Oktyabrın 4-də Belarus Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanının 1-ci müavini - Qərargah rəisi polkovnik Matkin Oleq Vladimiroviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.
 
  Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüblər.
 
 

 

  Həmin gün Daxili Qoşunların Baş İdarəsində polkovnik Oleq Matkini Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov qəbul edib.
 
 Görüş zamanı general-leytenant Ş.Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında genişlənməkdə olan əlaqələrin iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfələr verdiyini qeyd edib.
 
  Polkovnik Oleq Matkin səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, ölkəmizə rəsmi səfərindən məmnunluq duyduğunu, iki qurum arasındakı mövcud olan münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
 
 
  Səmimi şəraitdə baş tutan görüşdə qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
 
  Sonra Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə geniş məzmunlu brifinq verilib.
 
  Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilib.
 
 Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə də maraqlanıblar. Belarus Respublikasının Daxili Qoşunlarının zabitləri həmçinin «N» saylı hərbi hissə ilə də tanış olublar.
 
  Qeyd edək ki, səfər çərçivəsində qonaqların paytaxtımızda mədəni gəzintisi təşkil edilib.