Martın 15-dən başlayan rəsmi səfər çərçivəsində Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdə Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Çin Xalq Respublikası və Qazaxıstan Respublikasının müvafiq qurumlarının nümayəndə heyətləri də olublar. 

Martın 16-da Belarus Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-mayor Yuriy Karayev adıçəkilən ölkələrin nümayəndə heyətlərini tarixi Ratuşa binasında qəbul edib. Görüşdə general-mayor Y.Karayev ötən illər ərzində qurumlar arasındakı qarşılıqlı səfərlərdən, əlaqələrdən söz açaraq, bunun birgə əməkdaşlığın möhkəmlənməsi işinə təkan verəcəyini vurğulayıb.

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov öz növbəsində qeyd edib ki, son illər beynəlxalq hərbi əməkdaşlıq üzrə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri reallaşdırılıb. Qarşılıqlı səfərlərin, görüşlərin intensiv xarakter aldığını deyən Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, bütün bunlar iki qurum arasında qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirir.

Görüşün sonunda nümayəndə heyətlərinin üzvləri “Belarus Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 100 illiyi” medalı ilə təltif olunublar.

Həmin gün qonaq qismində dəvət olunmuş ölkələrin nümayəndələri Respublika Sarayında təşkil olunmuş yubiley konsertində iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti səfər proqramına uyğun olaraq, martın 17-də Minsk şəhərinin ətrafında yerləşən “Stalin Cəbhəsi” muzey-kompleksi ilə tanış olublar. Burada qonaqlara Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 100 illik tarixinin müxtəlif dövrlərini əks etdirən döyüş səhnələri nümayiş etdirilib. 

Martın 18-də Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanının Belarusa rəsmi səfəri başa çatıb.