Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

  Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alan kursantlar bizim gələcəyimizdir. Onların mükəmməl hazırlıqlı zabit kimi yetişməsi üçün Ali Hərbi Məktəbdə bütün lazımi işlər görülür. Ali Hərbi Məktəbin rəhbərliyi və müəllim heyəti kursantların peşəkarlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığına, onlarda vətənpərvərlik əqidəsinin formalaşmasına da xüsusi diqqət yetirir. Elə bu məramdan irəli gələrək, Ali Hərbi Məktəblə Daxili Qoşunların Veteranlar Şurası arasında son bir neçə ildə sıx əlaqələr qurulub və birgə tədbirlər təşkil olunur. Təşkilatımız kursantların şərəfli ənənələr ruhunda təlim-tərbiyəsi işinə öz töhfəsini verir.
 
  Dekabrın 24-də Daxili Qoşunların veteranlarının bir qrupu Ali Hərbi Məktəbin qonağı oldu. Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, Daxili Qoşunların Veteranlar Şurası sədrinin müavini Telman Aslanov, Daxili Qoşunların Veteranlar Şurasının üzvü Vaqif Nəsibov, veteranımız Mehralı Şamxalov və bu yazının müəllifinin daxil olduğu heyəti Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov qəbul etdi. O, veteranları Ali Hərbi Məktəbdə növbəti dəfə görməkdən məmnun olduğunu vurğuladı. Qeyd etdi ki, veteranlar Daxili Qoşunların fəxridir. Onların xidmət təcrübəsindən istifadə olunmasına, tərbiyə işində yaxından iştirak etməsinə həmişə ehtiyac duyulduğunu deyən general-mayor İ.Məmmədov, Veteranlar Şurasının gördüyü işləri müsbət qiymətləndirdi.
 
  Söhbət zamanı Ali Hərbi Məktəbdə tədris prosesinin xüsusiyyətləri, hərbi tədrisin praktiki xidmətdən irəli gələn məqamlarla bağlılığı, kursantların təlim-tərbiyəsi işinə müasir tələblər barədə danışıldı. Söhbətin sonunda Veteranlar Şurasının sədri M.Mürsəlov general-mayor İ.Məmmədova Daxili Qoşunların veteranları barədə kitabı təqdim etdi.
 
  Sonra biz Ali Hərbi Məktəbin fəaliyyəti ilə əyani tanış olduq. Kursantların kazarmasına, tədris otaqlarına, yeməkxanaya və tibb məntəqəsinə baş çəkdik. Daxili nizam, səliqə-sahman, hərbi etika və digər müsbət cəhətləri müşahidə etmək xoş təəssürat yaratdı.
 
  Daha sonra kursantlarla görüşümüz oldu. Görüşü Ali Hərbi Məktəb rəisinin tərbiyə işləri üzrə müavini vəzifəsini icra edən mayor Surxay Gülməmmədov açdı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Dövlət Himni səsləndirildi.
 
  Veteranlar Şurasının sədri M.Mürsəlov tədbirdə çıxış etdi. O, kursantları Daxili Qoşunların veteranları adından salamlayaraq, belə görüşlərin artıq müsbət bir ənənə halını aldığını nəzərə çatdırdı. Veteranların hərbi xidmətdə olarkən Daxili Qoşunların formalaşması və inkişafında öz əməyini əsirgəmədiyini, bu gün isə vacib ictimai missiyanı yerinə yetirdiyini bildirdi. Veteranlar Şurası tərəfindən şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsi yönündə görülən işlərdən danışan M.Mürsəlov, torpaqlarımızın bir qisminin işğal altında olduğu bir vaxtda mübarizlik ruhunun qorunub saxlanması, peşəkarlığın artırılmasının əhəmiyyətinə toxundu.
 
  Qeyd olundu ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz regionun güclü dövlətinə çevrilib. Biz başqa dövlətlərdə böhranların, qarşıdurmaların, terror dalğasının şahidi oluruq. Ancaq güclü dövlətçiliyə malik ölkəmiz bu təhlükələrdən özünü qoruyur. Daxili Qoşunlar da daxili işlər orqanları ilə birlikdə ölkəmizdə ictimai asayişin keşiyində mətinliklə dayanıb.
 
  M.Mürsəlov Daxili Qoşunların zabitinin mənəvi keyfiyyətləri, şəxsi heyətin xidməti vəzifələrinin icrasından irəli gələn məqamlar barədə fikirlərini də bölüşdü.
 
  O, kursantlara hərbi təhsillərində uğurlar, gələcəkdə fədakar zabit olmağı arzuladı.
 
  Daxili Qoşunların Veteranlar Şurası sədrinin müavini T.Aslanov isə öz çıxışında Daxili Qoşunların hərbi hissələrinin keçdiyi şərəfli yola nəzər saldı. Daxili Qoşunların gələcəyi olan zabit kadrlarının hazırlığına dair fikirlərini söyləyən veteran, tədrisdə çalışqanlığın vacib amil olduğunu vurğuladı. O, kursantları təhsil aldıqları Ali Hərbi Məktəbin nüfuzunu hər zaman uca tutmağa çağırdı, etik davranış qaydalarına, hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməyin, özünə qarşı tələbkarlıq keyfiyyətlərinin vacibliyini vurğuladı, silahların və texnikaların sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etdi.
 
  Tədbirdə mən də çıxış etdim. Gələcəyin zabiti olacaq kursantlara hərbi xidmətin mənəvi-psixoloji məqamları, şəxsi heyətlə iş xüsusiyyətləri barədə tövsiyələrimi çatdırdım. Qeyd etdim ki, Ali Hərbi Məktəb vacib bir missiyanı layiqincə yerinə yetirir və qarşıdakı illərdə təqdirəlayiq uğurlarının şahidi olacağımıza inanırıq.
 
  Tədbirdə yekun sözü ilə Ali Hərbi Məktəbin rəisi general-mayor İ.Məmmədov çıxış edərək bu görüşün keçirilməsinə görə veteranlara minnətdarlığını bildirdi. O, veteran sözünə həmişə ehtiyac duyulduğunu nəzərə çatdırdı.
 
  General-mayor İ.Məmmədov Ali Hərbi Məktəbin Daxili İşlər Nazirinin və Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanının diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı. Daxili Qoşunlar üçün peşəkar zabitlərin yetişdirilməsi baxımından Ali Hərbi Məktəbdə müasir tədris bazasının yaradıldığını bildirdi. Onun sözlərinə görə, Daxili Qoşunların gələcək inkişafı milli düşüncəyə sahib, vətənpərvər, dövlətçiliyimizə sədaqətli olan, hərbi peşə keyfiyyətlərinə bacarıqla yiyələnən zabitlərə bağlıdır. Ali Hərbi Məktəb üzərinə düşən bu vacib vəzifənin məsuliyyətini düzgün dərk edərək, fəaliyyətini bu istiqamətdə qurur.
 
  Sonda general-mayor İ.Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə təbrik etdi.
 
  Beləcə, veteranlar Ali Hərbi Məktəbdən nikbin ovqat və xoş təəssüratla ayrıldı.


  Yalçın Abbasov, 
  Daxili Qoşunların Veteranlar Şurasının katibi





Çap et  Çap et