Baş leytenant Mətləb Quliyev

9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, Hərbi xidmətini isə Ukraynada keçmişdir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olmuş, 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlamışdır. 1992-ci ildən DİN-ə işə düzəlmişdir.

Döyüşlərdə iştirakı

Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci ilin avqust ayının 31-i idi. Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi. Onlarla erməni yaraqlısını məhv edən Mətləbin sursatının bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Quliyev Mətləb Kamran oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır, məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var.