Avqustun 17-də Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün inşa olunan yeni yaşayış binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport vermişdir.

Tədbirdə çıxış edən daxili işlər naziri Əhməd Əhmədov yaradılan yüksək şəraitə görə şəxsi heyət adından minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyənləşdirdiyi tədbirlər uğurla həyata keçirilir. Cəmiyyətin və dövlətin mənafeyinin qorunmasında, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların əsgər və zabitləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Daxili işlər naziri Ramil Usubov muxtar respublikanın sürətlə inkişaf etdiyini bildirmiş, Daxili Qoşunların Naxçıvan Alayının da hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Daxili Qoşunların Naxçıvan Alayının zabitləri üçün yeni xidməti mənzillərin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə alayın şəxsi heyətini təbrik etmişdir.Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mənzillərin orderlərini və açarlarını təqdim etmişlər.
Daxili Qoşunların Naxçıvan Alayının zabiti, baş leytenant Abbas Bağırov yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.

Ali Məclisin sədri ərazidəki binalarda son tamamlama işlərinin keyfiyyətlə aparılması və 4 mərtəbəli yaşayış binasının yenidən qurulması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

“Xalq qəzeti”, 19.08.2013