Əsgər qəzetinin nömrələri. 2014
Əsgər qəzetinin nömrələri. 2015
Əsgər qəzetinin nömrələri. 2016
Əsgər qəzetinin nömrələri. 2017
Əsgər qəzetinin nömrələri. 2018
Əsgər qəzetinin nömrələri. 2019
Əsgər qəzetinin nömrələri. 2020
Əsgər qəzetinin nömrələri. 2021
Əsgər qəzetinin nömrələri. 2022
Əsgər qəzetinin nömrələri. 2023
Əsgər qəzetinin nömrələri. 2024
Əziz silahdaşlarımız!
Daxili Qoşunların hərbi vətənpərvərlik qəzeti olan “Əsgər”in nəşri Azərbaycanın çox çətin bir dövrünə təsadüf etmişdi. İlk sayının 1992-ci il dekabr ayının 16-da işıq üzü görən “Əsgər” qəzetinin nəşri döyüşçülərimiz üçün əlamətdar hadisə idi.
“Əsgər” qəzeti nəşrə başladığı ilk gündən canını Vətən yolunda fəda etməyə hazır olan oğullarımızla yanaşı bir cəbhədə olmuşdur. Qəzetin inandığı, etibar etdiyi mənbə də elə səngərdə dayanan əsgərlər idi. Bir sözlə, əsgərlərin ən etibarlı silahdaşı olaraq, düşmənə qarşı aparılan müharibədə onlarla yanaşı addımlamışdır.
Daxili Qoşunların şəxsi heyətinin Vətənə məhəbbət və sədaqət ruhunda tərbiyə olunması istiqamətində fəaliyyət göstərən “Əsgər” qəzeti yarandığı gündən hərbi vətənpərvərlik ideyasına sadiq qalmışdır. “Əsgər” Daxili Qoşunların dünənini unutmur, mütəmadi olaraq o günlərə bir də qayıdır.
Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərən hərbi qulluqçularımızın xidməti-döyüş fəaliyyəti hər zaman “Əsgər” qəzetində uğurlu yazılarla işıqlandırılmışdır.
Bu gün Daxili Qoşunlardakı dinamik inkişaf, quruculuq-abadlıq işləri, dövlət və dövlətçiliyimizin müdafiəsində ayıq-sayıq dayanan hərbi qulluqçularımızın cəsarətli, fədakar xidmətləri qəzetimizdə öz əksini tapır.
Bu baxımdan deyə bilərik ki, qəzetin səhifələrində qəhrəman keçmişimizə, müasir ordu quruculuğuna, qoşunlarda həyata keçirilən müsbət irəliləyişlərin təbliğinə geniş yer verilir.
Eyni zamanda “Əsgər” hərbi intizamın möhkəmləndirilməsi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi, qoşunların inkişafı naminə fədakar əməyini əsirgəməmişdir.Daxili Qoşunların şəxsi heyəti “Əsgər”in hər sayını böyük səbirsizliklə gözləyir. Qoşunların həyatının bir parçası olan “Əsgər” qəzetinin ilk nəşri Azərbaycanın taleyinin şərəfli bir zamanına, müstəqillik qazandığımız dövrü ilə eyni vaxta təsadüf etdiyindən eyni taleyi yaşamışdır. Nə böyük şərəf ki, “Əsgər” müstəqil Azərbaycanımızla həmyaşıddır.
Müstəqilliyimiz, dövlətçiliyimiz əbədi olduğu kimi, “Əsgər”in də ömrü çox uzun olacaq. İnanırıq ki, qəzetimizin növbəti saylarında qələbə müjdəli məqalələr biri-birini əvəzləyəcək...
"ƏSGƏR" 22-Cİ İLİNDƏ
DİN-nin Daxili Qoşunlarının mətbu orqanı "Əsgər" qəzetinin ilk sayı 16 dekabr 1992-ci il tarixdə nəşr olunub.
Əziz охucular!
Müharibənin bütün ağrısı, əzabı ilə birgə addımlamış, sərt sınaqlarla üz-üzə gəlmiş, döyüşlərdə bərkimiş, sıralarında çox bacarıqlı igid oğulları cəmləyə bilmiş Daxili Qoşunların hərbi vətənpərvərlik qəzeti olan “Əsgər”, 22 ildir ki sizinlə görüşə gəlir. Bu illərin arxasında Vətənin dərdi, qayğısı ilə yüklənən, müxtəlif, dəyişkən məqamlarda öz mövqeyini qoruyub saxlayan, sözünü ancaq və ancaq yurd təəssübü çəkən mübariz oğullara deyən mətbu orqan dayanır. 22 il ərzində Daxili Qoşunlarla çiyin-çiyinə addımlayaraq, onun yaranması, formalaşması, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətin, əmin-amanlığımızın, dövlətçiliyimizin keşiyində müsəlləh dayanmasının, keşməkeşli yollarının, uğurunun, inkişafının şahidi olmuşuq. Oxucularla hər görüşümüzdə məsuliyyət, həyəcan hissləri keçiririk. Anlayırıq ki, düşünmədən deyilən, yazılan bir kəlmə bizim xidmət etdiyimiz məqsədin üzərinə kölgə sala bilər. İstəmişik ki, yazdıqlarımız qəlbinizə yaxın olsun və bunun müqabilində sizdən nə isə bir xoş söz eşidək. Razılığınızı məmnunluqla qəbul etmişik, iradlarınıza hədsiz məsuliyyət hissi ilə yanaşmışıq. Əgər bu iradlar yerində deyilibsə, biz onu tezliklə aradan qaldırmağa, bir daha təkrar etməməyə çalışmışıq.
“Əsgər”in nəşri Azərbaycanın çox çətin bir dövrünə təsadüf etmişdi. Еlə bir dövrə ki, həmin dövrdə müəyyən qurumlara, ayrı-ayrı şəxslərə xidmət edən qəzetlər bolluğu yaranmışdı. Bu qəzetlərin mövqeyi, hansı ideyaya xidmət etməsi məlum deyildi. Məhz belə bir qarışıq məqamda “Əsgər” qəzeti nəşrə başladı. Cəsarətlə deyə bilərik ki, ilk gündən “Əsgər” bir cəbhədə döyüşüb sözünü ancaq xalqa, canını Vətən yolunda fəda edən və buna hazır olan oğullarımıza ünvanlayıb. Əməkdaşlarımızın inandığı, etibar etdiyi mənbə də elə səngərdə dayanan əsgərlər olub.
O illəri həyacansız xatırlamaq olmur. Bizim nəsil müharibəni görməyib. Müharibə haqqında ancaq kitablarda oxumuşuq, filmlərdə görmüşük. Bilirdik ki, müharibə fəlakətdir, faciədir. Bu fəlakətin tüğyan etdiyi bir zamanda çox görkəmli ziyalılarımız cəbhə qəzetləri nəşr ediblər. Bu qəzetlərin də o vaxt əsgərlərdə yaratdığı yüksək hisslər ölçüyəgəlməzdir.
Azərbaycanımızın da fəlakətlə üz-üzə dayandığı bir vaxtda, belə bir missiya-cəbhə qəzeti nəşr etmək kimi gərəkli bir vəzifə bizə nəsib oldu. Bu, çox şərəfli bir iş idi. Çünki sadəcə olaraq qəzet nəşr etmək qarşıya məqsəd qoyulmamışdı. Məqsəd Azərbaycana qarşı başlanan ədalətsiz müharibədə Daxili Qoşunların döyüş yolunu real faktlara əsaslanaraq, heç bir təhrifə yol vermədən əbədiləşdirmək istəyi idi. "Əsgər" bu işin öhdəsindən az da olsa gəldi. Çox çətinliklərlə - maliyyə çətinliyi, kağız qıtlığı, mənəvi sarsıntılarla üzləşsə də, “Əsgər” döyüş yolunu əbədiləşdirdiyi əsgər və zabitlər kimi, bütün bunlara mətanətlə sinə gərərək hər bir çətinliyi dəf edibdir.
Ağrı-acı dоlu müharibədə rеdaksiyanın əməkdaşları ərazi bütövlüyümüz uğrunda həyatını fəda edən oğullarımızın, anaların dərdinə şərik çıхaraq оnlarla daima ünsiyyətdə olmuş, övladlarının çox şərəfli bir məqsəd üçün həlak olduğunu anlatmağa çalışmışlar.
“Əsgər” öz səhifələrində Azərbaycanın çox görkəmli şəxsiyyətləri, yazıçıları, şairləri, incəsənət xadimləri ilə əsgərləri görüşdürüb.
Qəzetimizin Azərbaycanda o qədər də inkişaf etməyən hərbi jurnalistikanın da inkişafında fəaliyyəti danılmazdır. İlk addımlarını “Əsgər”də atan jurnalist həmkarlarımız artıq digər hərbi mətbu orqanlarda çalışır.
“Əsgər” Daxili Qoşunların dünənini unutmur, mütəmadi olaraq o günlərə bir də qayıdır. Bu gün Daxili Qoşunlardakı sürətli quruculuq işləri, dinamik inkişaf, dövlətimizin müdafiəsində, ictimai asayişin keşiyində, vətəndaşların konstitusion hüquqlarını cinayətkar və digər hüquqazidd qəsdlərdən qoruyan zabit və əsgərlərin cəsarətli, fədakar xidmətləri qəzetimizdə öz əksini tapır.
Daxili Qoşunların хarici ölkələrin müvafiq qurumları ilə, хüsusilə də Türkiyə Cümhuriyyəti Jandarm Baş Komandanlığı ilə qarşılıqlı əməkdaşlığının bütün sahələri ilk dövründən mərhələ-mərhələ qəzetin səhifələrində tarixə çevrilir.
Daхili Qоşunların həyatının şərəfli bir parçasına çеvrilmiş “Əsgər”in ilk nəşrindən 22 il keçir. Bizim 22 illik tariximiz Azərbaycanın taleyinin şərəfli bir zamanına, müstəqillik qazandığımız dövrü ilə eyni vaxta təsadüf etdiyindən охşar taleyi yaşamışıq. Nə böyük şərəf ki, “Əsgər” müstəqil Azərbaycanımızla həmyaşıddır.
Müstəqilliyimiz, dövlətçiliyimiz əbədi olduğu kimi, “Əsgər”in də ömrü çox uzun olacaq. Ümid edirik ki, qəzetimizin səhifələrində bir daha barıt, səngər qoxulu yazılar dərc olunmayacaq. İllər bizi daha uğurlu, şərəfli günlərə qovuşduracaq.
Təbii ki, bugünkü kоllеktiv də “Əsgər”i ilk yaradanların vətənpərvərlik хəttinə sadiq qalacaq, Bu mövqeyi həmişə qoruyub saxlayacaqlar.
Böyük qələbə sevincini hamınızla bölüşmək ümidi və arzusu ilə...
"Əsgər"