Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 25 il ötür. Bu əlamətdar hadisə münasibətilə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
 
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” önünə əklil qoyulub. Torpaqlarımızın azadlığı uğrunda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
 
Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili  işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.
 
Əvvəlcə salona Daxili Qoşunların Döyüş Bayrağı gətirilib. Ulu öndər  Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
 
Daxili işlər nazirinin müavini - Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. O, deyib ki, ulu öndər Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 1992-ci ildə Daxili Qoşunların şəxsi heyətinin Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün – 12 mart “Daxili Qoşunlar Günü” kimi müəyyən olunub. Ötən illər ərzində Daxili Qoşunlar  ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfəri yaralanıb, 268 nəfəri isə itkin düşüb. Hərbi qulluqçulardan 9 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təsadüfi deyil ki, Vətən naminə hər bir xidməti dəyərləndirən ümummilli lider Heydər Əliyev Daxili Qoşunların fədakarlığını daim yüksək qiymətləndirib.
 
Məruzəçi qeyd edib ki, atəşkəs dövründə Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, hərbi hissələrdə məişət və yaşayış şəraitinin yaxşılaşdırılması əsas vəzifələrdən biri olub.
 
Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Daxili Qoşunların hərbi qulluqçuları polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Respublikada ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət hər zaman yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib.
 
Ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları - Birinci Avropa Oyunları və “Formula-1 Avropa Qran Pri”si zamanı ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində şəxsi heyət fəal iştirak edib, müəyyən olunmuş tapşırıqların öhdəsindən layiqincə gəlib. Bu il keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında da Daxili Qoşunların qarşısında mühüm tapşırıqlar qoyulub və şübhə yoxdur ki, şəxsi heyət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
 
Yubiley mərasimində çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin peşə bayramı münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Nazir “Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” - deyən ümummilli lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla xatırladıb. Qeyd edilib ki, son illər Qoşunlarda hərbi intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər mənəvi-psixoloji durumu daha da yaxşılaşdırıb, tabelik münasibətlərini əhəmiyyətli dərəcədə möhkəmləndirib, hüquqazidd əməllərin və kobud intizam pozuntularının sayı minimuma enib, qrup halında nizamnamədənkənar münasibət faktları isə ümumiyyətlə qeydə alınmayıb.
 
Cənab Ramil Usubov vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Nazir deyib ki, ulu öndərin ordu quruculuğu sahəsində də siyasətini uğurla davam etdirən möhtərəm dövlət başçımızın Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. 2011-ci ildə Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə Orta İxtisas Hərbi Məktəbin bazasında Ali Hərbi Məktəb yaradılıb.
 
O da nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir R.Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
 
Daxili işlər naziri Qoşunların özünün ən müqəddəs missiyasını Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında gördüyünü və bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara tam hazır olduğunu, bu missiyanın uğurla həyata keçirilməsi üçün şəxsi heyətin Silahlı Qüvvələrlə birgə hərbi təlimlərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. Xüsusilə qeyd edilib ki, yaranmasından cəmi 25 il keçməsinə baxmayaraq, bu gün Daxili Qoşunlar hazırlıq səviyyəsinə görə aparıcı Avropa dövlətlərinin müvafiq qurumlarından heç də geri qalmır və dünyada tanınmış hərbi ekspertlər də bunu etiraf edirlər.
 
Çıxışının sonunda general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkə başçısını  əmin edib ki, “Vətənin əsgəri” adını daim uca tutan hərbi qulluqçular bundan sonra da müstəqilliyin və daxili təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcək, döyüş hazırlıqlarını daim artıracaqlar.
 
Daxili Qoşunların yaranmasının 25-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı, həmçinin daxili işlər nazirinin və nazir müavini - Daxili Qoşunlar Komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni  rütbələrin paqonları təqdim edilib.
 
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.
 
 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı