İyulun 26-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında fəaliyyətini başa vuran Hərbi Attaşesi polkovnik Səid İmran Əlini və həmin vəzifəyə yeni təyin olunmuş polkovnik Nadem Yaqub Çodrini qəbul edib. 

Qonaqları salamlayan general-leytenant Ş.Məmmədov Pakistan İslam Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdıraraq, hər iki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili Qoşunların Komandanı, bu istiqamətdə mühüm irəliləyiş və perspektivlərin olacağına ümid etdiyini bildirib. 

İkitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayan polkovnik S.İ.Əli səmimi qəbula görə təşəkkürünü ifadə edib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, Azərbaycan ilə Pakistan arasında hərbi sahədə daima inkişaf edən əlaqələr hər iki tərəf üçün faydalıdır.

Polkovnik N.Y.Çodrinə məsul və şərəfli vəzifəsində uğurlar arzulayan general-leytenant Ş.Məmmədov Pakistan Hərbi Attaşeliyi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son illərdə yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib. Qonaq öz növbəsində Daxili Qoşunlar ilə Pakistan İslam Respublikasının müvafiq qurumu arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini vurğulayıb.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.