Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb

 Avqustun 12-də Daxili Qoşunların Bakı şəhərinin Binəqədi rayonunda yerləşən hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Tədbirdə Daxili Qoşunlar Komandanının müavini – Maddi-Texniki Təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər. 

Mərasim Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin müşayiəti ilə Dövlət himni ifa edilib.

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər. 

Sonra hərbi hissə komandiri polkovnik Məzahir Ağayev çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına  sadiq olacaqlarına and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

General-mayor F.Səmədov çıxış edərək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrikini çatdırıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına, hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.
 
Daha sonra o, hərbi andı qəbul edən əsgərləri səmimi qəlbdən təbrik edərək, onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, hər bir hərbi qulluqçu Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır. Vətənpərvərlik isə, ilk növbədə torpağına bağlılıq, tarixinə və milli-mənəvi dəyərlərə hörmət deməkdir. 

Mərasim şəxsi heyətin sıra meydanından təntənəli keçidi ilə başa çatıb. 

Qeyd edək ki, yeni xidmətə qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi qoşunların Bakı qarnizonunda yerləşən daha iki hərbi hissəsində də təntənəli surətdə keçirilib.