Azərbaycan polisi Vətən müharibəsində böyük qəhrəmanlıq və əsl fədakarlıq göstərib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları işğal altındakı ərazilərimizin azad olunmasında xüsusi rəşadət nümayiş etdirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev bildirib.

Daxili Qoşunların “Dəmir yumruq” əməliyyatında fəal iştirak edərək böyük qələbənin qazanılmasına mühüm töhfə verdiyini vurğulayan S.Əliyev deyib: “44 günlük Vətən müharibəsində ölkəmizdəki bütün qoşun növləri, o cümlədən Daxili Qoşunlar iştirak edib, bu döyüşlərdə böyük rəşadət və qəhrəmanlıq göstərib. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Daxili Qoşunların əzmi, cəsarət və qüdrəti qarşısında davam gətirməyən düşmən silah-sursatını döyüş meydanında ataraq işğal altındakı ərazilərdən qaçmağa məcbur olub. Müzəffər Ali Baş Komandanın təltif etdiyi hərbçilər sırasında xeyli sayda Daxili Qoşunların hərbçisinin olması bunun sübutudur”.

Seymur Əliyev bildirib ki, müharibə zamanı və post-müharibə dönəmində polis əməkdaşları ölkəmizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb, bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşüb. Bu gün də Azərbaycan polisi və Daxili Qoşunlar işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər.

Qeyd olunub ki, iyulun 2-də - polis əməkdaşlarının peşə bayramı günündə dövlətimizin başçısının bir qrup polis əməkdaşını təltif etməsi, onları mükafatlandırması dövlətimizin polisimizə, onun fəaliyyətinə yüksək etimadının və diqqətinin təzahürüdür. Bu, təltiflər Daxili İşlər Nazirliyinin uğurlu fəaliyyətindən xəbər verir.
 
 
“AZƏRTAC” Xəbər Agentliyi, Bakı şəhəri, 2 avqust 2021-ci il.