Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daxili Qoşunların Maddi-Texniki Təminat İdarəsinin fəaliyyətinin hüquqi əsası və prinsipləri Azərbaycan Rеspublikasının Konstitusiysı, "Daxili Qoşunların Statusu haqqında" Azərbaycan Rеspublikasının Qanunu, Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının əmr və sərəncamları ilə müəyyən еdilir. Eyni zamanda Qoşunların maddi-texniki təminat xidmətlərinin işi Azərbaycan  Rеspublikası Silahlı  Qüvvələrinin  Nizamnamələri, Azərbaycan Rеspublikası Milli Məclisi və Nazirlər Kabinеtinin Qərarları, Qanunvеricilikdə nəzərdə tutulmuş təchizat məsələləri üzrə müvafiq normativ-hüquqi aktlarının, maddi-texniki təminat üzrə əsasnamələrin, əmrlərin, təlimatların və sərəncamların müddəaları əsasında təşkil olunmuşdur.

Ötən illər ərzində Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhatəli və planlı tədbirlər həyata keçirilmişdir. Qoşunların maddi-texniki bazanın möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində olan ən vacib məsələlərdəndir. Son illər ərzində qoşunların Bakı şəhərində, eləcə də regionlarda yerləşən hərbi hissələrində abadlıq-quruculuq işləri aparılmış, yeni hərbi şəhərciklər, əsgər kazarmaları tikilmiş, zabit və gizirlər üçün hərtərəfli şəraitə malik yaşayış kompleksləri istifadəyə verilmişdir.

Hərbi hissələrdə həyata keçirilmiş və bu gün də davam edən quruculuq işlərinin statistikasına nəzər salsaq, Daxili Qoşunlarda xidmət edən hər bir hərbi qulluqçunun sosial rifahının yüksəldilməsinin şahidi olarıq.

Daxili Qoşunlarda son illərdə müasir standartlara uyğun hərbi şəhərciklər, yaşayış binaları, yeməkxanalar, digər sosial-məişət obyektləri inşa olunmuşdur. Regionlarda yerləşən hərbi hissələrimizdə də abadlıq-quruculuq işləri aparılmış, əsgər kazarmaları, müxtəlif təyinatlı anbarlar tikilmiş, təmir edilmiş, zabitlər və gizirlər üçün geniş, yaraşıqlı, hər bir şəraitə malik yaşayış kompleksləri istifadəyə verilmişdir. Bu gün də müvafiq işlər eyni qaydada davam etdirilməkdədir.

Subay hərbi qulluqçuların yaşayış tərzinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə modul tipli yataqxanalar inşa olunmuşdur. Ailəli zabit və gizir hərbi qulluqçular üçün də bütün zəruri avadanlıqlarla təchiz edilmiş mənzil tipli yataqxanalar istifadəyə verilmişdir.

Son bir ildə zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qoşunlar üzrə ümumilikdə, 4 ədəd 60 mənzilli yaşayış binası və 12 ədəd yataqxana inşa olunmuşdur. Qəbələ rayonunda və Şirvan şəhərində yeni hərbi şəhərciklərin, Bakı şəhərində 12 mərtəbəli xidməti-yaşayış mənzilinin, Naxçıvanda  mənzil tipli yataqxananın, Ali Hərbi Məktəbdə isə 4 mərtəbəli kursant yataqxanasının tikintisi tamamlanmışdır. Mənzillər tələb olunan mebel və zəruri avadanlıqlarla təchiz edilmişdir.
Artıq zabit və gizirlərin 85 faizdən çox hissəsi xidməti mənzillərlə təmin olunmuşdur.

Həmçinin hərbi qulluqçuların məzuniyyətdə olduğu zaman istirahət etməsi üçün Xaçmaz rayonunun Nabran qəsəbəsində istirahət kompleksi yaradılmışdır.

Bununla yanaşı, hərbi hissələrdə döyüş təliminin və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların peşəkarlığının artırılması üçün  müasir standartlara uyğun yeni avtomobillərlə, zirehli texnikalarla, helikopterlərlə, kiçik və iri çaplı atıcı silahlarla təmin olunmuşdur. Döyüş hazırlığının yüksəldilməsi və keçirilən təlimlərin effektivliyinin artırılması məqsədilə təlim şəhərcikləri tikilərək istifadəyə verilmişdir.

Bütün bunlar Daxili Qoşunların günü-gündən inkişaf etməsinin, qüdrətinin artmasının məntiqi sübutu, eyni zamanda, ölkə Prezidentinin qoşunlara verdiyi yüksək qiymət və qayğısının bariz nümunəsidir.

 

 

 
     
       
  




Çap et  Çap et