20 Yanvar - Ümumxalq Hüzn Günündə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların şəxsi heyəti Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi böyük ehtiramla yad edib, onların məzarları üzərinə qərənfillər düzüblər.
 
Bakı vaxtı ilə saat 12:00-da Daxili Qoşunların Baş İdarəsində, Ali Hərbi Məktəbdə və hərbi hissələrdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
  Ümumxalq Hüzn Günü ilə əlaqədar Daxili Qoşunların Ali Hərbi Məktəbində anım tədbiri keçirilib. Kursantlar tərəfindən ədəbi-bədii kompozisiya səhnələşdirilib, videosüjet nümayiş etdirilib, faciə qurbanları barədə geniş məlumat verilib.
 
  Qeyd olunub ki, 20 yanvar faciəsindən 27 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmişdir. O vaxt dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordu hissələrinin  Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilmişdir. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.
 
  Ümumxalq matəm günündə çağdaş milli azadlıq mübarizəsinin qurbanları, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik.