Kapitan Ənvər Arazov


1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olmuşdur. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra texniki peşə məktəbində oxumuşdur. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdır. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmışdır.

Döyüşlərdə iştirakı

Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində elan olunmamış müharibəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdır. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının rəis müavini olmuş, 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunmuşdur. Göstərdiyi sücaətlərə görə ona kapitan rütbəsi verilmişdir.

Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdir. 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olmuşdur.

Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.