Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və “Çağ Öyrətim İşlətmələri” şirkətinin birgə layihəsi əsasında Quba şəhərində təşkil olunan “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü düşərgədə Bakı yeniyetmələrinin yay istirahəti başa çatmışdır.

Bu münasibətlə keçirilən təntənəli bağlanış mərasimində bildirilmişdir ki, Bakıdan gəlmiş 200 uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyi Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz “Şahinlər” yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxmışdır.

Uşaqlar Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə, soyqırım qurbanlarının Qubadakı məzarlığına getmişlər. İstirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələlərinə həsr olunmuşdur. Düşərgədə Vətənimizin, xalqımızın tarixindən bəhs edən müxtəlif mövzularda məşğələlər, maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş etdirilmişdir.

Düşərgənin bağlanış mərasimində Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar. İdman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları, fərqlənmiş dəstə rəhbərlərinə və hərbçilərə qiymətli hədiyyələr təqdim etmişlər. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid və müxtəlif fəndlər nümayiş etdirmişlər. Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən konsertdə uşaqlar da öz məharətlərini göstərmişlər.

Maraqlı istirahətdən sonra Bakıya qayıdan məktəblilərin valideynləri təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.

“Xalq qəzeti”, 15.08.2013