İctimaiyyətlə sıx əlaqədə olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ölkədə keçirilən bir çox xeyriyyə tədbirlərində yaxından iştirak edir. Qoşunların bir sıra rayon icra hakimiyyəti orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə müxtəlif layihələrdəki fəaliyyəti  ictimaiyyət tərəfindən də təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəxsi heyətin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Talassemiyasız həyat naminə” layihədəki iştirakı da bu qəbildəndir.

Bu layihə çərçivəsində Azərbaycan Talassemiya Federasiyası ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olaraq, talassemiya pasiyentlərinin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərir.

Artıq neçə ildir ki, Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu talassemiya xəstəliyindən əziyyət çəkənləri xilas etmək naminə qanvermə aksiyasında iştirak edirlər. Aksiya müəyyən edilmiş qaydaya əsasən hər il bir hərbi hissədə keçirilir. 

 
Növbəti dəfə qanvermə aksiyası fevralın 28-də Qoşunların Ali Hərbi Məktəbində baş tutub. Hərbi qulluqçularla yanaşı, Ali Hərbi Məktəbdə təhsil alan kursantlar da bu aksiyaya qoşulub. Bir vətəndaş kimi talessemiya xəstələrinə yardım etmələrini mənəvi borc hesab edən hərbi qulluqçularımız “Talassemiyasız həyat naminə” layihəsinin nə qədər vacib olduğunu anlayır və bu istiqamətdə lazımi miqdarda qan vermələrini fəxarətlə qarşılayırlar.
 
Unutmaq lazım deyil ki, qanverməyə bir saat ayrılan vaxt, bir həyata bərabərdir.