Bu gün İslam dünyasının idman nəbzi Bakıda döyünür. IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılışı və yarışların yüksək təşkilatçılıqla keçirilməsi Azərbaycanın böyük uğuru kimi xarakterizə olunur. Təqdirəlayiq haldır ki, Azərbaycan idmançıları İslamiada başlayandan idmanın bütün növləri üzrə yüksək nəticələr nümayiş etdirirlər. Onların arasında ölkəmizin idman şərəfini layiqincə qoruyan Daxili Qoşunların hərbi qulluqçuları da var.

 İslamiadada  ölkəmizin yığma komandasına ilk qızıl medalı hərbi qulluqçusu gizir Ruslan Lunev qazandırıb. O, 25 metr məsafədəki hədəfə tapança ilə atəşaçma yarışında yüksək məharət göstərərək fəxri kürsünün zirvəsini fəth edib. Gizir R.Lunev növbəti dəfə 25 metr məsafədəki hədəfə sürətli atəşaçmada da birinciliyi əldən verməyib. Beləliklə, o, iki qızıl medala sahiblənib.

Digər hərbi qulluqçumuz əsgər Ayxan Mamayev isə karate idman növü üzrə rəqiblərini məğlub edərək İslamiadanın qızıl medalını qazanıb. 
 

 Daha bir hərbi qulluqçumuz əsgər Teymur Məmmədov boksçuların yarışında inamla irəliləyir. O, əldə etdiyi uğurlu nəticələrə uyğun olaraq 1/4 finala çıxıb. Hərbi qulluqçumuzun növbəti qarşılaşması mayın 17-də olacaq. 

IV İslam Həmrəyliyi Oyunlarında üçrəngli bayrağımızı zirvəyə qaldıran hərbi qulluqçularımızla fəxr edirik.