Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı hərbi andiçmə münasibətilə şəxsi heyəti təbrik edib
 
 Mayın 13-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov iştirak edib.

Qoşunların Veteranlar Şurasının üzvlərinin və əsgər valideynlərinin də qatıldığı mərasimdə əvvəlcə Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevin və  respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Nümunəvi-göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub. 

Hərbi hissə komandiri polkovnik Salamat Cəfərov çıxış edərək, əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb. 

Sonra əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına söz veriblər. 

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı hərbi andı qəbul edən əsgərləri əlamətdar gün münasibətilə təbrik edərək, tövsiyələrini çatdırıb.   O qeyd edib ki, əsgərlər bundan sonra daha intizamlı və cəsur, Vətənin müdafiəsinə hazır olmalı, Azərbaycan əsgərinə xas olan bütün keyfiyyətləri özlərində formalaşdırmalıdırlar. 

Bu gün Daxili Qoşunlarda hər bir əsgərin normal xidməti üçün hərtərəfli şəraitin yaradıldığını deyən general-leytenant Ş.Məmmədov bildirib ki, hərbi qulluqçularımızın sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə atılan bütün addımlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna olan diqqətin tərkib hissəsidir. Odur ki, hər birimiz Vətənin etibarlı müdafiəsi, dövlət və dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın firavanlığı, bunun üçün ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi naminə cənab Ali Baş Komandanın qarşımıza qoyduğu tapşırıqları vicdanla yerinə yetirməli, xidmətin düzgün, keyfiyyətli təşkili və aparılması üçün əlimizdən gələni əsirgəməməliyik.

O, sıralarımıza daxil olan hər bir gəncin Vətənə sədaqətlə xidmət edəcəyinə, xidməti-döyüş tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsində öz fədakar xidmətini əsirgəməyəcəyini, Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacağına, dövlətçiliyimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişaf və tərəqqisi naminə uğurlar əldə edəcəyinə əminliklə ifadə edib.

Mərasimdə çıxış edən qonaqlar da əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər. Onlar Daxili Qoşunlarda şəxsi heyət, o cümlədən əsgərlər üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına və Daxili İşlər Nazirliyi rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
 
Hərbi andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.