Martın 13-də Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində “Şahinlər” hərbi-idman oyunlarının rayon məktəbləri üzrə final mərhələsi keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. İcra hakimiyyətinin başçısı dövlətimizin gənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu diqqətə çatdıraraq, belə tədbirlərin bu işdə mühüm rol oynadığını vurğulayıb.

T.Budaqov qeyd edib ki, “Azərbaycan gəncliyi-2001-2015-ci illərdə” Dövlət Proqramında gənclərin hərbi hazırlıq səviyyəsinin gücləndirilməsi, onlara hərbi-vətənpərvərlik hisslərinin aşılanması və təbliği məsələləri öz əksini tapıb. Bu yarışlar yeniyetmələrin və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Nizami rayonu ərazisində məktəblərin bilik yarışmalarında, idman oyunlarında və xüsusi müsabiqələrdə əldə etdiyi nailiyyətlərin ali məktəblərə qəbul imtahanlarında rayonun yüksək nəticə qazanmasının, təhsil və idman sahəsində əldə edilən uğurların göstərici olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və başqaları qeyd edib ki, əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsidir.

Sonra rayon üzrə 24 orta ümumtəhsil məktəbinin 400-dən çox şagirdi arasında yarışlar başlanıb. Komandalar iki mərhələdə səkkiz idman növü üzrə müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdirib. İlk olaraq şagirdlər təntənəli marşla tribuna önündən keçib və onların sıra hazırlığının səviyyəsi yoxlanılıb.

Sonra komandalar fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma kimi mərhələlərdə öz qüvvələrini sınayıb. Hərəkətlər təyin olunan hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirilib.

Yarışlarda qalib gələn məktəbin komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıb.
 

"Hərbi And" qəzeti 15 mart 2014-cü il