Avqustun 14-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində paytaxtın “Sahil bağı”nda məktəblilərin Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsinə yolasalma mərasimi olub.

Mərasim Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin müşayiəti ilə Dövlət Himninin  ifası ilə başlanıb.

Yeniyetmələrin, onların valideynlərinin və bir qrup rayon sakinin iştirak etdiyi mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Respublika Prezidenti cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin Vətənə məhəbbət, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü islahatlardan söz açaraq, bu isiqamətdə görülən işlərin ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirildiyini bildirib. Səbail rayon İcra Hakimiyyəti ilə Daxili Qoşunların hər il təşkil etdiyi bu layihəni dövlətimiz tərəfindən dəstəklənən tədbirlərin tərkib hissəsi kimi qiymətləndirən X.Bayramova  uşaqlara şən və yaddaqalan istirahət arzulayıb. 

Daxili Qoşunların Baş İdarəsinin Şəxsi Heyət üzrə İdarəsində mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov çıxışı zamanı qeyd edib ki, gənc və yeniyetmələrin səmərəli istirahəti, onların vətənpərvər ruhda tərbiyəsinə yönəlmiş bütün layihələr Daxili Qoşunlar komandanlığı tərəfindən dəstəklənir. 

Sonra yeniyetmələr marş sədaları altında valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qubaya yola düşüblər.

 Yola düşməzdən əvvəl “Şahinlər” Fəxri Xiyabanda Milli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidə önünə çiçək dəstələri düzüblər.

Qeyd edək ki, bu il də düşərgədə uşaqların təlim-tərbiyəsilə idman və ibtidai-hərbi hazırlıq müəllimləri ilə yanaşı, Daxili Qoşunların zabit, gizir, çavuş və  əsgərlərindən ibarət qrupu da məşğul olacaq. 

Hərbi təmayüllü istirahət düşərgəsində xüsusi hərbi geyimlə təmin edilən məktəblilər gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəzlə, süd məhsulları ilə təmin olunacaqlar.

Daxili Qoşunların Qubada yerləşən "N" saylı hərbi hissəsi ilə yaxından tanış olacaq məktəblilər üçün istirahət müddətində müxtəlif görüşlər, konsert proqramları, mədəni gəzintilər təşkil ediləcək.