«Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının  Qanununun 13-cü maddəsinə əsasən,  hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil ola və qəbul edilə bilərlər. Belə ki, əsgərlərin və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə - qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, habelə 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər istisna olmaqla), həmçinin 19 yaşından 40 yaşınadək qadınlar müqavilə əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.

Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə görə müraciət edənlərin "Hərbi vəzifə və hərbi xidmət haqqında" AR Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbulunu Daxili Qoşunların Baş İdarəsində kadrlar şöbəsi həyata keçirir. Qanununun 36-cı maddəsinə əsasən, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular olmalıdırlar.

Daxili Qoşunlarda  xidmətə qəbul olunmuş hərbi qulluqçulara bütün təminat növləri ilə təmin edilərək, lazımi köməklik göstərilir. Onlar eləcə də xidməti mənzillərlə təmin edilirlər.
 
 
Hərbi qulluqçularımız xidmətdə sayıqlıq nümayiş etdirib

99713 saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abıyev Tural Ədalət oğlu fevralın 13-də təxminən saat 1850 radələrində I Avropa Oyunlarının keçiriləcəyi ərazidə yerləşən «Atletlər kəndi»ndə postda xidmət apararkən, həmin ərazidən keçən 3 nəfər mülki vətəndaşı qanun pozuntusuna yol verdiklərinə görə saxlayıb. Daxili Qoşunların hərbi qulluqçusu onların məsuliyyətə cəlb olunmaları üçün sayıqlıq göstərib, müvafiq qanun pozuntusunun qarşısını alaraq, şəxsi nizam-intizam nümayiş etdirib. 
 
Göstərilənlərlə yanaşı, 99713 saylı hərbi hissənin hərbi qulluqçuları vəzifə borclarının icrasına vicdanla yanaşaraq, xidmət apardıqları ərazidə ictimai-asayişin qorunub-saxlanılması istiqamətində daha bir qanun pozuntusunun qarşısını alıblar. Belə ki, fevralın 20-də təxminən saat 0315 radələrində «Atletlər kəndi»ndə müvafiq postlarda xidmət aparan müddətdən artıq xidmət edən hərbi qulluqçulardan əsgər Həsənov Elvin Sahəddin oğlu və çavuş Mitubullayev Təbriz Ağa oğlu sayıqlıq göstərərək, 1 nəfər mülki şəxsi saxlayıb və onu təqib edən yol-patrul xidmətinin əməkdaşlarına təhvil veriblər.  
 
Fəxrlə deyə bilərik ki, hərbi qulluqçularımız Daxili Qoşunların ənənələrinə sadiq qalaraq bu gün də xidmətdə sayıqlıq nümayiş etdirir və ictimai asayişin qorunub-saxlanılması istiqamətində fədakarlıq göstərirlər. 99713 saylı hərbi hissənin şəxsi heyətinə şərəfli xidmətlərində uğurlar arzulayırıq.
 
Gizir Rəşad Ağaquliyev 1985-ci il sentyabrın 6-da Bakı şəhərində dünyaya göz açıb. Orta məktəbi 2003-cü ildə bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinin “Riyaziyyat-informatika” fakültəsinə qəbul olub. 2007-ci ildə universiteti uğurla başa vuran Rəşad elə həmin ildə də əsgəri xidmətinə Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində başlayıb. Elmə, biliyə dərin marağı olduğu üçün 2008-ci ildə Türkiyənin Əskişəhər Osman-Qazi Universitetinə qəbul olunub.
 
Savadı, dünyagörüşü və Vətənə olan bağlılığı onu həqiqi hərbi xidmətə cəlb edir. Beləliklə, o, 2013-cü ildə Daxili Qoşunların 99713 saylı hərbi hissəsində xidmətə başlayıb. İlk günlərdən nümunəvi davranışı, xidmətə davamiyyəti ilə digərlərindən fərqlənən hərbçimiz verilən bütün tapşırıqları böyük həvəslə yerinə yetirərək yoldaşlarına örnək olur. Hazırda o, xüsusi vasitələrin tətbiqi yarımqrupunun komandiri vəzifəsindədir. Döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlayan komandir, hərbi qulluqçunun hər zaman ayıq-sayıq, rəhbərlik tərəfindən verilən hər bir tapşırığın qeyd-şərtsiz, çevik şəkildə yerinə yetirmək qabiliyyətində olmasını diqqətə çatdırdı. Əlavə etdi ki, əsl hərbçi qətiyyətli, dönməz və iradəli olmalıdır: “Hərbçilik peşəsi əzmkarlıq, cəsarət tələb edir. Vətənə sədaqət, xalqa xidmət insanın öz daxilindən gəlməlidir və bu yolda lazım gələrsə, canımızı da fəda etməyə hazır olmalıyıq”.
 
Şəxsi heyətlə işləməyin xüsusiyyətlərindən danışan yarımqrup komandiri hər bir hərbçiyə fərdi yanaşdığını, müntəzəm olaraq mənəvi-psixoloji durumlarının yaxşı olması üçün onlara öz məsləhətlərini verdiyini dedi.
 
Hərbi hissədə keçirilən bütün təlim və məşğələlər ciddi diqqət mərkəzində saxlanılmaqdadır, xüsusilə də atəş hazırlığı məşğələləri. Ürəyi Vətən eşqilə döyünən gizir R.Ağaquliyev hesab edir ki, torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olduğu bir vaxtda şəxsi heyətin fərdi silahların taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsəməsi son dərəcə vacibdir. Necə deyərlər, bu gün silahla davranmağı bilməyən hərbi qulluqçu sabah Vətənin müdafiəsinə qalxa bilməz.