Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın bir sıra nazirliklərin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli əməkdaşları ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm olaraq davam etdirilir.

Ötən həftə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Vüqar Heydərov DQBİ-də mənəvi-psixoloji hazırlıq şöbəsinin rəis müavini mayor Yenibar Hətəmovla birgə DİN Daxili Qoşunlarının hərbi hissələrində, hospitalında və Ali Hərbi Məktəbində plan üzrə baxışlar keçiriblər.

Məqsəd hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar qaydalarının və hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Hərbi hissələrdə bütün xidmət sahələri üzrə baxış keçirilib. Şəxsi heyətlə insan hüquqları, o cümlədən mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb, hərbi qulluqçuların hüquqları ilə bağlı coxsaylı sualları cavablandırılıb. Ombudsman Aparatının əməkdaşları hərbi hissələrdə, o cümlədən hospitalda və Ali Hərbi Məktəbdə şəxsi heyət üçün yaradılmış şərait, habelə rəftar və qidalanmanın vəziyyətini, müalicənin keyfiyyətini müsbət qiymətləndirib. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, yaşayış şəraitinin, qidalanma vəziyyətinin və sağlamlığının təmininin normal səviyyədə təşkili müşahidə edilib.

Başçəkmə zamanı aparatın əməkdaşları "N" saylı hərbi hissənin ərazisində zabit və gizir hərbi qulluqçular üçün inşa olunmuş 102 mənzilli, 12 mərtəbəli, müasir tələblərə cavab verən bina ilə də tanış olublar. Məlumat verilib ki, artıq son tamamlama işlərinin aparıldığı və yaxın günlərdə istifadəyə veriləcək binanın birinci mərtəbəsi hərbçi ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə uşaq bağçası kimi fəaliyyət göstərəcək.

Ombudsman Aparatının əməkdaşları tərəfindən görülən işlərin daha da təkmilləşdirilməsi üçün rəhbər şəxslərə müvafiq tövsiyələr verilib.

"APA" İnformasiya Agentliyi / Bakı, 12 may 2014-cü il