbdır. Deyə bilərəm ki, Daxili İşlər Nazirliyi tərəfindən mənə edilmiş bütün müraciətlər, xahişlər müsbət cavab alıbdır. Bü gün burada gördüyümüz texnikanın böyük hissəsi son bir il ərzində alınıbdır. Biz buna böyük əhəmiyyət veririk. Ümumiyyətlə, Azərbaycanın hər bir sahəsi, xüsusilə hərbi sahə yeni texnika ilə təchiz olunmalıdır. Azərbaycanın imkanları genişlənir. Maddi vəziyyət yaxşılaşır və iqtisadi siyasətimizin əsas məqsədi də odur ki, ölkədə güclü iqtisadi potensial yaransın və biz bütün məsələləri uğurla həll edə bilək. Hesab edirəm ki, texnikanın alınması prosesi davam etdiriləcəkdir. Qarşımıza yeni məsələlər çıxa bilər. Ona görə biz bunu edəcəyik.

Eyni zamanda, şəxsi heyətin sosial məsələləri də öz həllini tapır. Maaşlar qaldırılıb, bütövlükdə Azərbaycanda bu meyillər artıq güclənibdir. İnsanlarımızın həyat səviyyəsinin yaxşılaşması bizim üçün, hökumət üçün prioritet məsələdir. Azərbaycanda yoxsul adam olmamalıdır, işsiz adam olmamalıdır. Məhz bu məqsədlə regional inkişaf Proqramının həyata keçirilməsi nəzərdə tutulub və o, uğurla həyata keçirilir. Bütün digər proqramlar - yoxsulluğun azaldılması proqramı və s. həyata keçirilir. Ancaq buna vaxt lazımdır.

Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı çox böyükdür, hardasa 40 faizdir. Biz çalışırıq ki, bunu azaldaq və azaldacağıq. Minimum əmək haqqının iki dəfə qaldırılması məhz bu məqsədi daşıyır.

Biz elə etməliyik ki, hər bir vətəndaş, hər bir azərbaycanlı yaxşı yaşasın. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Bizim gördüyümüz işlərin məqsədi də budur. Bu işləri düşünülmüş proqramlar - iqtisadi inkişaf Proqramı, regional inkişaf Proqramı və digər sosial proqramlar əsasında görürük. Azərbaycanda cinayətkarlığa qarşı mübarizə güclənməlidir. Bu istiqamətdə bu vaxta qədər böyük işlər görülüb və Daxili İşlər Nazirliyi tərəfindən cinayətkarlar ifşa olunubdur. Bir neçə cinayətkar dəstə zərərsizləşdirilibdir. Bu gün ölkədə hökm sürən əmin-amanlıq, asayiş onu göstərir ki, bu istiqamətdə uğurlara nail ola bilmişik. Xüsusilə qonşu ölkələrlə müqayisədə, keçmiş Sovet İttifaqı respublikaları ilə müqayisədə statistika da onu göstərir ki, Azərbaycan ön sıralardadır. Amma eyni zamanda, bu mübarizə lazımi səviyyədə deyildir. Burada çox böyük nöqsanlar var və ciddi işlər görülməlidir ki, nöqsanlar tezliklə aradan götürülsün".
Həmin gün Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə qoşunların istifadəsində olan ən müasir silahlar, texnikalar nümayiş etdirilib. Cənab Prezident əsgər kazarmalarında olmuş, şəxsi heyətlə birgə nahar etmişdir.

Prezident İlham Əliyev Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində

 Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev 2006-cı il martın 1-də Bərdə şəhərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni yaradılan “N” hərbi hissəsinin inzibati binasının tikintisi ilə tanış olmuşdur.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov Ali baş komandana məruzə edərək dedi ki, yerli icra hakimiyyəti tərəfindən hərbi hissənin yaradılması üçün 10 hektar sahə ayrılmışdır. Qərargah, əsgər yataqxanası, yeməkxana, camaşırxana binalarının tikintisi artıq başa çatmışdır. Klub, avtomobil qarajları, idman kompleksi, nəzarət-buraxılış məntəqəsi, tibb, qarovul məntəqələri, emalatxana və anbarlar da tikiləcəkdir. Gələcəkdə ikinci korpusun tikilməsi üçün də yer vardır. Zabitlər üçün də yataqxananın inşası da planlaşdırılır.

Prezident İlham Əliyev yeni yaradılan hərbi hissənin yerləşəcəyi ərazinin maketi və layihəsi ilə yaxından tanış oldu, nəzərdə tutulan işlərə tezliklə başlanılmasının vacibliyini vurğuladı, bunun üçün lazım olan vəsaitin ayrılacağını bildirdi. Ali baş komandan tikinti işlərinin keyfiyyətinə xüsusi diqqət yetirilməsini tövsiyə etdi.


***

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Ağdam və Ağcabədi rayonlarına səfəri çərçivəsində 2008-ci il yanvarın 17-də Daxili Qoşunların “N” hərbi hissəsində olmuşdur. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə raport verdi.

 Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə yaxından tanış oldu. Məlumat verildi ki, hərbi hissənin yeni binası qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə inşa edilmişdir. Ali baş komandanın birbaşa tapşırığı ilə bütün hərbi hissələrdə olduğu kimi, burada da əsgərlərin nümunəvi xidmət göstərməsi üçün bütün lazımi şərait yaradılmışdır.
Hərbi hissənin birinci mərtəbəsində müstəqil Azərbaycan dövlətinin memarı, milli ordu quruculuğunun əsasını qoymuş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə təşkil olunmuşdur.

Ali baş komandan guşəyə, əsgər kazarmasına baxdı, əsgərlərin geyimlərinin keyfiyyəti ilə maraqlandı. Bildirildi ki, burada istifadə üçün bütün əşya və ləvazimatlar ən müasir tələblər səviyyəsindədir. Müxtəlif növ geyim dəstləri ölkəmizdə istehsal edilib və olduqca keyfiyyətlidir.

Prezident İlham Əliyev müasir tələblər səviyyəsində hərbi geyimlərin, çarpayı və yataq dəstlərinin və digər ləvazimatların ölkəmizdə istehsal olunmasını yüksək qiymətləndirdi.
Ali baş komandan daha sonra hərbçilərin təlim–tədris mərkəzi ilə tanış oldu. Bildirildi ki, əsgərlərin hərbi hazırlığının yüksəldilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi üçün mərkəzdə bütün şərait vardır.
Prezidentə məlumat verildi ki, ailə qurmuş zabitlərin və gizirlərin hərbi hissədə yaşaması üçün xüsusi mənzillər də tikilmişdir. Ərazidə yeni yardımçı binaların inşasına da başlanılmışdır.


***

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində, 2009-cu il martın 2-də Daxili Qoşunların “N” hərbi hissəsi üçün inşa olunmuş şəhərcikdə olmuşdur.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali baş komandana raport verdi.
Şəhərcikdə əsgərlərin hərbi hazırlığı, məişəti, istirahət vaxtlarını mənalı keçirmələri üçün lazımi şərait yaradılmışdır. Bu barədə Ali baş komandana məlumat verildi.
Dövlətimizin başçısı əsgər yataqxanası ilə də tanış oldu.


Prezident İlham Əliyev Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində

Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində 2011-ci il sentyabr 24-də Daxili Qoşunların “N” saylı hərbi şəhərciyinin açılışında iştirak etmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlət başçısı hərbi şəhərciyin maketi ilə tanış oldu.

 Bildirildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Quba rayonunun Aşağı Atuc kəndi ərazisində inşa olunan Daxili Qoşunların “N” saylı hərbi şəhərciyində yaradılan şərait də bunun əyani nümunəsidir. İnşasına 2010-cu ilin martında başlanan və 20 hektar ərazidə salınan hərbi şəhərcikdə beşmərtəbəli qərargah və əsgər yataqxanaları və 60 mənzilli altımərtəbəli zabit yataqxanası yerləşir.

Şəhərcik ərazisində əsgər yeməkxanası, tibb məntəqəsi, silah-sursat və əmlak anbarları, avtopark, sıra meydançası və tribuna, 10,4 kilovoltluq transformator yarımstansiyası, iki artezian quyusu, hər biri 300 ton tutumu olan iki su anbarı, çirkab su anbarları və gözətçi qüllələri yerləşir. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuşdur. 17 hektar ərazi tam abadlaşdırılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Qeyd olundu ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilmişdir. Hərbi şəhərciyi fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək məqsədilə uzunluğu 11,6 kilometr olan “Atuc-1” və “Atuc-2” hava xətləri, 2,5 kilometrlik qaz xətti çəkilmişdir.

Sonra dövlət başçısı hərbi şəhərcikdə yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr vurulmuşdur. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə, eyni zamanda, döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar da əks olunmuşdur.

Digər mərtəbələrdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev əsgər yataqxanasına baxdı. Diqqətə çatdırıldı ki, əsgərlərin geyimləri ayrıca yaradılan əmlak otağında lazımi şəraitdə saxlanılır, silah-sursat üçün xüsusi otaq yaradılmışdır. Binada əsgərlərin bilik və bacarıqlarının artırılması üçün ictimai-siyasi və mədəni-maarif işləri otağı da fəaliyyət göstərir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin şəxsi heyətinin silahlanması, texnika və xüsusi vasitələrin təqdimatı ilə tanış oldu.
Prezident İlham Əliyevə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin baş geyimi hədiyyə edildi.

Yeməkxanada yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verildi ki, burada əsgərlərin və zabitlərin normal qidalanmasına ciddi nəzarət edilir. Tibb otağı da bütün lazımi avadanlıqla təmin olunmuşdur. Burada fizioterapiya, ambulator qəbul otaqları, əczaxana və diş həkimi kabinetlərində xidmət müasir tələblər səviyyəsində təşkil edilmişdir.
Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.


Prezident İlham Əliyev Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində

Prezident İlham Əliyev 2013-cü il aprelin 16-da Daxili Qoşunların  “N” saylı hərbi hissəsinə yenidənqurmadan sonra baxış keçirmişdir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

 Məlumat verildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nizami ordu quruculuğu siyasəti Azərbaycanı regionda ən güclü orduya malik dövlətə çevirmişdir. Son on il Daxili Qoşunların fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Cəmiyyətin və dövlətin mənafeyinin, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların əsgər və zabitləri ötən illər ərzində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər bu qurum üçün də yeni inkişaf dövrü kimi xarakterizə olunur. Qarşıya qoyulan xidməti vəzifələrini şərəflə yerinə yetirməyə qadir olan Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın milli mənafelərinin keşiyində ayıq-sayıq dayanmışdır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən biridir. Daxili Qoşunlar artıq yüksək peşəkarlığa malik, mənəvi-psixoloji hazırlığı mükəmməl olan bir quruma çevrilmişdir.

Dövlətimizin başçısı hərbi hissənin yenidən qurulması layihəsi və maketi ilə tanış oldu. Bildirildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir. 19 hektar ərazidə salınan hərbi şəhərcikdə yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcəkdir. Birinci mərhələdə inşasına ötən ilin martında başlanan beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxana, nəzarət-buraxılış məntəqəsi tikilmişdir. Ərazi hasarlanaraq, geniş sıra meydanı yaradılmış, daxili kommunikasiya xətləri çəkilmişdir. Şəhərciyin ərazisində yaşıllaşdırma işləri aparılmışdır. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuşdur. Birinci mərhələdə tikilən bina və qurğuların ümumi sahəsi 7 min 674 kvadratmetrdir. Növbəti mərhələdə isə şəhərcik ərazisində 400 nəfərlik beşmərtəbəli əsgər yataqxanası, 60 mənzilli altımərtəbəli yaşayış binası, silah-sursat anbarı, 100 avtomaşınlıq avtopark tikiləcəkdir. Həmçinin burada qarovul məntəqəsi, hamam və çamaşırxana, qazanxana, transformator yarımstansiyası, nasosxana və gözətçi qüllələrinin tikintisi nəzərdə tutulmuşdur.

 Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilmişdir.

Sonra Prezident İlham Əliyev hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr qurulmuşdur. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə, eyni zamanda, döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar da əksini tapmışdır. Yeni inşa olunan qərargah da bütün zəruri kommunikasiya sistemləri, mebel və inventarla təmin olunmuşdur.
Azərbaycan Prezidenti hərbi şəhərciyin ərazisini gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxdı, zabit ailələrinin yaşayış şəraiti ilə maraqlandı.
Dövlətimizin başçısı hərbçilərin uşaqları ilə xatirə şəkli çəkdirdi.

Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. 

 

Prezident İlham Əliyev Daxili Qoşunların İsmayıllı və Qəbələ rayonlarında yerləşən “N” saylı hərbi hissələrində

Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak etdi.
 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
 
Dövlət başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış oldu. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxdı.