Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının (GİDS) Baş Direktoru, istefada olan general-mayor Tariq Cavaidin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Daxili Qoşunların Komandanı, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edərək, iki dövlət arasında mövcud dostluq və yaxın əməkdaşlıq münasibətləri haqqında danışıb. O, Pakistanın hərbi və hüquq-mühafizə qüvvələri ilə müvafiq sahədə qarşılıqlı əlaqələrin qurulmasına böyük marağın olduğunu bildirib.

  General-leytenant Ş.Məmmədov Pakistan İslam Respublikasının GİDS Təşkilatının rəhbərliyi ilə bugünədək keçirilmiş görüşlərdən bəhs edərək, əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu qeyd edib. O, Pakistan İslam Respublikasının müvafiq qurumları arasında səmərəli əlaqələrin qurulmasının iki dost ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf etməsinə böyük töhfələr verdiyini sözlərinə əlavə edib.

  GİDS-in Baş Direktoru, istefada olan general-mayor Tariq Cavaid səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirərək, Azərbaycan Respublikasına etdiyi səfərdən məmnun qaldığını ifadə edib. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək,  dünyanın bir çox ölkələrinin müvafiq qurumları ilə qurulan əlaqələrindən söz açıb. Cənab Tariq Cavaid GİDS ilə Azərbaycan Respublikasının müxtəlif qurumları arasında son illərdə əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etməsini qeyd edərək, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə də müxtəlif istiqamətlərdə müzakirələrin aparılmasına hər zaman hazır olduğunu vurğulayıb.

  Görüşün sonunda Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov qonaqla xatirə şəkili çəkdirib.