Əsgər Səxavət Məhərrəmov

Səxavət Məhərrəmov 1973-cü il  dekabrın 5-də Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Gürcüstana köçmüş daha sonra isə Lökbatan qəsəbəsində məskunlaşmışlar. Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirmişdir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olmuşdur. Onun musiqiyə, şeirə həvəsi sonsuz olmuşdur. Yazdığı şeirlərdən də bunu hiss etmək olur.

Döyüşlərdə iştirakı

1992-ci il iyunun 27-də Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlərdə onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşmüşdü. Yoldaşları kimi, 19 yaşında Səxavət də silahı əldən yerə qoymamış, son nəfəsinədək düşmənə qarşı vuruşmuşdur. O, bu döyüşdə bir neçə erməni quldurunun ömrünə son qoymuş, canından əziz tutduğu Vətən uğrunda qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, burada büstü qoyulmuşdur.